пятница, 10 августа 2012 г.

İdeoloji işğal və biz

Həbs olunmuş inqilabçıya məhkəmədə hökm oxuyan hakim haradan biləydi ki, evində böyütdüyü 18 yaşlı oğlu da solçudur və dəftər - kitablarının arasında həmin məhbus devrimçinin şəkillərini saxlayır, ona pərəstiş edir.
Və yaxud başqa misal: Nəimini qurban verən İbrahim şah qəflət yuxusundan oyananda oğlunun hürufi olduğunu görür. Əmir Teymurun nəvələri, Şeyx Əzəmin qızı Şəms də hürufizmə meyl göstərirdi.

Hətta İsa Muğanna yazır ki, ömrünün sonlarında Teymurləng yanında iki hürufini məsləhət-məşvərətçi saxlayırdı. Bu isə o deməkdir ki, istənilən rəqibi məğlub etməyin ən başlıca yolu onun ideoloji ərazisini zəbt etməkdən ibarətdir. Bizdə isə hələlik bunu “facebook”da görmək olar. Əgər buna rəqibin ideoloji zonasını işğal etmək demək olarsa...
Hər halda sosial şəbəkələrə hakimiyyətin dəstəkçiləri girə bilmirlər. Ancaq virtual məkanda olanların (cəmiyyətin nisbətən və azsaylı intellektual hissəsi) yazdıqlarını özləri deyib, özləri eşidirlər. Virtualda deyilənlər isə tramplin, təkan rolu oynayıb real həyatda (küçələrə çıxmaq) əməli addımlara gətirib çıxarmalıdır.
Çox ümidlənmək gərək deyil. Bu sadəcə rəqibin narazılara verdiyi nəzarət və idarə olunan meydandır. Qışqır, qışqır, yorul və çıx get evə. Vəssalam...

четверг, 2 августа 2012 г.

İbrahimbəyov və Yılmaz Güney

“Bir zamanlar Yılmaz Güneyin filmlərindən bütün dünya danışırdı. Mənim tanıdığım amerikalı rejissorlar var, onlar Yılmaz Güneyin filmlərini həmişə misal göstərirlər. Məncə, bu böyük uğurdur”.



Rüstəm İbrahimbəyov bu sözləri müsahibələrinin birində deyib və türk rejissorlara Y.Güneydən ibrət götürməyi məsləhət görüb. Pah atonnan. Görəsən özü niyə dərs götürmür? İbrahimbəyov heç vaxt Y.Güney ola bilməyəcək. Necə ki, Elçibəy Alyende, yazıçılarımız Sartr, şairlərimiz Riqoperte ola bilmədi, eləcə də Rüstəm kişi Güneyin “çarıqlarını geyə bilər, onun kimi yeriyə bilməz”.


Çünki Yılmaz əsl xalq adamı idi. Onun həyat yolu və yaradıcılığı ilə tanış olanlar bilir. Bu haqda geniş yazmağa lüzum görmürəm. İbrahimbəyov isə heç vaxt xalqdan olmayıb. Davranışı, çıxışları, insanlara yanaşma tərzi, irtica ilə daima ünsiyyətdə olması, bütöv bir bioqrafiyasına kiçik bir ekskursiya yetərlidir ki, onu tanıyasan.
O tanınmış rejissor ola, keyfiyyətli filmlər təqdim edə bilər. Savadlı, dünya şöhrətli rejissordur. Lakin Yılmaz kimi xalq adamı deyil. Odur ki, İbrahimbəyovdan qəhrəman obrazı düzəltməyin. Ondan olsa-olsa öz həmkarı və dostu Kşiştof Zanussi alınacaq. Zanussi isə qədirbilməz və keçmişinə palçıq atan polyak rejissordur.