среда, 20 февраля 2013 г.

Bəlkə bir az yavaşlayaq?!


Az sonra asmağa götürəcəklər
az sonra soyacaqlar dərisini,
saman təpəcəklər az sonra
Sallaqxanada gəncliyimə
...Və az sonra çox gec olacaq




***
Mən çox şey istəmirəm
İstəyirəm atam olsun
Evə hər gələndə
zəhmli baxışları ilə qəlbimi üşüdən,
titrək səsi ilə canıma vəlvələ salan,
gecələr saçlarımı oxşayan
başımı qollarına söykəyib yatdığım
bir ata...
Mən çox pul istəmirəm
Pul əl çirkidir,
Çirkli adamlarda pul çox olur.
İstəyirəm qarnım doyuran pulum olsun!
Mən yatmaq istəmirəm
İstəyirəm yuxusuz gecələrimin
bir sabahına da günəş doğsun.
Mən böyümək də istəmirəm.
Anasının dizlərinə başını qoymuş
məsum baxışları ilə dünyadakı
bütün insanların onun kimi xoşbəxt olduğuna
inanan körpə olmaq istəyirəm.
Mən ata olmaq istəmirəm
İstəyirəm atası olan uşaq olam.
Yaşamaq budur oğlum!!!
Mənsə heç yaşamadım ki...?!

*** 
Başına daş düşmüş ölkə
Başını almış qara kölgə
Daşı başından baha ölkə
Daş başına ay ölkə...

*** 
Sən bu Hüsnü camal-kamal ilə görüb
Qorxdular Mübarək deməyə
Döndülər İlham dedilər.

*** 
Heykəltəraşlar
Heydərtəraşlar
Qorxular, təlaşlar
Murtuzlar, siyavuşlar
Bizə deyirlər ki
bəlkə bir az yavaşlayaq?!









четверг, 7 февраля 2013 г.

“Nişanlıma söyləyin, artıq devrimlə nişanlıyam”


...“Nişanlıma söyləyin, artıq devrimlə nişanlıyam” - Ertan Saruhanın atasına telefonda son sözü onu səsləyən müqəddəs və mətin bir mübarizənin qaranquşuydu. Ertan sol hərəkatın tən ortasında bu dilemma arasında qalanda nişanlısı ilə qələbədən sonra yaşayacağı günəşli günlərin nicatını devrimlə nişanlı olmaqda görürdü.
Bizim zəmanəmizdə belə məğrur gəncin yolunu getmək üçün ya kimsəsiz olmalısan, ya da onun kimi nişanlısı vətən olan biri. İtirəcəyi olanlardan inqilabçı çıxmaz. Ertan isə itirməkdən qorxmayan və qorxu hissini itirən idealist idi.

...Atası Lütfü Saruhan İsmət Paşanın (İnönü) yaxın adamıydı. Ertan ziyalı ailənin övladıydı. Subkomandantenin təbirincə desək, o ailədə tək “korlanmış” uşaqdı. Liseyi bitirib müəllimliyə başlayanda Türk İşçi Partiyasına (TİP) qoşulur. Qaradəniz bölgəsində sol hərəkatının liderinə çevrilir, Mahir Çayan dəstəsinə qoşulur. Buna qədər isə Çarşamba qəsəbəsində müəllim işləyir.
Sol hərəkatın içində yer alanda kənd məktəbinə sürgünə göndərilir. Həmin kəndin sərt qışa görə yolları bağlı olur deyə Ertan getməkdən imtina edir. Onda onu müəllimlikdən kənarlaşdırırlar. Samsunda mazut fabrikində laborant işləməyə başlayır. Sonra fabrikdən də çıxarılır.  
Ertan Mahir Çayanlara qoşulub edama məhkum olunmuş Dəniz Gəzmiş, Hüseyn İnan və Yusif Aslan üçün yola çıxmışdı. Türkiyənin asılmağa göndərilən 3 devrimçi oğlunu xilas etməyə hazırlaşan 11 hərəkatçı canlarını Qızıldərədə yoldaşları uğrunda fəda edirlər. Dənizləri ipdən qurtarmağa görə savaşa başlayanlar onlardan qabaq tələf olurlar. Bu qiyamçı gənclərin hərəkətindən bizim üçün iki nəticə çıxır:



Birincisi, ideologiyalar mütləqdir və ideoloji baxışları bir olanlar qardaşdırlar. Onları ölüm belə ayıra bilmir. İkincisi, günümüzdə qardaş qardaşdan ötrü nəinki ölümə, davaya belə getmir. Mahir başda olmaqla Ertanlar isə getdi...
Mənimçün Ertan bir iradə simvoludur. O siyasi sistemdən öncə ailəyə qarşı çıxmağı bacarmışdı, inqilab üçün nişanlısını yarı yolda qoymağa razılaşmışdı. Bunu Dənizlər üçün edirdi. “Ana məni bağışla, dostum üçün ölməyə gedirəm” deyəcək biri varmı indi? Bizim dövrümüzdə nişanlısını yarı yolda buraxanlar yalnız nadanlıqdan edərlər.
Ertanla bir evdə qalan yoldaşlarının dediklərinə görə, gözəl kanon ifaçısı imiş. Axşamlar ən çox sevdiyi məşhur “Həkimoğlu” türküsünü kanonda titrədərmiş.
Otel otağındakı soldaşı: “Bu ərəfələrdə Ertan nişanlanmışdı. Atasına telefonla zəng edib fabrikdəki işindən çıxarıldığını xəbər verdi. Bu o zamandı ki, artıq o gerilyaya başlamaq qərarını vermişdi. Telefonda atasına dedi ki, nişanlıma söyləyin artıq devrimlə nişanlıyam”.
Saruhan o dövrün Ziya Yılmaz və Fikri Sönməz kimi nüfuzlu solçuları ilə bərabər Samsun, Trabzon, Ordu, Giresun vilayətlərində hərəkatda idi. “Kəndli” qəzetinin nəşrinə rəhbərlik edirdi. Hətta Mahir Çayan həbsdən qaçandan sonra Ertan onu Qaradəniz bölgəsində qarşılamışdı. 




Başqa bir dostu isə son günləri belə xatırlayır: “Bir ara bizim evdə qaldı. Anam və atam ona baxırdı. Mən Nurəddin kəndində müəllimlik edirdim. Qəlyanaltını birgə edirdik, sonra işə gedirdim. Bir də axşamlar işdən qayıdanda görüşmək imkanımız olurdu. Anama “xala sən yeməyi qapıya qoy götürərəm” deyirdi. Ələ keçməmək üçün sifəti sarılıydı.
Mənə Kambocadakı inqilabçılardan söz açardı. Orada tutulanların ifadə verməməsi üçün intihar dərmanı içmələrindən danışırdı. Son vaxtlar dağda qalacaq deyə çox az yeməyə çalışırdı. Özünü uzun bir mübarizəyə hazırlayırdı. Anama “teyzem yemeğimi hiç eksik etmiyorsun, dağda da bana yemek ulaştırabilecek misin” demişdi”.

Və Dənizləri xilas üçün dava başlayır. Mahirlə birgə 11 devrimçi 2 ingilis və 1 kanadalı mühəndisi girov götürürlər. Şərt Dəniz, Hüseyn və Yusiflə girovları dəyişməkdi.
1972-ci ilin 27 mart günü. Çayanın dəstəsi girovları Qızıldərə kəndinə gətirir. Devrimçilər girovlarla kənd muxtarının evində yerləşirlər. Üç gün sonra...
1972-ci il aprelin 1-də Türkiyə qəzetləri muxtarın evindəki partizanların qətli xəbərini manşetlərə çıxarır. Ölkənin əksər mətbuat orqanları girovlara yas tutub ağlayır, devrimçiləri lənətləyirdi. O qətliamdan bircə Ertuğrul Kürkçü tam təsadüfən sağ çıxır və uzun müddət məhbəs həyatı yaşayır. İndi Türkiyədə BDP-nin millət vəkilidir (oxu: Partizanlıqdan millət vəkilliyinə - M.Süleymanov).




Beləcə, Dənizlərdən əvvəl dənizlərə gedən 11 solçu Türkiyə tarixində “qara mart”la yadda qalırlar. Ertan Fatsada valideynlərinin yanında dəfn olunur. Qardaşı Şəffaf Saruhan illər sonra məzarı başında: “Ertan çox düşüncəli biriydi. Heç kimə səsini yüksəltməzdi. Danışıqları hər vaxt qısa və aydın olardı. ONLAR cəmiyyətin uşaqları idi, sonra gəncləri oldular.
ONLARın səyləri, əməkləri və mübarizələri sayəsində başımız dik olacaq. ONLARın və bu gün davam edən mübarizənin sayəsində işıqlı, müstəqil bir gələcək bizləri gözləyir”. Türkiyədə “qara mart” kimi xatırlanan o dönəm ölkəyə çox ciddi bir zərbə vurdu. Ancaq faciələr hələ qabaqdaydı. 8 il sonra -1980-də Ertanları Erdallar əvəzləyəcəkdi...






пятница, 1 февраля 2013 г.

Rafiq Tağı və Əylisli


Ədəbiyyat millətlərə, ölkələrə, vətənlərə bölünmür. Ədəbiyyatın vətəni yoxdur. O, dünyaya məxsusdur. Milli ədəbiyyat anlayışı da təsəvvürlərdə mövcuddur. Var siyasi, bədii, tarixi-sənədli və dini ədəbiyyat. Əslinə rus, fransız, fars, ingilis və ya Peru, Meksika ədəbiyyatları dediyimiz də əslində Şərq - Qərb və Latın Amerikası ədəbiyyatlarına ayrılır.

Bədii ədəbiyyat isə heç vaxt tarixi sənədlərə istinad etmir. O, illüziyalar, təxəyyül və müəllifin fantaziyaları bazisində yetişir. Tarixdə elə bir bədii əsər də ola bilməz ki, xalqlar, hakimiyyətlər onu əlində bayraq tutub əks-təbliğata başlasınlar. O məntiqlə Mirzə Cəlilin “Kamança”sı, Cəfər Cabbarlının “1905”i, Nəriman Nərimanovun “Bahadır və Sona”sı, Aqil Abbasın “Dolu” romanı, Qənirə Paşayevanın şeirləri, Vahid Naxışın “Xoca”sı, mərhum Ceyhun Mirzəyevin “Fəryad”ı, Oqtay Mirqasımovun “Ovsunçu”su Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda yetərli olmalıydı. Olmayıbsa, deməli bədii film və ədəbiyyatların tarixi cinayətləri təbliğetmə funksiyaları zərif və gücsüzdür.
Hətta onların istismar dövrü başa çatıb. Çox güman ki, ermənilər də kifayət qədər bu səpkidə bədii nümunələr ortaya qoya biliblər. Bəs, nə dərəcədə onların yazdıqları erməni xalqını əzabkeş obrazında dünyaya nümayiş etdirə bilib?




Deməli, hər iki xalqın qarşılıqlı bədii-ədəbi təbliğat maşını işə yaramayıb. Odur ki, son günlər daşqalaq olunan Əkrəm Əylislinin “Daş yuxuları”nı da şişirtmək, böyük fəlakətə çevirmək, xalqımıza qarşı zərbə kimi qiymətləndirmək yersiz, mənasızdır. Gec-tez Əylislinin bu kitabı da unudulacaq, bestsellərə çevrilməyəcək və danışıb-danışıb yorulandan sonra mübahisəli mövzu gündəmdən çıxacaq.
Əylislinin incə səhvi əslində mövcud hakimiyyətin və kreslo generallarının yanında bağışlanılacaq hadisədir. Bu əsər nə ermənilərin əleyhimizə təbliğat rıçaqına, nə də gələcək nəsillər üçün tarixi epoxaya çevriləcək. Vaxtilə Axundov “Hekayəti Xırs-quldurbasan”ı yazanda azəriləri quldur, erməniləri müsbət personajda təqdim etmişdi. Yaxud Nəsimi “ay erməni, erməni”, Sabir “Harda müsəlman görürəm qorxuram” qəzəlləri ilə erməni “dəyirmanına su tökmüş oldu”?



İndiki situasiyada ədəbi mühitdə çəkisi olan yazarlar Əylislinin üzərinə getmirsə, yalnız YAP qırğıları kampaniya qurubsa dözümlü olmaq lazımdır. Əgər Əylislinin yazdığına dözə bilmiriksə, onda 20 il Qarabağsızlığa da dözməyib eyni qəzəblə hakimiyyətin üstünə getməliyik. Əkrəm bəy həssas yanlışlığa yol verib və hədəfə çıxarılıb. Bu bizə Rafiq Tağını xatırladır. R.Tağını İran, Azərbaycan, ABŞ, İsrail ya yoldan keçən heyvərə öldürdü bilmirəm. Amma adamı nişangaha yazdıqları çıxardı. Əylislini hədəfə çıxarmayaq!!!