вторник, 10 июля 2012 г.

Altında qalmış şəhər

Altın şəhərin altında
Qara adamlar, qara talelər
Diri ölülər, ölü dirilər    
Bin Əlilər, İlham Əlilər...
Ağıllılar, dəlilər,
Əli-vəli, pirvəlilər
Daha kimlər, kimlər
Gəldi keçdi bu şəhərin altından!...
Və altın şəhərin üstündə
Ağ adamlar, zənginlər
Zadəganlar, ağ saraylar
Qara qəlbli, ağ sifətli
Boz adamlar...
Qızıl teştə qan qusanlar
Qismətindən usanlar
Köhnə daxmada, zülmət, soyuq otaqda
Ərinin güllələnməsini eşidib özünü asanlar
İstintaq zirzəmilərindən duyulan işgəncə səsləri
“Torqovı” “padvallarından” əyləncə səsləri
Qarışıq səslərin qarışıq ehtirasları
Qarışıb sönmüş etirazlara.
Şəhid anasının nalə səslərin
Alışıb eşitməyə abırsızlar, qəbirsizlər,
Yurdsuzlar, yuvasızlar, urvatsızlar...
Altın şəhərin altı-üstü
Altı təzək, üstü bəzək
Üstü büstdü, altı tüstü
Altın şəhər alt-üstdü!!!
Kim sevindi, kim incidi, kim küsdü
Nə doğrudu, nə düzdü
Kimsə bilməz-altın şəhərin altını, üstünü
Boş qazan
Boşqab
Ac-yalavac
Naəlac
Boşcan
Ağ qan, qırmızı qan
Vərəm, taun...Sübhçağı sökülən dan
Eşidilən, gözlənilən Azan
Və qəbirqazan
Oldu altın şəhərin altındakı
Qara adamların qara taleyi!!!
Yudular, quyuladılar, basdırdılar,
Ağladılar şəhəri...
Başı üstə qaraağız, qarapaltar mollalar
Oxudular “Yasin”i
Bu şəhərin dəfninə yığışdı-
Hamballar, qullar, kisəçilər, süpürgəçilər
Kəndçilər, şəhərçilər, apaçilər, dilənçilər
Yox idilər- trilyonçular, milyonçular,
YAPçılar, gopçular, hip-hopçular...
Altın şəhərin üstündə şellənirdilər
Yellənirdilər altın saraylardakı
altın yelləncəklərdə.
Qara əlcəklərdə, ağ biləklərdə
Qırmızı çaxırlar
Sonra keflənib axırlar
Boyunlarına altın taxırlar
Altın şəhərin altındakılara
yuxarıdan aşağı baxırlar.
Səhər qəfil “paxmel” oyanırlar
Oyanıbdır altın şəhər
Və altındakı qara adamlar
Qara talelərinə daha kor baxmırlar.
Qəfil ayılan “paxmel” adamların
başlarındakı gecənin ağrılarıdır
yoxsa başları boyunlarına ağır gəlir?
Gəlir, gəlir, gəlir...
Qara adamlar gəlir
Qəzəbli gəlir, hirsli gəlir
İzdiham gəlir ağ adamların üstünə...
Üstün gəlir qara adamlar, üstündədir ağ adamların!!!
Peşmançılıq, yalançılıq
Timsahın göz yaşları, aşırılan, uçurulan
Altın şəhərin altında qalmış, əzik heykəl başları
Belədir bu şəhərin
Qara adamları, qara taleləri
Diri ölüləri, ölü diriləri
Bin Əliləri, İlham Əliləri...

Комментариев нет:

Отправить комментарий