пятница, 11 января 2013 г.

İşgəncələr statistikaya çevriləndə...

Yunan filosofu Antisfenin hikmətli kəlamı ilə razılaşmamaq olmur - yaramaza hakimiyyəti vermək, dəliyə qılınc verməkdən pisdir. Çünki bir yığın yaramaz, bir ovuc vecsiz və xalqdan olmayanların əlində qalmışıq. Hakimiyyətə mafiya, ölkəyə kriminal “zon” kimi baxanlar üçün dünən Turac Zeynalov, bu gün Ceyhun Qubadov, srağagün Pərviz İsgəndərli, ötən həftə Pərviz Mikayılov, bir başqa tarixdə isə Eldar Novruzovun tələf edilməsi quru statistika, sıravi ölüm, bədbəxt faciədən o yana keçmir.



Statistika isə kütləvilik, artım, tarix və norma deməkdir. İnsanların istintaq orqanlarında, polis idarələrində, güc strukturlarının zirzəmilərində, orduda işgəncə ilə qətlə yetirilməsi müharibə vaxtı səngərlərdə döyüşçülərin ölüm xəbəri kimi adiləşib.
Biz Eldar Novruzov çürüdülərək öldürüləndə səbr etdik, Daşkəsəndə 7 əsgər gülləboran olanda ümid etdik, Pərviz İsgəndərlinin daxili orqanları satışa çıxarılanda dözdük, Turac Zeynalov vəhşətini görəndə bu sondur düşündük, Pərviz Mikayılov asılanda isə daha yetər söylədik. Çox çəkmədi ki, üç ayın əsgəri Ceyhun Qubadovun meyitinin anasının üstünə “ürək çatışmazlığı” adı ilə göndərildiyini eşitdik.
Və bu son deyil - normadır. Cəzasızlıq mühitində bu hallar nə azalacaq, nə də son qoyulacaq. Bir həftə sonra həbsdə, orduda və ya güc qurumlarının “padval”ında məhv edilərək ailəsinə cəsədi verilən vətəndaşın xəbəri çıxsa daha təəccüblənməyin.



Çünki C.Qubadov da statistikaya çevrilən cinayətlərdən biri idi və növbə ilə hakimiyyət hər evə “qara kağız” göndərəcək. Çünki Azərbaycanda əsgəri söyürlər. Azərbaycanda əsgərə işgəncə verirlər. Azərbaycanda əsgərin ana-bacısını təhqir edirlər. Azərbaycanda əsgərin diş fırçasını, ayaqqabısını, mobil telefonundan konturunu, pulunu, mənəviyyatını, şəxsiyyətini əlindən alırlar. Azərbaycanda əsgəri öldürürlər.
Azərbaycan hərbçiləri əsgər öldürür - Azərbaycan əsgərini. Azərbaycan ordusunda əsgər kişilik, mərdlik, vətənpərvərlik, ailəni, torpağı, xalqı qorumaq məktəbi keçmir. Bunu birmənalı şəkildə qəbul edin, əzizlərim. Azərbaycan o ölkədir ki, əsgər komandirini, zabitini söyür - qəzəbindən, hiddətindən, ona verilən əzablardan, incidilməkdən. Komandirini sevən əsgər yoxdur, ola da bilməz. Ceyhun Qubadov da onlardan biri idi. Bezdiriblər, sıxışdırıblar, döyüblər, alçaldıblar, öz işlərini ona gördürməyə məcbur ediblər. Orduda xidmətə nifrət yaradıblar.


Qüruruna sığışdırmayıb, məğrur dayanıb, döyüblər, işgəncə veriblər, ürəkləri soyumayıb axırda öldürüblər. Kim nə necə istəyir elə qəbul etsin - amma hərbi xidmət başqasının corabını yumaq, ayaqqabısının bağını bağlamaq, komandirə su gətirmək, “molodoy-dembil” iyerarxiyası deyil. Nə vaxta qədər bu sərsəm, iyrənc ordu “sistemi” davam edəcək? Məqsədiniz nədir? Deyin bilək. İndi hansı valideyn oğlunu hərbiyə göndərəcək?
Sadəcə, Ceyhun Qubadovun ölümü müstəqil Azərbaycanın tarixindəki növbəti nakişilikdir. Qubadovun evində artıq başıpapaqlı qalmadı. Di, indi danışın da. Ramil Səfərovdan,  dolmanın bizim xörək olmasından, “Sarı gəlin”dən, İsa bulağından, “Eurovision”dan, erməni idmançıya olimpiyada qalib gəlməkdən. Heç utanırsınızmı? Vicdanınız sızıldayırmı? Bu ölkənin hər tərəfinə daş hasarlar çəkmisiniz, səkilərə mərmər daşlar hörmüsünüz. Amma orduya sağlam göndərilib, meyiti gətirilən əsgərlərin valideynləri onlara baş daşı qoymağa da pul tapmır. Ceyhun buna bariz nümunədir.

Yanvarın 10-da izlədiyim sujetdə hansısa xırdabuynuzlu məmur telefonda baş daşı üçün min dollar ailəsinə göndərəcəyindən ürəkdolusu danışırdı. Ailəsi isə pul yox, qatili tələb edirdi. Qatil tapılacaq, fərd olaraq kimsə formal olaraq cəzalandırılacaq. Bu heç nəyi dəyişməyəcək.


P.S. Mənsə bütün baş verənlərin günahını insanlığa düşmən kəsilən SSRİ-də görürəm. Stalinin vaxtında “soldat”ı döyürdülər, Xruşşovun dövründə əsgərin daxili orqanları xaricə satırdılar, Brejnev daha mənfur idi - orduda “dedovşina”ya göz yumurdu, əsgərlərin yeməyini, maaşını əlindən alırdı, hətta onun rəhbərliyində sifəti çürüdülən əsgərə sahib çıxmırdılar...  
P.S.S. Bu günlərdə “facebook”da qarşıma çıxan replika xarakterli şeir isə bu illərimizi təsvir edir:
Vətən məni yetişdirib bu orduya yolladı
Ordu məni tələf edib, ailəmə ismarladı...

 





суббота, 5 января 2013 г.

Diana və Faina


...Və beləcə gəlib çıxdıq Diana Melazzi haqda yazmağa. O Diana ki, 2009-cu il Roma həbsxanasında asılmış vəziyyətdə tapıldı. Bu italyan solçu qadın ilk növbədə faşizmin yarandığı ölkədə apardığı hünərli mübarizəsinə görə diqqətimi çəkmişdi. 


                                                                                                                                   (Diana)

Dianın üzv olduğu “Qırmızı briqada”nın əsası hələ 1970-ci ildə Alberto Françesko və Marqarita Kaqol tərəfindən qoyulmuşdu. Məqsədi silahlı müqavimət göstərməklə devrimçi bir dövlət qurmaq olan “Qırmızı briqada”çıların devizi “bir adamı vur, 100 adamı xilas et” idi. Militarian solçu qruplaşmasının üzvü olan Diana isə ömürlük azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmişdi. Çünki 2002-ci ilin martında İtaliya hökumətinin müşaviri Marko Biacini qətlə yetirmişdi. Biaci İtaliyanın Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı sənədinin hazırlanmasında məsul şəxs idi.





Amma Diananın müqavimət dövrünün sonu bir həbsə bənd imiş. Ömürlük həbs cəzası qərarından apelyasiya şikayəti versə də, məhkəmə hökmü qüvvədə saxlayır və o, çıxış yolunu intiharda görür. Bu da edam kürsüsündə üsyanın susqunluğu. Bu da qışqırtı içində döyüşən qiyamçının səssiz ölümü. Dar ağacına gedən yolda ədalətin bir gün mütləq günəş kimi bəşəriyyəti isidəcəyinə inanan solçunun çıxış yolunu intiharda tapması zəiflikdir məncə. Avropanı bir vaxtlar lərzəyə gətirən qadının intiharını sadəcə inamsızlıqla bağlayıram. Halbuki solçunun inamsızlığı nonsensdir. İnamsızdırsa solçu deyil. Diana isə intihara əl atmaqla sol cinahda duranları sanki inamsız olmağa çağırdı.





Həbsdən qaçış yollarını axtarmaq əvəzinə intihar etmək - qətldir. Qatil də sən, qurban da sən. O, silahdaşlarının köməyi ilə həbsdən qaça bilərdi. Doğrudur, bu çox çətin görünürdü. Çünki onu paytaxt Romadakı Rebibbia həbsxanasında təkadamlıq kamerada saxlayırdılar. Bununla belə, Diananın intihar etməməsi üçün ciddi nümunələr vardı.
Gəlin, baxaq- 2007-ci ildə Ştutqart məhkəməsi “Almaniyanın ən qorxulu qadını” inqilabçı Brigitte Monxauptu azadlığa buraxdı. Əfsanəvi “Alman Qırmızı Ordusu”nun (RAF) liderlərindən olan Monxaupt 1982-ci ildən həbsdə idi. Ümumilikdə 57 illik ömrünün 30 ilini məhbəsdə keçirib.



Elə həmin vaxt İspaniyada “Karmen” ləqəbi ilə tanınan başqa bir inqilabçı qadın – Belen Penyalvu 467 il həbs cəzasına məhkum olundu. Baskların ETA qruplaşmasının fəalı olan Karmen 1999-cu ildən həbsdədir. Onu 1985-ci ildə 1 nəfərin ölümü ilə nəticələnən Madrid teraktında suçlayıblar. Monxaupt ilə Karmen də Diana kimi inqilaba 70-ci illərdə gəliblər. Ancaq ümidsiz inqilabçı qadınlardan biri azadlıqda, digəri isə azadlığa çıxmaqda inamlıdır. Diana da yaşasaydı, mübarizəsi davam edəcəkdi. Görünür, immuntetində İNAM çatışmazlığı var idi.  İntihar isə onun savaşına son qoydu. Azərbaycanın payına bu silsilədən Faina Kunqurova düşür. ADP üzvü olmuş yəhudi əsilli qadın həbsdə ağır xəstəlik ömrünü yediyi vaxt-ölüm ayağında qürurla dayandı. Nə intihar etdi, nə əfv istədi...