вторник, 10 июля 2012 г.

Fainanın son sirri

Qucağında körpəsi olan bu məsum baxışlı qadını görürsünüzmü? Bu fotoda o çox xöşbəxt görünür. Onu balası ilə parlaq gələcək gözlədiyini düşünür. Düşünür və yanılır. Özü məzara, balası isə kimsəsizliyə gedir. Övladını böyütmək üçün iş axtarır, amma ona iş tapılmır. İşsizliyə etiraz edir, həbsə düşür, ölüm aclığına başlayır və ölür. Necə də adi səslənir bu cümlələr.



Bizim dövrümüzdə işsizlikdən, aclıqdan ölmək adi hala çevrilib. Halbuki, bu qətldir. Cəllad da, qurbanlıq da bəllidir. Faina Kunqurovanın tükürpədici ölüm hekayəti hələ də açılmamış qalır. Heç kimsə də onunla maraqlanmadı. Onun həbsxanada ölümü quru bəyanatlar və rəsmi açıqlamalardan qırağa çıxmadı. Həbsdə olduğu dövrdə balasını kim böyütdü (Qeyd edim ki, həyat yoldaşından ayrılmışdı-E.S), indi onun qayğısına kim qalır?
Bu suallara cavab tapmaq, Fainanın anası və bacısını 1 həftə davam edən axtarış cəhdlərim puça çıxdı. Hətta vaxtilə üzvü olduğu Demokrat Partiyasında (ADP) da Faina haqda çox az məlumatlıdırlar. Fainanı Avropa Şurası siyasi məhbus kimi tanıyanda onlara məktub göndərmişdi: “AŞPA-nın Azərbaycan hökumətini ittiham etməsini gərəksiz sayıram. AŞPA Amerikanın marionetkasıdır. Gedin Buşu mühakimə edin”.






Faina Kunqurovadan sonra hansı siyas məhbus bir də bu sözü dilinə gətirəcək? Məncə, daha heç kim. Kim idi bu qadın və niyə həbsxanada müəmmalı şəkildə öldü? Təkrar edirəm ki, Məmməd Süleymanov və Qan Turalıdan başqa kimsə onun haqda yazmadı. 18 noyabr 2007-ci il Fainanın ölüm aclığının son akkordlarının tarixidir. Hətta onun ölüm tarixini də gizlətməyə çalışdılar. Noyabrın 18-də vəfat etsə də, ölüm xəbəri 10 gün sonra açıqlandı. F.Kunqurovanı Türkiyədə həbsdə öldürülən Gülər Zerənə bənzədirəm. Bir millət, iki dövlətdə iki mübariz qadının oxşar faciələri...
Bizim “Gülər” İlham Əliyevin korteji yaxınlığından keçərkən həbs olunur. Deyilənə görə, cibindən ADP-nin partiya bileti və Rəsul Quliyevin şəkli çıxır. Həmin Rəsul Quliyev ki, həbsdə olduğu müddətdə Fainaya və ailəsinə bir qəpik də kömək etmədi. ADP-nin mitinq komitəsinin üzvləri 1-2 manatdan yığıb ailəsinə göndərirdilər. Kunqurova narkotiklərin qanunsuz dövriyyəsi ittihamıyla saxlanılır. Müxalifətçinin narkoman, nəşəxor elan olunması da normaya çevrilib.
Hələ 2004-cü ildə Avropa Şurasının tələbi ilə əfv olunmuşdu. Çox çəkmədi yenə həbs etdilər və bu dəfə ölüm xəbəri gəldi. Həbsxanada qida və dərmandan imtina etdiyi deyildi.





Onu tanıyan partiya yoldaşlarından biri, ADP sədri Sərdar Cəlaloğlunun müavini Həsrət Rüstəmovun dediklərindən: “Çox fəal və dəlisov qadın idi. Bir neçə il ADP-nin üzvü olub. Həbsdən çıxandan sonra partiya ilə əlaqə saxlamadı. Ailəsi ilə əlaqəmiz heyf ki, yoxdur. Anasını şəhərdə hərdən görürəm. Sonuncu dəfə Faina ilə Böyük Britaniyanın ölkəmizdəki səfirliyi yanında söhbət etmişdik. Rabitəsiz danışırdı, çox qəribə davranışlar edirdi. Özüm həkiməm deyə psixoloji durumundakı qəribəliyi hiss etdim. Onu fəaliyyətinin sonu da, ölümü də müəmmalı idi. Siyasi bilikləri olan savadlı biri idi. Məncə, həbsdə baxımsızlıqdan öldü”.
İşgəncə Əleyhinə Komitənin sədri Elçib Behbudov: “Böyükşorda yerləşən müalicə müəssisəsində Kunqurova ilə eyni kamerada saxlanan şəxslərlə söhbət etmişdim. Məhkəmə tibb-ekspertizasının rəyinə görə, Faina Kunqurova kəskin ürək çatışmazlığından vəfat edib. Rəsmi versiyaya şübhə edirəm. Məhbus yoldaşları deyirdi ki, Faina idmançı qadın idi. Çox sağlam idi. Əgər o, tutulmasaydı ölməzdi”.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus: “Kunqurova fiziki cəhətdən sağlam biri idi. Həbs edilməzdən bir neçə gün öncə mənə müraciət etdi, xarici ölkələrdən birinə mühacirət etmək fikrində olduğunu bildirdi. Deyirdi ki, mən heç yerdə özümə iş tapa bilmirəm. Qızımı saxlaya bilmirəm. Ona görə də xarici ölkələrdən birinə getmək, sığınacaq almaq istəyirəm”. Vəssəlam. İnanıb, güvəndiyi Rəsul Quliyev mühacirətə qaçdı. O isə gedə bilmədi. Əksinə, yolunu həbsxanadan saldı və ordan da son mənzilə yollandı.

Комментариев нет:

Отправить комментарий