вторник, 10 июля 2012 г.

Viva və Vidadi

Nə vaxtsa Azərbaycanın da Ken Saro-Vivası olacağını güman etməzdim. Bu Nigeriyalı hüquq müdafiəçisi bütün dövrlər üçün ədalət meyarı, həqiqi vətənpərvər olaraq qalacaq. 1995-ci ildə Nigeriyanın timsahı Sanni Abaça onu edama göndərir. Sonradan qaniçən diktatorun viaqrasının dozası çox düşüb ölür. Buna qədər Ken Viva ölkəsində tanınmış həkim, yazıçı, dünyada isə bir çox mükafatlara layiq görülən hüquq müdafiəçisi idi. O, mənsub olduğu oqoni xalqının yaşadığı torpaqlardan köçürülməsinə etiraz edirdi, buradakı neft çıxaran “Şell” kompaniyasının ekologiyanı məhv etməsinə qarşı çıxırdı. Və bu mübarizə onu 54 yaşında dar ağacına apardı.





Gələk Göyçaya.
Hüquq müdafiəçisi Vidadi İsgəndərov öz doğma Göyçayında meyit alveri edən müstəntiq Aftandil Babayevi, rayonun polis rəisi Vüqar Məmmədyarovu sözünə əsl mənasında bölgədən qovdu. Yəni, ana yurdumda kənardan gələn heç bir alverçi məmur binamusluq edə bilməz. Az sonra rayonun icra başçısı Mənsur Məmmədovla (Ziya Məmmədovun xalası oğlu) “yüzillik müharibə” başladı. Bu dövrlərdə hüquq müdafiəçisinin Xaçmazda döyülən sürücünün həbsdən buraxılması, “GEN-MMC” işi və Elvin Əsgərov qətlinin açılmasında əvəzsiz xidmətləri olub. Vidadi müəllim çox şey istəyirdi - ədalət, qanun, korrupsiyasız cəmiyyət. Və bütün bunları indiki hakimiyyətdən tələb etmək krişnaya ət yeməyi təklif etməyə oxşayırdı. O isə mübarizə aparırdı.
Qayıdaq Nigeriyaya.
Ken Viva neft maqnatlarına qarşı mübarizəyə qalxmışdı. Halbuki nüfuzu, təhsili hesabına ölkədə ağa kimi yaşaya bilərdi. O isə ekologiya və insan haqlarından danışırdı. Yırtıcı Abaça onu məhv etmək üçün qanlı hadisələr törədir. Mitinqdə qarışıqlıq təşkil edib 4 nəfəri güllələtdirir. Öldürülənlər hüquq müdafiəçisinin tərəfdarları idi. Ardınca 1 illik məhbus həyatı, məhkəmə tolk-şousu. Məhkəmədə ifadə verən şahidlər isə rüşvət aldıqlarını etiraf edirlər. Diplomatik korpus nümayəndələri məhkəmədə iştirakdan imtina edir, yalançı şahidlər məhkəmə binasında döyülür. Sonda 5 nəfərə ölüm hökmü çıxarılır.
K.Viva həbsdən göndərdiyi məktubda yazır: “Bu məhkəmə tragikomediyasını quranlar və idarə edənlər qələmin və sözün gücündən, sosial ədalət və insan haqlarının qorunması tələblərindən qorxurlar. Onların tarix hissi yoxdur. Onlar sözün gücündən o qədər çox qorxurlar ki, oxumurlar. İllərlə yazıçılıqdan sonra mən oqoni xalqını “Şell”in ətraf mühiti məhv etməsinə, hərbi diktaturanın alçaldıcı və qeyri-insani idarəçiliyinə qarşı mübarizəyə ruhlandıranda bilirdim - bunlar nə ilə qurtaracaq. Və bu bilik mənə güc, cəlladlar qarşısında üstünlük verirdi”.







İndi də Göyçay.
İsgəndərovun 2010-cu il parlament seçkiləri ərəfəsində debatdakı çıxışı bomba kimi partladı. Ertəsi gün hamı ondan danışırdı. Seçki günü səsvermə məntəqələrində müşahidələr aparır, saxtakarlıq faktlarını aşkarlayır. Məntəqələrin birindən seçki bülletenlərini götürməklə haqsızlığa etiraz edir, sonra video lentlərdə həmin görüntüləri əks olunur. Nəticə; məntəqə sədrinə deyil, İsgəndərova cinayət işi açılır. Həbs edə bilmirlər və fürsət axtarırlar. “Ərəb rüzgarından” ruhlanmış müxalifətin tədbirlərində alovlu çıxışlarla yadda qalır, aksiyalarda səmimi olaraq iştirak edir. Həbs olunur. İsgəndərov həbsdən “Azadlıq” qəzetinə yolladığı məktubda yazır: “Hakimiyyət məni zindana atmaqla xalqı qorxutmaq istəyir. Azərbaycan xalqının xoşbəxtliyini istəyirəm.
Sizin hamınıza, doğma Göyçayıma salamlar çatdırıram. Əvvəla qeyd edim ki, nəinki yaxşıyam, hətta əlayam. Qüdrətli, canlı, saf və güclü çinarların altında böyümüşəm. 10-15 dələduz milyonçu elə bilir ki, çinara bənzər Vidadini sındırmaq olar. Qoy, məni həbs etdirən milyonlara sahib məmurlar düşünməsinlər ki, məni zindanla qorxutmaq olar. Mən zindanda rahat yatıram. Çünki Azərbaycan xalqının xoşbəxtliyinə varlığım qədər inanıram. Ancaq onlar villalarında rahat yatmırlar, çünki gələcəklərinə inanmırlar. Ömürlük həbsdən belə, qorxmuram. Əqidə qeyrət deməkdir, onu satmaq olmaz. Hamınızı öpürəm, möhkəm olun”. (Bakı İstintaq Təcridxanası. 21 may. 2011).
Qayıdaq Nigeriyaya.
Murdar Abaçanın edam qərarı icra edilir. Nigeriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edilir. “Şell” kompaniyası hüquq müdafiəçisinin ailəsinə 15,5 milyon dollar kompensasiya ödəməli olur. Ken Saronun dediyi kimi, onların tarix hissi yoxdur. Ancaq Viva da, Vidadi İsgəndərov da neft və totalitarizm səltənətlərində hüquq müdafiəçisi necə olmalıdır sualına cavabdırlar.

Комментариев нет:

Отправить комментарий