суббота, 30 июня 2012 г.

Dəniz (65 yaş)

Turgenev yazırdı ki, mən bir xarakterlə maraqlananda o ağlıma hakim kəsilir. Gecə-gündüz məni təqib edir və ondan üzülüşənə qədər rahatlıq vermir. Mütaliə etdiyim zaman oxuduğum kitablar barədə öz fikrini pıçıldayır, gəzməyə getdiyim zaman görüb-eşitdiklərim haqda öz mühakiməsini söyləyir. Nəhayət təslim olmağım gəlir - oturub onun bioqrafiyasını yazıram.
( O bir Deniz)

Məni bu günədək bir neçə personaj dəlicəsinə özünə çəkməyi bacarıb. Biri də Dəniz Gezmişdir. 25-dən yuxarı yaşda təsəvvür edə bilmədiyim türk devrimçisi çoxdandır ki, beynimi məşğul edirdi. Nəhayət təslim anı yetişdi və oturub yazmağa başladım. Əslində yazılacaq çox söz var, bir çoxusa yazılıb - danışılıb. Mənə Dənizin və dostlarının məzarını ziyarət də nəsib olub, onu uzaqdan-yaxından tanıyanlarla barəsində danışmaq da. Türkiyədə ona yazılmış çoxsaylı dolğun kitablardan birini də oxumuşam. Gənclərin əfsanəvi və romantik qəhrəmanı olduğunu da, qızların “Bi sevgilim olsa o da Deniz olsun” dediyini də, ülkücülərin onu “rus cocuğu” adlandırdığını da bilirəm.


Onu da bilirəm ki, hardasa sülh tərəfkeşi olan və o dövrü yaşayıb sağ qalmışların “Denizin silahlı mücadilə verməsi doğru deyildi, biz ona demişdik. Türkiyədə gerilya başarılı ola bilməz”- söyləyib sonra “40 il çox yaşadıq da nə faydası oldu” deyib peşman olanlar da var.  
Bəlkə də bütün bu eşidib-bildiklərim yetərli olmalıydı. Amma olmadı. Sağ qalsaydı Dəniz qoca, babam yaşında (65 ) olacaqdı. Mənsə onu qısa və mənalı həyatından, şəkillərindəki uca boylu, dik qamətli görünüşündən həmişə 25 yaşında xatırlayacam. Yəqin gəncliyimin çılğın dövrünü yaşayıram və mənə Dəniz yalnız indi lazımdır. 10-15 il sonra Dəniz lazım olmayacaq, mən gedəcəm, Dənizsə olduğu yüksəklikdə qalacaq. Bu yazını da Turgenevsayağı təslimiyyətdən ötrü qələmə aldım. Ona görə yazını oxumaq istəyənlərə yox, özümə yazmışam.

(Vekil.Edami gozleriyle gordu)

...Dövrümüz üçün xarakterik deyil: Təminatlı ailənin oğlu olasan, ölkənin nüfuzlu universitetlərindən birində təhsil alasan. Fəqət tələbə hərəkatlarına liderlik edəsən, qısa ömrünün bir hissəsini həbsdə, mitinq meydanlarında keçirəsən, rəhbəri olduğun təşkilat ABŞ səfirinin maşınını yandıra, İsrail konsulunu öldürə, rektorun üstünə qışqırıb istefasını tələb edəsən. Və vüqarla dar ağacına gedib: “Türkiyənin azadlığı uğrunda canımı fəda etməkdən qürur duyuram” deyəsən. Heyrət. Müdhiş.

(Denizin atasi.Vefat edib)

...Dənizin bir də Taylar Özgür adlı soldaşı vardı. Təbii o zaman yüzlərlə fədakar gəncin boynu vuruldu, işgəncə və qətl edildi. Taylan isə “68 hərəkatı”nda ilk öldürülən tələbə idi. 4 il sonra Dənizin edam kürsüsündə son vəsiyyəti dostu Taylanın yanında dəfn olunmaq olacaqdı. Vəsiyyət yerinə yetirilmədi.  Dənizi onunla birlikdə asılan Yusuf və Hüseynlə Karşıyaka məzarlığında dəfn etdilər. Taylan isə Əsri qəbiristanlığına tapşırılmışdı.

(Huriyyetin manseti)

Taylan İstanbula konqresə gedəndə silahdaşı Sinan Cemgilin xanımı hamilə idi və vəsiyyət edir: “Gedirəm, dönməmək də var. Əgər dönməsəm oğlan ya qız fərq etməz adını Taylan qoyun”. Belə də olur. Uşağın adını Taylan verirlər. O zaman Taylanın həbsdə bacısı da dünyaya gətirdiyi övladına qardaşının adını qoyur. Və Türkiyədə onun qətlindən sonra doğulan uşaqların çoxuna Taylan adını qoymaq dəbə minir. Sonra 1972-ci il mayın 6-da gecə sat 1-3 arası “Üç fidan”a qəsb edilməsi xəbəri səhər Türkiyəni sarsıdacaqdı. Analar Taylan adını Dənizlə əvəzləyəcəkdilər. Dənizdən çox fikirlər və faktologiya yaza bilərəm.
(Denizin mezari onundeye.Ankara.Karsiyaka)

Lakin onun edamına saatlar qalmış hissləri, psixoloji durumu və son sözü daha cəlbedicidir. Oxuduqca Sartrın “Divarı”nda üç müxtəlif yaşda inqilabçının hissləri yada düşür. Amma bir fərqli janrda.
Dənizin həbsdəki otağı dar ağacının qurulduğu yerə baxırdı. Pəncərəyə dönür və əl-ayağı zəncirli devrimçi üzünü o yerə çevirir. Sonra siqaret istəyir və son istəyi yerinə yetirilir. Az sonra vəkili gəlir və Dəniz onu görcək gülümsəyir. “Necəsiniz” soruşanda “Çox xoşbəxt və rahatam” deyir edamını qarşılayan adam.
(Üç fidan)


Atasına yazdığı son məktubunu təqdim edir. Gecə saat 1-dir. Hökmü verənlər tezliklə Dənizdən qurtulmaq istəyir. Bəyaz köynəyi geyindirirlər ona. Acı gülüşlə ətrafına baxır. Çox məğrur və rahatdır. Az sonra işıqlı dünya ilə vidalaşacaq. Bunu bilə-bilə yenə içində və gözündə qorxu yoxdur. Kürsüyə çıxıb ipi boğazına keçirir.


Və “Yaşasın Türkiyə xalqının azadlığı, marksizm-leninizm” deyəndə onu asdıranlar təşvişə düşüb son sözün ağzından çıxmasına imkan verməmək üçün tableti altından çəkirlər...Boyu uzundu Dənizin,. Ayaqları yerə dəyir və 10 dəqiqə sonra hələ də nəbzi döyünürdü Dənizin. 50 dəqiqə qalır ipdə üsyankarcasına.

(Sonra Yusif, sonda Hüseyn asılır. Hüseyn tableti özü ayağının altından çəkir və son sözü “Siz hər gün ölüb-diriləcəksiz” deyir) Və gecə saat 02.15-də nəbzi dayanır Dənizin, ipi kəsirlər. Göydə ən parlaq ulduz yanır, bir may gecəsini aydınlandırır...
P.S. Yazını bitirəndə gecə saat 02.15 idi.
                                                   

суббота, 23 июня 2012 г.

Bir qəzetin iki “separatçısı”

Nə gözəl məmləkət. Bir bunu görməmişdik. Rusca danışasan, Moskva təhsili görəsən, xalqların dostluğunu təbliğ edəsən, Əliyevin tiranlığını dünyaya yayasan, İctimai Palatanın aksiyalarına qoşulasan. Axırda adını talış millətçisi qoyalar. Nə yaxşı millətçilikdir bu. Yeyərəm belə millətçiliyi. Lap tutaq ki, Hilal Məmmədov talış millətçisi idi. Nə olsun ki? Əcəb edirdi. Əlinin içindən gəlirdi (yandığımdan yazıram).
Millətçi olub da separatçılıq etmirdi, dövlət və ərazi iddiası irəli sürmürdü. Talış xalqını meydanlara çağırmırdı, yerli və beynəlxalq tədbirlərdə talışların hüquqlarının pozulmasından (hərçənd pozulur) danışmırdı. Bəs hansı əsla onu separatçı, talış şovinisti iddia etmək olar? Rəzil. İyrənc. Absurd.



Millətini sevmək nə vaxtdan qəbahət sayılıb? Tüpürüm sizin patriotluğunuza. Edin, edin. Biqeyrətliyi leqallaşdırın.
Anoloqsuzdur. Bir ölkədə, bir qəzetin iki baş redaktoru həbsə atılır. Biri həbsdə işgəncə ilə öldürülür, oğlanları da məhv edilir. Evdə başıpapaqlı qalmır. Xanımı mühacirətə gedir. İndi mərhum Novruzəli Məmmədovdan sonra Hilal müəllimi məhbəsə göndəriblər. Genosiddir. Biz bilmirik. Açıqlasınlar bəlkə “Tolışi sədo” qəzeti terror təşkilatıdır yaxud Ergenekon tipli bir məxfi qurumdur. Nədir də bu, nədir?   
Artıq bununla ikinci belə hadisədir ki, repprtaja görə müəllifi həbsə atılır. Öncə bloqqerlərin “eşşək” reportajı Emin və Adnanın yolunu türməyə saldı. İndisə Hilal müəllim “Davay da svidaniya” sujetinə görə məhbəslə “mükafatlandırılır.
Fərqləri ondadır ki, “Davay da svidaniya” video-çarxı hətta azəri telekanallarına da ayaq açmışdı. Deməli, təhlükəli deyilmiş.



Hətta bir neçə gün öncə meyxanaçılar ATV-yə dəvət olunmuşdu. Hilal müəllim də orada iştirak edirdi. Azərbaycanın ilk alimi (21 yaşlı) efirə çıxar-çıxmaz həbsə atıldı. Nə baş verdi ki? Əvvəlcə də Astarada toyların birində talış folklorunu əks etdirən dekorasiya yaradılıb. Hilal müəllim də həmin toyda olub. NTV müsahibə alıb. Gümanım məni aldatmır. Məhz bu müsahibə hakimiyyəti hərəkətə gətirib. Adətən aktiv və emosional xalqlar hərəkətə hərəkatla cavab verir.
Elə Hilal müəllimin qızı da sosial şəbəkədə ritorik sual vermişdi. Xalqına görə, atam həbsə düşdü. Xalq, siz ona görə nəyə hazırsınız? Hələlik xalq sadəcə “Davay da svidaniya”nı dinləməyə hazırdı...

воскресенье, 10 июня 2012 г.

Ac 90-lar...

...Ac toyuq yuxuda darı görər. Qəssab Azad axşam saat 9-dan yatağına yıxılmışdı. Yerinə uzanıb xırt yuxuya getmişdi. Zalım oğlu elə bil ölüm yuxusunda idi. Eşikdə arvadı boğub öldürsəydilər, cımxırı çıxmazdı. Dünya-aləm vecinə deyildi. Əkib becərdiyi lütəccəbala dörd yetimçəni küçəyə tökmüşdü. Arxası üstündə yayxanıb yekə-qarpız boyda qarnını irəli verib xoruldayırdı. Arada orta barmağını burnuna salıb qurdalamağı da yaddan çıxarmazdı. Porsuq boyda adam qarnını qaşıya-qaşıya erkəndən pələmə üstündə yuxulamışdı.


Şərifənin deyingənliyi özünə qalırdı. Kişi arvada aman vermirdi, həyasızlıqda Azada çatan olmazdı. Yazıq qadın dörd tifilə təkbaşına baxırdı. Elə hey “ərə getməkdənsə gora gedəydim” deyərdi. Azadın tayları qaz vurub, qazan doldururdu. Qonşu Zəki evə hər gün əlində zənbil dolusu gəlirdi. Maşallah, evində qoz mürəbbəsindən tutmuş əzgil kampotuna qədər, yay-qış soyuducuda ət, quş, toyuq, balıq əskik olmazdı. Azad da arvadının Zəkini misal çəkməsinə bir qıcıqlanırdı. Sifətini turşudub, acıqlı şəkildə Şərifəni sakitləşdirmək üçün “Allah bol eləsin. Göz vuranın gözü çıxsın. Amma ay Şərif, haram pulun bəxtəvər ömrü qısa olar.
Deyirsən gedim mən də İrandan zəhər gətirim, xahın balalarını o azzara qalmışa qurşandırım? Anaları da sübh namazında dədəmin goruna qarğış desinlər, mən də zəhərin puluynan evimə bal-yağ alım. Namusum haqqı, ac qalaram o əmələ getmərəm. Əşi, keçid dövrüdür dəəəə, bu da gəlib keçəcək. Bundan da pis illər görmüşük”.




Azad hardasa haqlıydı, hardasa yox. Müharibənin, şiddətin, aclığın ağır günlərini görmüşdü. Ondandır ki, “bundan da pis illər olub” deyirdi. Ancaq heç “bundan oğraş illər olmayıb” demirdi. Vaxt gələcəkdi, ac 90-ları vəhşi və yalavac müasir dünya əvəzləyəcəkdi. Neft gəlirlərindən dövlətin valyuta ehtiyatları 40 milyard dollara çatacaqdı. 40 milyard dollara haaa. Ac yuxuda darı görər. Nə Azad, nə 90-larda qaçqın düşənlər 40 dollar diri gözüylə görmüşdü.
Nə vaxtsa onlara deyilsəydi ki, siz hələ daha 20-30 il də qaçqın olacaqsız, pulumuz isə 40 milyarda çatacaq. Çox güman ki, gözləri bərəlib, dombalan olardı. Özü də bu 40 milyard söhbətinin nə bəylərə, nə də “91”lərə dəxli vardı. Qoca artıq ölmüşdü. Bəy də vəfat etmişdi. Nə kükrəyən Sir(tuş)uz, nə də Nemət-pənahların sözü keçirdi. 90-lara dəxli olmayanların, müstəqillik və dövlətin qurulması ərəfəsində hərəsi bir kənd-kəsəkdə yaşayanların, Moskvada “şuba” alverçisi, vağzalda maşinist, Naxçıvanda tacir işləyənlərin dövranıydı. Qəssab Azadsa 40 milyardı eşidəndə ona Kamyunun “Sabah bundan da pis olacaq” fikri aktuallıq qazandırdı. Ta o vaxtacan ki...




...Qocanın “keçid dövrü” mif olaraq kütlələri ram eləməkdəydi. Onun hiyləgər nağılı Azadı arxayın etmişdi ki, qarnını qaşıyıb xumarlanmaq olar: Xoşbəxt gələcək qapımızı döyəcək. Aclıq yazığı möhkəm imtahana çəkirdi. O da yatmaqla aclığa atış gəlirdi. Necə deyərlər, acından günorta dururdu. Ət dükanında satdığı malın kilosu 8 “məmməd” idi.
Ölmüş və zay heyvan ətinin kilosu isə 5-6 “məmmədə” satılırdı. Dözümlü xalqımız buna da razıydı, təki ölüm-itim, müharibə olmasın. Atəşkəsin gətirdiyi aclıq da gözəldir. Azadın satdığı mal ətindən evə həftədə yarım kilo gətirməyə imkanı çatırdı. Qəssabın “ac qalmaq məharəti” lap Kafkanın eyni adlı hekayəsi ilə çulğalaşırdı. Azad keçid dövrünün keçici orucu idi. Yuxudan səhər sonbeşik Qəmərin səsinə oyandı. Rəhmətlik anasının adını sonbeşiyinə qoymuşdu. Körpənin çığırtısı məhəllənin başına çatırdı. Şərifə uşağın əmzəyini verib yuxulatmaq istəyirdi. Körpə isə çığırırdı.





Məhəllənin tinində Ağanın dükanı varıydı. Bu o zamanıydı ki, Ağa ağalıq edirdi. Günə qazanmasa, yox yerdən 10 “şirvan” mənfəəti olardı. Zarafat döyül, kişi total işsizlik və aclıq dövründə çörək pulu qazanmağın çəmini tapmışdı. Dükanda da bir göy rəngli 12 vərəq dəftər əskik olmazdı. Azadın adı orda baş siyahıda idi. “Aclıq olsun, müstəqillik olsun”- Azadlar azadlıq uğrunda meydanlara çıxanda bu devizi əsas tutmamışdılar.
Azad nə biləydi ki, 88-də Leninin heykəlini aşırıb ölkə müstəqil olandan sonra dalınca depressiya, işsizlik, kütləvi darıxqanlıq, xəstəlik, səfalət-zillət gətirəcək. Onu inandırmışdılar ki, kommunist rejimini yıxıb müstəqil Azərbaycanda kefi kök, damağı çağ həyat sürəcəksən. Noldu, fəhlə baba? Deyəsən aldadıb, atdılar sənə? İndi təəssübünü çəkdiyin sovetin verdiyi iş, mənzil, çörək burnundan gəlsin deyimmi?-Demirəm. Niyə sovet vətəninə xəyanət etdin, hanı sənə təptəzə verdiyi yollar, məktəblər, “Nikolayın” yağı? Suallar riktorikdir. Çünki tarix bu cür qədirbilməzliyi çox görüb.
Onu da görüb ki, hələ Axundovun “Yusif Sərracını” bəyənməyən xalq padşahı üstün verib. Belə də oldu. Ac 90-larda “Teksun” yağı, “pəm-pəm”, “bakkuş”, “Darya” paraşoku bizə xəzinə kimi görünməyə başladı. Azad çoxdan aldadılmışdı. Oysa meydana çıxanda Tsoysayağı “yazı gözləyirdi, qış gəldi”. Ona görə də Ağanın dükanında adı siyahıya başçılıq edirdi. İndi üzü gəlmirdi ki, gedib Qəmərin qışqırığını kəsmək üçün Ağadan “Nestle” istəsin. Bu məhsul hələ təzə-təzə idxal olunurdu, qiyməti də bahaydı. Bu pula evə bir kilo ət almaq olardı. Şərifənin südü yoxuydu, uşağı yedirtmək üçün “Nestle” yaxşıydı...
***
“Ölkələrin siyasəti və insanların taleyi idealsız, ləyaqətsiz şəxsiyyətlərin əlində olur. Ləyaqət sahibləri siyasətlə məşğul olmurlar” - Kamyu yaşadığı günlər yox, bütün dövrlər üçün yazmışdı. Aktualdır. Xüsusilə, biz ac 90-lardan bəhs ediriksə yerinə düşür. Şəxsiyyətə pərəstiş o yerdə olur ki, orada şəxsiyyət olur. Bizdə isə son 20 ildə siyasi şəxsiyyət olmadı, pərəstişsə indi də var.
Azad ölmədi, sağ qaldı. Onu kimi milyonlar sağ çıxdılar. Sual doğur-sağmı çıxdılar? Bu suala başqa yazıda cavab tapmağa çalışacağıq. Azad(lar)ın və 90-lardan qurtulan övlad(lar)ının müasir- 40 milyardlı Azərbaycana qədəm basdığı illərdən bəhs edəndə bunu aydınlıqla biləcəyik.  
Emil SALAMOĞLU