понедельник, 6 октября 2014 г.

Əlamut: həşşaşilər və İŞİD

“Yetərincə çox şeylər yaşadım. Bundan sonra vaxtımı otağıma qapanaraq, inanclı uşaqlarımızın xoşlarına gələcək hekayələr uydurmaqla keçirəcəyəm. Sıravi möminlər üçün dünyanın başlanğıcı, cənnət-cəhənnəm, peyğəmbərlər, Məhəmməd, Əli və Mehdi haqqında min bir hekayə uydurmağım gərəkdir. 
Heç bir şey həqiqət deyil, hər şey mübhəm... Lakin bunun mexanizminin iplərini əllərində tutan bizlər, bu düşüncələrimizi özümüzə saxlamalıyıq”. Bu, Həsən ibni Səbbahın son sözləri olur və qapılarını mövcud dünyaya əbədi bağlayaraq, ölənə qədər öz hücrəsinə - Əlamut qalasına çəkilir.  





***

... 1092-ci ilin baharında böyük bir karvan Səmərqənd və Buxaradan keçib, Xorasanın şimalına uzanan, ardından Elbrus dağlarının ətəklərinədək qıvrıla-qıvrıla gedən yolda irəliləyirdi. Qarlı-şaxtalı günlərin əriməyə başladığı ərəfədə karvan həftələrdir yollardaydı.
Bu karvan sonralar “Uca Əfəndimiz”, bəzən “Seyduna” adlandırılacaq ibn Səbbahın “cənnət baxçaları”na qul bazarından alınan hərəmləri çatdırmaq üçün yola çıxmışdı. Karvanda gözləri bağlı şəkildə aparılan Həlimə bilsəydi ki, onu hansı müsibətlər gözləyir, səhrada ac-susuz can verməyi seçərdi.
“Oğlum Avni, Tahirin nəvəsi. Dəmavənd dağının zirvəsinə gedən yola düş. Şahrudu soraq al, ortada Qartal Yuvası anlamına gələn Əlamut qalasını görəcəksən. Get ora, onlara qoşul, babanın qisasını al”. Həlimə, karvanla Əlamut qalasında özünü peyğəmbər elan etmiş, dövrünün ən böyük zəkalı saxtakarı, skeptiki, deisti, bəlkə də, ateisti olan Səbbahın hərəmxanasına gətirildiyi vaxtda, gənc Tahir də babasının intiqamını almaq niyyəti ilə cihada qoşulmağa Əlamuta yola düşür. 

***




Beləliklə, Səbbah bir yanda “cənnət baxçalar”ı yaradaraq həlimələri hərəmxanasına toplayır, o bir tərəfdən İsmaili təriqətinə qoşulmağa gələn sütül, cahil, dünya nemətindən məhrum tahirlər kamikadze şəklində axın-axın qalaya yön alır.
İslamda ilk terror təşkilatını, kamikadzeliyi yaratmağa müvəffəq olmuş ibni Səbbahın hər şey ürəyincə davam edir – xaşxaşın sayəsində. O binəvalar nə bilsin ki, dünyanı lərzəyə gətirən “həşşaşilər hərəkatı” Həsən Sabbahın öz şəxsi intiqamını almağa hesablanmış terror təşkilatıdır.
Avropaya qədər ayaq açacaq həşşaşilərin kamikadzeliyi hökmdarların, imperiyaların canına vəlvələ salır.  Amma Səbbahın bu gizli, sirli fədailərinin diri-diri ölümə niyə qaçdıqlarını heç kəs aça bilmir. Bu haqda sonrakı yazılarda...  

***



“Biz üç kişiydik”. Nədənsə, Əhməd Qayanın o məşhur nəğməsinin adı hər dəfə həşşaşilər mövzusu meydana gələndə, yaddaşımda assosasiya olunur. Bəli, üç kişi – Nizami ül-Mülk, Ömər Xəyyam və Həsən Səbbah. Onlar bir yerdə təhsil alırlar, cani bir qəlbdən dostlaşırlar, dərdlərini öz aralarında bölüşürlər.
Və zaman gəlir, Nizami ül-Mülk İranın baş vəziri olur, dostu Həsənlə uşaqlıqda verdikləri əhdə xilaf çıxır (dostlar and içirlər ki, aralarından kimsə yüksəlsə, arxasınca digərlərini də vəzifəcə qaldıracaq), Ömər Xəyyam isə eşq, şərab və sənət yolunu seçir. Səbbahın qisas ehtirası ilə alışıb yandıran da bu olur, İranın baş vəziri olan dostuyla bərabər, Səlcuq imperatorluğuna da qan uddurmaq üçün cihad şüarı altında fədailər yetişdirir, İsmaili təriqətinin ali hədəflərini kütlələrə təbliğ edir, kamikadzeyə çevirdiyi beyni yuyulmuş gənclərə şəhidlikdən sonra cənnət vəd edir.
Bu məqsədlə Əlamuta yalnız içki, tiryək dadmayan, qadın görməyən bakirlər cəlb olunur. Qalada yaratdığı “cənnət baxçalar”ında isə karvanla gətirilən Həlimə kimi qızlar mələk rolunu oynayır.  Artıq Səbbah  terror üçün muradına çatıb - ibn Tahir kimi gənclərə din təhsili və döyüş təlimi keçirilir, daha sonra müqəddəs yol uğrunda şəhidliyin gözəlliyi təlqin olunur, bir az içki içirib başı dumanlanır, sonra həşişi həb kimi udur, gözünü açanda isə özünü “cənnət”də - hürilərin qucağında görür.

***




Heç zaman bu həzzi görməyən cahil üçün Səbbah peyğəmbərdir,  onun təklif etdiyi kamikadzelik isə şəhidlik zirvəsi, cənnət mükafatıdır.  Tahirin gördüklərinə inanmaması mümkün deyil – müqəddəs kitabda yazılan cənnətə layiq görülüb.
Həşişin və içkinin təsiri keçəndə Tahir ayılır, yaşadıqlarını dostlarına danışır və...artıq eyforiyadadır, onu bu həzzdən kimsə ayıra bilməz, bütün vücudu titrəyir, riqqətə gəlir, tezliklə cənnətə qayıtmaq istəyir. 
Səbbah onu arzusu üçün Səlcuq sultanın üstünə göndərir; Tahir zəhərli bıçağı sultanın boğazına saplayacaq, sonra həbdən udub cənnətə qovuşacaq. Amma ibni Tahirin bəxti gətirir, gözünü açanda özünü sağ görür, sultan ona aldadıldığını başa salır və buraxır. İntihara cəhd edən gənc Səbbahın toruna düşməyindən qəzəblənərək Əlamuta qayıdır.




Amma o, qalanın peyğəmbərinə batmağa qadir deyil. Axı Əlamutun sahibi Seyduna neçə-neçə belə cavanlar “cənnət”ə göndərib?! Səbbah Tahirlə təkbətək görüşdə hiyləgər biri olduğunu gizlətmir, kütlələri “cənnət” vədi ilə yalnız yola gətirmək mümkün olduğunu etiraf edir. Sonra Tahiri azad edir, ona təhsil almağı, elmli olmağı məsləhət görür:
“Bir gün mənim kimi savadlı olacaqsan, mən öləndən sonra daha bir elmli adam cahilləri idarə etmək üçün Əlamuta lazım olacaq, onda gələrsən”.    

*** 

Sloveniyalı yazıçı Vladimir Bartol “Əlamut: fədailər qalası” tarixi romanını 21 il apardığı tədqiqatların sonunda 9 ay ərzində yazıb bitirib. Bir gün küçədə rastlaşdığı dostu ona “tərcüməni oxudum, o ingilis ya hind yazıçısı möhtəşəm roman qələmə alıb” – deyir.
Bartol “hansı, Əlamut əsərini deyirsən?” sualına “hə” cavabı verən dostuna “o kitabın müəllifi mənəm, ingilis deyil” söyləyərək gülür. Dostu əvvəlcə inanmır “Yox bir, məni axmaq yerinə qoymusan” – deyir, amma daha sonra bu şahəsərin onun tərəfindən yazıldığına şahid olur.
Bu o demək idi ki, sloveniyalılar o dönəmdə yazıçılarından öz tarixlərindən başqa xalqların barəsində tarixi roman yazacaqlarını gözləmirdilər.  



“Min bir gecə” nağılları üslubunda yazılmış bu kitab isə çox rəngarəngdir, İrandakı şiələrlə, sünni Səlcuq türkləri arasındakı mücadilənin təsviridir. Roman nəşr edildiyi dövrdə Mussolini faşistləri Sloveniyada “təmizləmə” siyasətini yürüdürdü. 
Yuqoslaviyada işğal dövrünə təsadüf etdiyi üçün roman italyan və alman faşistlər tərəfindən qadağan olunub. Sonra da uzun müddət kommunist idarəçiliyində təhdid kimi təqdim olunmağa başlanıb, samizdata çevrilib.
Əsərin ingiliscə tərcüməçisi Maykl Biqqins kitabın son sözündə qeyd edir ki, romanda şiə-sünni qarşıdurmasından savayı, həm də Səbbah o dövrün Mussolini,  Hitlerinə bənzədilir. Biqqins yazır ki, Səbbahın “sağ əli” olan Əbu Əli Jozef Göbbelsin oxşarıdır:
Beləcə, günümüzə gəlirik. “Əlamut” romanını dövrümüzün nəbzi ilə necə oxuya bilərik? Zəmanəmizdə Amerika, Səbbah kimi terroristlərin hərəkətlərini ört-basdır edir. Bugünkü “Əl-Qaidə” ilə Qərb arasındakı toqquşmalar da minilliklərdən gələn davanın davamıdır.
Amerikalı liderlər “Əlamut” kimi kitablar sayəsində, İran və İraq kimi ölkələrdə tarixən nələr olduğunu öyrənib, siyasət yürüdürlər”. 



...Həşşaşilərin, yəni çağdaş dövrün “əl-Qaidə”çi, “İŞİD”çi “mücahidlərinin Avropa yürüşü, Səbbahın fikirləri, Ömər Xəyyamla söhbətləri,  rasional baxışı, Əlamutun yunan “kafiri” Teodorisin dərsləri və böyüməkdə olan kamikadze hərəkatı, qoca qitədə elədikləri isə növbəti yazının mövzusudur.  


Ardı var... 

“Məni ədəbiyyatçı yox, ticarət möcüzəsi sanırlar”

“On səkkiz yaşımda varlı və məşhur idim, bunu mənə bağışlamadılar. Məni ədəbiyyatçı yox, ticarət möcüzəsi sanırlar. Bu gün qazandığım pullar həyat tərzimi dəyişib. Ancaq bu, yaradıcılığıma, dostlarıma münasibəti dəyişibmi? – əsla”.




Fransuaza Saqan “Salam kədər”dən sonra qazandığı uğurda pul və sənət dilemmasını səciyyələndirir. Yaradıcıya qarşı pul mühakiməsi ondan da yan keçməyib. Axı kapital həmişə ədəbiyyatın başına qaxınc olub?! Tifil yazıçı, səfil şair, yoxsul rəssam, ölüm yatağında olan bəstəkar – oxucunun bütün dövrlərdə əzabkeş görmək istəyidir.
Oxucu tələb edir - ya yaratmaq üçün yazırsan və diskomfort həyatı seçib ac ölürsən, yaxud da sənə burjua ədibi damğasını vurub yazdıqlarından imtina edirik. Qoqenin, Mondilyanın ölümündən sonra rəsmlərinin başqalarını varlandırması da, Nitsşenin ölümündən sonra əsərlərinin şöhrət qazanması da fransız yazıçını yaxalamış dəhşətli kultun başlanğıcı ola bilər, bəlkə də.
Yerdə qalan tək-tük möhürünü vurmuş qələm adamları olub ki, oxucu onları kübar geyimi, zadəgan rəftarı, aristokrat davranışı ilə yanaşı legitim sayıb. Məsələn, Vaqif Səmədoğlu, Qabriel Qarsiya Markes, Orxan Pamuk və s.

***  




...İngilis yazıçısı, kommunist Dorris Lessinq də mürəkkəbini pul üçün xərcləyir: “Mən pul üçün yazmağa başlamışam, şöhrət haqda fikirləşməmişəm. 12 yaşlı oğlumla Londonda vəziyyətin ağırlığından fahişələrlə eyni evdə yaşamalı olmuşam.
Evdəki qadınlardan biri seksə nifrət edirdi, sonradan fahişəyə çevrildi. Mənə təklif edirdi ki, gəl bir-ikisini sənə düzəldim, elə asandı, bütün dərdlərin yadından çıxacaq, bu yazmaq zəhrimarı da tərgidəcəksən. Mənsə bunu eləmədim. İndi ilk romanımın çapından 10 il keçib, məşhurlaşmışam, amma maddi həyatımda nə dəyişib ki?...”.
Bu da qarşımızda F.Saqana antoqonist D.Lessinq nümunəsi...Və bununla belə, hər ikisi yazmaq əzabının marazmını, zəhrimara dönüşünü gizlətmir. Eynilə Kafkasayağı: “Yazmaq zərurəti həm xoşbəxtlikdir, həm işgəncə”.
Razılaşmamaq mümkün deyil, çünki F.Saqanın da “yazmaq mənim üçün ağır, sıxıntılı bir təşəbbüs olaraq qalır” sözləri insanı eyni vaxtda riqqətə gətirir. Yaradıcı insan yoxsulluğun daşını atmaq, varlanmaq ehtirası ilə bahəm, sənətdən də üzülüşə bilmir.
Seçim isə bəllidir; ədəbiyyat kapitala yox, özünə xidmət etməlidir, yoxsa qısamüddətli şöhrət də sabun köpüyünə çevriləcək.

***



Bu nikbin taledə Saqanın bəxti gətirib. Şöhrətin gətirdiyi var-dövlət yazıçının başını gicəlləndirməyib, proloqda söylədiyi kimi, qazandığı pullar yaradıcılığa münasibətini dəyişməyib. Lessinq haqda isə bu sözləri demək çətindir.
Ən azı sənətə qurban verdiyi arzuları nakam qalıb, həyat ona hamar ömür nəsib etməyib. Fərq sadəcə ondadır ki, “Salam kədər”dən sonra varlanan Saqanın  sonra çap etdikləri böyük həvəslə qarşılanmayıb, pullarını saymağa başlayıblar, müsahibələrdə yaradıcılıqdan daha çox maddi imkanları barəsində suallar üstünlük təşkil edib:
“Hər dəfə elə güman edirdim ki, mənimlə ədəbiyyatdan danışacaqlar, amma bankdakı hesablarımı soruşurlar. Heç bilmirəm nəyi mənə qəbahət sayırlar – çox qazanmağımı yoxsa xərcləməyimi?!” Və kasıb Lessinqlə isə müsahibələr ədəbiyyatla başlayıb, başladığı yerlə də bitir.
Bu sənət üçün ən böyük “kozrdı” – pul ədəbiyyata, incəsənətə qarşıdır. Kapital yaratmır, dağıdır. Daha sonralar Lessinqin maddi rifahında sıçrayış olsa da, onun kommunist idealistliyi daha artığını etməyə imkan vermir, yaxşı ki da belə olur...

***  




Ondandır ki, yaradıcı əməyin maddi bəhrəsinin arxasınca gələn tənəzzül yenidən dirçəlişə səbəb olmur. Yazıçı sənətlə pul arasındakı seçimdə imtahana çəkilir və bu, çox vaxt ədəbi harakiri ilə nəticələnir. Qələm kapitala uduzur.
Əvəzində meydana replika, ömrü “şpris” qədər olan yazılar, atmacalar, qeyri-intellektual polemikalar çıxır. Ötənlərdə rəhmətlik Qılman İlkinin oxuduğum müsahibəsindəki giley də bu mövzunun ahənginə uyğun idi. Yazıçı günümüzdə irihəcmli kitabların oxunaqsızlığını dayaz məzmunlu yazı bumu ilə əlaqələndirirdi:
“İndiki zamanın sürətini nəzərə alanda, görürəm, irihəcmli əsər yazmağa dəyməz. Oxunmur. Onların oxunmamasının səbəbi var. Hamı qaça-qovdadır, hamı operativ olub, elə hey harasa tələsirlər”. Q.İlkin haqlıdır – operativlik ədəbiyyata da müdaxilə etməkdədir.
Və nəinki operativlik, hətta ədəbiyyata masturbasiya gətirilməkdədir. Oxunmaq və oxutmaq naminə seçilən sərlövhələr, vasitəli nitqlə kontekstdən çıxarışlar, klassiklərin şəxsi həyatını qurdalayıb, onların yazdıqlarından fikri yayındırmalar, meşşan təfəkkürlülər üçün başlıq təqdimatları efirdən ədəbiyyata transformasiya olunmuş deqradasiyadır.

Vaxtilə “söndürün televizorlarınızı” yazanların indi qələmindən mağar ab-havası, serial qoxusu gəlir. Azərbaycanda təkcə kapital yox, “ədəbsiz”lər də ədəbiyyata qarşı yumruq kimi birləşiblər. Sənət isə heç zaman ölmür, sadəcə, taqətdən düşdüyü vaxtlar olur. Nitsşe isə bu sarıdan nikbinliyini sona qədər qoruyub saxlamağı bacardı: “Mən acgöz biri deyiləm. Kütləyə də yazmıram və səbr etməyi bilirəm. Bəlkə, mənim oxucularım dünyaya hələ gəlməyiblər...?!”  

CƏNAB KİPİANİ VƏ BİZİM CƏBİŞ MÜƏLLİM

Kamü yazırdı ki, sabah bundan da pis olacaq. Necə də bədbin idi?! Yox-yox, bu pessimizmin içində ölümünə barışmazlıq, dönməzlik vardı. “Taun”dakı bədbin “şəhər üsyançıları”nın mübarizliyi qədər...





Və bu pis sabahlar neçə-neçə qərinələr, dövranlar, zəmanələr, nəsillər geridə qoyub... Ki, hər yeni gələn gün böhran dalğası vəziyyəti ağırlaşdırsın, dərinləşdirsin, zay məhsul yenilik kimi sırınmağa, vitrində bərq vuran saxta mallar keyfiyyət etalonu kimi satılmağa, ağzına gələni yazmaq söz azadlığı adı ilə soxuşdurulmağa yön alsın, belədə isə cırlaşma kütləviləşir, yaxşı ilə pis bir-birinə qarışır, dünənə kimi əxlaqsızlıq sayılan hallar normaya çevrilir, sonra statistikaya, ardınca da adiləşir. Vay o günə ki pis nə varsa legitimiləşə...

***

Efir və mətbuatın şərikli təbliğatı isə böhran dalğasında zombiləşdirməni tezləşdirirsə, virtualda “qruplaşan”ların basmaqəlibliyi onları müəllimə çevirir, məişət səviyyəsində toxunduqları problemlərə yazdıqları sətirlər aforizmləşir, sonra portretlərinin altına bir cümləlik “ailə-məişət” fikirləri qeyd edilərək cəmiyyətə filosofun zehniyyəti kimi yeridilməyə başlanır.

Bütün bu dərimizə işləyən mikroblar total şəkil alınca əks-təbliğat zəiflədi və cənab Kipianilərin, bizim Cəbiş müəllimlərin boşluğunu sırtıqlar, dişlərini ağardan zəvzəklər, “eynəkli intellektuallar”, uğursuzluqdan ədəbi kompleksdən əziyyət çəkən didaktiklər, hikkədən boğulan girəvəcilər doldurmağa can atdı.
Tənəzzül isə dərinləşdikcə dünənin xiffətini çəkənlər Kamüsayağı sabahın bundan pis olacağında haqlı çıxdılar; ideyaların yerini dibsiz boşluqlar, idealistlərin mövqeyini təlxəklər, sözlərin əvəzini gəvəzəlik, fikrin meydanını dedi-qodu, qeybət tutmaqla hamını eyni vaxtda dəliyə döndərdi.
Musiqini “fonoqramalı səssizlər”, filmləri “Aramızda qalsın”larla doldurmaqla, sənətkarı ölüm yatağında buraxıb, “tupoy” rolunu canlandıran mütrifləri alqışlamaqla sənətə başdaşı qoydular. 




Nəhayət, kor-kor, gör-gör deqradasiya ziyalı, müəllim motivasiyasını dəyişməyə istiqamətləndi. Necə də Nitsşenin ümidsiz və xəstə günlərində sevdiyi qadın Lui Salominin doktor Brauerin yanına qaçaraq həyəcan təbili çalmasına bənzəyir: “Avropanın mədəni gələcəyi təhlükədə, ona yardım edin”.
Beləliklə, cənab Kipiani və Cəbiş müəllimin yerinə gələn “gənc ziyalılar” yeniyetmə qızların, oğlanların sevimli müəllimləri kimi böyüməyə başladılar. 
Sartrın sublimasiyasını yaşayan “kipiani”lər qollarını çırmaladılar; müdriklik qiyafəsində müəllimliyin sədarət kürsüsünə qalxıb öyüd-nəsihət vermək, necə yaşamağı öyrətmək qədər özlərində həyasızlıq tapıblar, yeməyi hansı formada yeməyi, necə geyinməyi, şəxsi həyat (intim münasibətlər) kodeksini müəyyənləşdirməyi belə dərs keçirlər.
Sabun bişirməyən Cəbiş müəllimin, əqidəli cənab Kipianinin yerini bu gün ağzıköpüklü, qorxaq, öz həyatını necə yaşamağı bilməyənlər tutmaqla Kamü haqlıymış - sabah bundan da pis olacaq.  

*** 


Zaman 2011, aprel. Məkan Astara. Köhnə-kürüş, yırtıq-yamaq ayaqqabıları tikən pinəçi Əfi ilə proletariatın yeməkxanasında dərdləşərik. Rustavelidən, Tolstoydan danışır, Mayakovskinin şeirlərindən söz açır, “Əqidə - insan mənəviyyatının kənar təsirlərə uymayan ən ali nöqtəsidir” – deyərək masadakıları təəccübləndirir.
Arada kövrəlir, köks ötürür, dərindən bir ah və... qədəhi başına çəkir, siqareti damağında asta-asta paravoz kimi tüstülədir, “bilirsən?” – deyə xitabən bütün çıxışlarını davam edir, inanmaq olmur ki, “Əqidə - insan mənəviyyatının kənar təsirlərə uymayan ən ali nöqtəsidir” sözü pinəçinin özünə məxsusdur.




Ömrünü yırtıq-yamaq tikməklə keçirən pinəçinin zəngin mütaliəsini oturub dinləməyin zövqü bir yana, “Dədə Qorqud” kimi özünü aparan “kipiani”lərin ondan öyrənəcəyi varkən, 16-17 yaşlı burnunun suyunu axıdanlara müəllimlik edirlər.
Sadəcə, bu gənclərin alternativləri məhduddur - efirdə “iki eşşəyin arpasını ayıra bilməyən” təlxək manıslar necə yaşamağı öyrədirsə, mətbuatda da onların “eynəkli müəllim(f)”ləri medalın başqa üzüdür. Sovet vaxtı müəllim dövlət təbliğatında qabardılırdı.

Onu ilahi varlıq, müqəddəs maarifçi statusunda cəmiyyətə təqdim etməliydilər ki, tərbiyə aldığın adam nümunəvi olsun. Axı Leninin atası da müəllim idi?! Və bu sovet filmlərində də təşəkkül tapmışdı. “Cənab Kipiani”, “Bizim Cəbiş müəllim”, daha sonra “Həm ziyarət, həm ticarət”, “Otel otağı” filmlərində müəllim ən ali şəxsiyyət idi, onu alverçi, hiyləgər, riyakar obrazda görmək olmazdı. İndi olar, özü də ən idbar, lovğa, miskin adamların ifasında...   

Buqələmunlar nəsli



“Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım?!” Bu, Tatyananın Bulqakova son sözü olur. Vəssəlam. Xəyanətə uğramış qadın, istedadın qurbanı… Adını nə qoyursunuz qoyun, bir yaradıcının taleyi ancaq və ancaq bu qədər ziddiyyətli ola bilərdi. 





Necə ki, Moemin “Ay və qara şahı”sında adi birja işçisi, gələcəyin dahi rəssamı Striklənd ailəsini sənət naminə atır. Sonra Taiti adasında başqa bir qadınla ömrünü başa vurur. Haqlı olaraq soruşmaq olar: “Əgər rəssam sənət üçün ailəsini tərk etmişdisə və gedişindən sonra heç bir qadına toxunmamışdısa, nə üçün illər sonra başqasıyla yaşamağı seçirdi?”
Bəs madam ki, yaradıcının həyat kredosu yazdıqlarını yaşamaq, yaşadıqlarını yazıb-yaratmaqdırsa, onu qınaya bilərikmi? Bu da ritorik sualdır. Axı yaradıcının mütləq və mütləq bioqrafiyası zəngin, keşməkeşli, məşəqqətlərlə dolu, təzadlar içində olmalıdır?!
Onun fantaziyaları, heyrətləndirmək bacarığı da istedaddan əlavə bu amillərdən asılıdır. Yalnız bu ovqatda güclü təhkiyə ilə yazmaq mümkündür. Bulqakov da xəstə ikən gecələr “Ağ qvardiya”nı yazanda Tatyana yatmayıb, onun yanında oturub, vaxtaşırı yazıçının əllərini isitmək üçün isti su qızdırırdı. Və qadın hardan biləydi ki, əllərini qızdırdığı Bulqakov ürəyini başqa bir məhəbbət üçün yandırır.
Çapından sonra bilir ki, “Ağ qvardiya”nı onun gecələr qayğısına qalan Tatyanaya yox, Lyubov Belozorskaya ithaf edirmiş. Tatyananın Bulqakova elə son sözü də belə olur: “Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım?!”.   


***  


Mənə “Bulqakovun taleyinin kontr-presedentini göstər” deyə bilərsiniz. Bu analogiyaya Şopen uyğun gəlir. Qısa ömründə bəstəkarın (39 il) ən məhsuldar dövrü Corc Sandla birlikdə keçirdiyi günlər idi. İki konsert və çoxlu sayda fortopiano pyesləri, sonatalar, noktürnlər, skertsolar, etüdlər, ekspromtlar – hamısını da yazıçı qadının məhəbbəti ona yazdırır.





Və bu dipdiri həqiqətdir: elə bir yaradıcı adam yoxdur ki, eşq onu yazdırmasın. Təbiətən musiqiyə həvəsli olan C.Sand Şopenin istedadı qarşısında baş əyirdi. Ədəbi prosesdən kənarda qalan Şopen isə sevgilisinin yaradıcılığı ilə az maraqlanırdı. Hətta Corc Sandın çox az əsərini oxumuşdu. Yazıçının belə laqeydliklə barışması çətin idi. İncikliklər damla-damla toplanırdı. 
Ayrıldıqdan sonra Sand əvvəlki tək fəal, çalışqan olur. Şopen isə sanki havadan məhrum olmuşdu. O artıq musiqi bəstələyə bilmir, yalnız ifa edirdi. Yazıçı yataq xəstəsi olan bəstəkara bir addım da yaxın getmir, xəstə bir adam üçün ömrünü xərcləmək istəmədiyini deyir. Bu da Bulqakovun əllərini qızdıran Tatyanadan fərqli olaraq yarımcan vəziyyətdə canı ilə çarpışan Şopenə Sand tərəfindən göstərilən eqoistlik. İki xəstəhal yaradıcıya antoqonist rəftar, fərqli talelər: eqoist qadınla nəvaziş göstərib, xəyanətlə qarşılaşan cəfakeş qadının dahilərlə yaşadığı mübahisəli ömürlər… Və Bulqakovun taleyi öz əlindəydisə, Şopenin bu mənada bəxti gətirməmişdi.  

***   

Demək ki, yaradıcı adamın taleyi təlatümlü, burulğanlı olmalıdır. Onda təsirli təhkiyələr qələmə almaq mümkün olacaq. Məsələn, Mopassan fahişələrlə keçirdiyi günləri hekayələrində elə ustalıqla təsvir edib ki, oxucu o mətnlərdə ictimai çəkisi  olan məzmun da tapa bilib. Dəniz Gəzmişin son məktubunda yazdığı kimi “Həyatda çox yaşamaq yox, yaşadığın müddətcə çox iş görə bilmək lazımdır”. 
Boz, monoton həyat yaşayan yazıçıların təhkiyəsində bədii təsvirlər zəif alınmağa məhkumdur.  İki şüşə içib, öz obıvatel ömrünü kədərli şəkildə oxucuya sırımaq heç bir sosial və şəxsi əhəmiyyət kəsb eləmir. Oxucu təhkiyədə yaşadıqlarını sətir-sətir görmürsə, hiss etmirsə, “hə, məndə də belə olmuşdu” deyibən içindən bir ah çəkmirsə, müəllifin nə uşaqlıq, nə gənclik, nə də nakam məhəbbəti təhkiyədə uğur qazana bilməz. 




Kim bilir, bəlkə də, Gete “Gənc Verterin əzabları”nı yazanda yaşadığı taleyin bir parçasını qələmə almışdı?! Belə olmasaydı, bu qədər güclü təsvir kitabı oxuyan gənclərin intiharı ilə başa çatmazdı. Və yaxud son bəyəndiyim təhkiyəni - Səfər Alışarlının “Yay vidalaşmaları” hekayəsini göstərmək olar. Nostaljisi, axıcı və sakit dili, mahir fəndləri…
Kəsəsi, yay günlərində oxunacaq ən gözəl hekayədir. Heyf ki, çoxluğun diqqətindən kənarda qaldı… Bizim buqələmunların isə yazdığı bir-iki təhkiyəyə təsadüfən göz atmışam. İlk cümlənin cansıxıcı, yorucu olması, oxucunu öz arxasıyla apara bilməməsi bir yana, məzmunun lümpenliyinə bişmiş toyuğun gülməyi gəlir.
Hətta qəzet səhifəsində bir dilənçi uşağın yaxud tüfeyli “bomj”un həyatından bəhs edən reportaj belə onların 200 səhifəlik təhkiyə-romanlarından dramatik və cəlbedicidir. Və təhkiyələrində mətn boyu əsas süjet xətlərini yemək, içki, siqaret təşkil edir. Ona qalsa, Yusif Səmədoğlu qədər “Qətl günü” romanında içki və siqareti sevdirən ikinci müəllif yoxdur.  Müəllif əsərin hər iki səhifəsindən bir oxucuda içmək, siqaret çəkmək həvəsi oyadır.    

***   

Markes məşhur müsahibəsində çox mühüm bir detala toxunur. Yazıçının ikibaşlı fikirləri özü üçün bitməsə də, bizim zəmanəmizin yazarlarına olduqca yaxın və aiddir: “Bu ardı-arası kəsilməyən müsahibələrə son qoymağın yaxşı yolu var.
Qısa vaxtda nə qədər çox müsahibə versəm, dünyanın zəhləsini bir o qədər tökmüş olaram. Bununla da bir mövzu kimi tükənərəm”. İroniya ilə deyilmiş bu sözdən sonra Markes nə tükəndi, nə də zəhlə tökdü. Ancaq onun söylədiklərini fikirləşmədən edənlər, buqələmun düşüncələri ilə hər gün “yetənə yet, yetməyənə daş at.az” saytlarında müsahibə verənlər artıq nəinki tükənirlər, olduqları yerə qayıtmağa başlayırlar. Onların özləri qədər yazdıqlarının da mənasızlığı, oxucunun gülə-gülə əl sallayıb, onlara xudahafiz deməsidir. Bu bir yaradıcı üçün çox kədərlidir… 

Və yenə də təhkiyə-romanları bir teatr səhnəciyinə yaramayanlar üçün Markes aktualdır: “Mən yazmağa başlayanda bir məqsəd güdürdüm. Dostlarımdan birinə sübut etmək istəyirdim ki, bizim nəsil də yazıçı yetişdirə bilər. Onda cəmi 17 yaşım vardı”. O sübut etdi. Bəs bizim nəsil?!