среда, 14 мая 2014 г.

“Cırtdanların Qulliverliyi”; Muğanna və Markes

Köhnə kişilərdən, klassiklərdən, “Çayçı Məmməd”dən oxuyub belə öyrənmişik. Öyrənmişik ki, hər gün yazmaq, hər gün çap olunmaq heç də gözəl yazmaq deyil. Bizə belə tərbiyə, öyüd-nəsihət veriblər; onlardan belə görmüşük, az yazmaq oxumağa tələbatı artırır, sözün çəkisini qaldırır, mənasını, hikmətini dərinləşdirir.
 Virtual redaksiyaların, feysbuk agentliklərinin, fəza yazarlarının göbələk kimi artdığı “çat” və “like” dövründə isə asilərin nəsihəti ikiqat aktuallaşır. Hər gün müdrik baxışları ilə qəzet səhifələrindən, sayt balkonlarından sırtıqcasına boylanan o müəlliflərin tanınmış olması vəziyyəti şərtləndirmir. Hələ bilməz olmaz ki, sən populyarsansa həm də qəbul edilirsən.
Qəbul edilmək üçün abır-həya da lazımdır. Oxucunun zəhləsini tökən o marıtlamış sifətləri hər gün görmək xoş olmadığı qədər yorucu, boz və darıxdırıcıdır. Onlar oxunmurlar, təkcə ona görə yox ki, istedadsız yazırlar, həm də illərdir sərsəm “ideya”larla çıxış edirlər, onların yazdıqlarını göyərti satan da bilir.
Müəllif isə oxucunun bilmədiyini yazandır, fərqlilik yaradandır, sənət adamıdır, rəssam kimi sözlərə müxtəlif çalarlar vermək səriştəsidir, zərgər təki cümlələri mıncıq düzəndir. Məktəb inşası səviyyəsində yazmaqdan kənara çıxa bilməyənlərin həyasızlığı bəzən əndazənin o həddini aşır ki, az qala özlərini böyük ədib məktəbi kimi təqdim etsinlər. Belə yerdə Yılmaz Güneyin “Haqlı - haqsız olduğum zamanlarda deyil, qarşımdakı adam olmayanda susuram” fikri xatırlanır. Virtualda üç kateqoriya adamlar var: 
I - Onlar bir qrupdurlar, bir-birilərinin çeynənmiş, geydirmə, mənasız yazılarını “möhtəşəm”, “filankəs əlinə sağlıq”, “heç belə yazı görməmişdim” başlığı ilə paylaşırlar.
II - Bir qrup ədəbiyyat adına soxuşdurulanlardır ki, onlar da bir-biri ilə hər gün pivə içib, şəninə tərif yağdırırlar, saytlar da bunlardan müsahibə alır.
III - İstənilən məsələdə qərəzli mövqe qoyub, heç nə ilə razılaşmayıb, cığallıq edib, daxilində barışsa belə kompleksindən irəli gələrək etiraf etməyib, təki axına qarşı getdiklərini nümayiş etdirənlər fəsiləsini görmək olar.  

***  
 Ədəbiyyat - nəsr, nəzm, romançılıq, pyes, şeir ağır işdir. Keçmişdə dodaqdəyməz təcnisdən tutmuş müxəmməsə qədər yazmaq üçün qollarını çırmalayıb, özünə əziyyət verənlər olub. Nə var ki, mən bu üslubda yazan ilkəm.
Hərçənd, müasir poeziyada kimsə novatorluq, yeni janr haqda düşünmür, ehtiyac da yaranmayıb. Bu sənət Kamyunun “Sizif”i qədər ömürlük əzabdır. Həyatda jurnalist, dulusçu, pinəçi, qaynaqçı, pilot olmaq da mümkündür.
Ədəbiyyat adamı olmağa iddia etmək isə “şir ürəyi” və həya tələb edir. Bu gün nəsrə iddialılarda isə nə birinci, nə ikinci var. Olsa-olsa onlarda ədəbiyyatı lağa qoymaq, ələ salmaq, məsxərəyə çevirmək yanğısı var. Mütaliəsinə və dünyəvi ədəbiyyata hörmət edən adam onların kitabcığazlarını nəinki vərəqləməz, əlinə belə götürməz.
Nəsr novatorluğu diktə edir. Kimsə demir ki, Tolstoyun “Anna Karenina”, Anarın “Beş mərtəbəli binanın altıncı mərtəbəsi”, yaxud Mopossanın “Həyat”ını təzədən yazmaq olmaz, olar. Amma onu kimsə oxumaz. Axı heyrətləndirmək istedadı olmalıdır?!
Çünki bu nəsrlər dövründə bir yenilik idi. İndi insanların gündəlik “Həyat”ı “Anna Karenina”ya oxşayır. O ki qala bu mətnlərlə oxucunu təəccübləndirməyi bacarasan. Demək ki, bizim ədəbi çevrələrdə yazıçı avtoritetliyi etmək istəyənlərin istedadsızlıqdan savayı, mövzu qısırlığı da varmış.
Məsələn, dövründə kitabının satışına qadağa qoyulmuş Vladimir Bartol “Alamut”u yaza bilmək üçün 21 tarixi qaynaqları araşdırıb, ciddi nəticələrə hasil olandan sonra romanı qələmə almağa cəsarət edib. Gəl ki, bugünkü ədəbiyyatımızda “lotuluq” arzusunda olan “cırtdanların Qulliverliyi”nə baxaq.

***

Nə Şopeni Corc Sand, nə Nitsşeni Lui Salomi, nə də Kafkanı Milena öldürmədi, tam tərsinə yaratmaq üçün bu qadınlar onları gücləndirdi, yazmaq eşqini alovlandırdı. Bəxtiyar Vahabzadə danışırdı ki, mən kədərdən ilham alıram, sevincdən nə pay götürüb yaza bilərəm?
Doğrudan doğruya insan taleyindəki üzücü, qəmginlik yaradan hadisələr yalnız yazmağa adamı həvəsləndirir. Kafka Milenaya “Sənsiz yaşaya bilmirəm, sənlə də yaşaya bilmirəm” yazarkən ədəbiyyatda azadlıq faktoruna diqqəti cəlb edirdi.
Köhnə deyimdir ki, evlilik ədəbi azadlığı məhdudlaşdırır. Yazıçı Milenanın xiffətini çəkərkən kədərlənir, ilhamlanır yeni-yeni möcüzələr yaradanda onunla da yaşamağı xəyal edirdi. Yaşadıqlarını yazanlar xalüqələr yaratmağa qadirdir.
Kafkanın Milenaya yazdığı kimi, Nitsşenin Salomiyə məktubları da çağdan dövrün nasirləri üçün ibrət dərsi olmalıdır. Çünki sevgi ədəbi prosesin eleksiya vəziyyətindən orqazm halına qədər vacibdir, bunun zavyazkası, razvyaskası, kulminasiyası var, finala isə bəzən gərək qalmır.
Bizimkilər isə yazdıqlarında sevgini ələ salıb, çürüyü çıxmış “azad seks” mövzusunu “acı bağırsaq” kimi uzadırlar. Sevgi isə yaradıcını “ədəbi cırtdan Qulliver” arsenalından çıxarır, işıqlı adama çevirir.

***  

Və bu, o günləriydi ki 1 aprel - gülüş günü Azərbaycanın İsasını itirdik. Bəli, İsa Muğannanı. Vay o qələm adamının halına ki, yüzlərlə yazısı, kitabları, hekayələri nəşr edilə, hələ də yazıçı kimi birmənalı qəbul edilməyə. Bir hissə sənə publisist deyə, kiçik zümrə yazıçı kimi tanıya.
İsa Muğanna isə elə bir düha, sənətkarıydı ki, alnında yazıçı damğası vardı. Mübahisəsiz, şərhsiz, dedi-qodusuz ədəbiyyatın minarəsinə əyləşmişdi. Bax, bu yerdə yazının əvvəlindəki qeydlərə qayıtmalı oluruq. Həyatda jurnalist, mühəndis, poçtalyon olmaq mümkündür, yazıçılıq isə mürəkkəb işdir.
Hər adamdan Molla Pənah Vaqif çıxmaz. Muğanna isə o yazıçıydı ki, sözləri zərbül-məsələ, sitata, aforizmə çevrilmişdi. Ümumiyyətlə, yazdıqlarından azı 3-4 fikri dillərdə əzbərə çevrilməyənin ədəbi mühitdə yeri aşağıdadır.
Muğanna isə “kiçik həşərat böyük həşəratdan, quzu qurddan, gücsüz insan güclüdən, cəmi bəşəriyyət də Allahdan qorxur” fikri ilə yaddaşlarda həkk olunub. Bu yerdə “güclü gücsüz insan yoxdur, kamil insan var, bir də cahil” cavabı da Nəsiminin yox, Muğannanı qələmindən çıxıb. “Vəsf zamanı deyil, ay afət” də İsanın məhsuludur.
Biz Nəsimini görməmişik, qəzəllərində, çıxışlarında belə sözlər olmayıb. Demək, Muğanna cazibəsidir, biz yazıçının yaratdığı Nəsimini sevmişik, həqiqi İmadəddini tanımırıq. Yaxud “Gedən cismimdir, ruhum sizinlədir” kəlamını bəlkə də heç Nəsimi söyləməyib. Xalid Kazımlı doğru yazmışdı, Muğanna Pensilvaniyada yaşasaydı Selincerdən az şöhrətli olmazdı. Görünür, ədəbiyyatda coğrafi uğursuzluq da var.

***

 
 Nəhayət, belə vaxtda Muğannanın vəfatından 17 gün sonra, aprelin 18-də magik realizmin nəhəngi Markes də kainatla vidalaşdı. Qəzetçilikdən yazıçılığa gedən uzun bir həyat yolunda sağlığında bütün yaradıcı arzularına çatmışdı.
Muğannadan fərqli olaraq, bütün dünya Markesi oxuyurdu. Obamadan Əliyevə qədər Markeslə bağlı baş sağlıqlarına rast gəlinirdi. Markes müsahibəsində ədəbiyyatın necə əziyyətli iş olduğunu təsdiqləyirdi. O deyirdi ki, “8 saat ərzində güc-bəla ilə cəmi yarımca səhifə yaza bilirəm. Yazdıqlarımla döyüşürəm, bu döyüşdə Söz qalib çıxır”.





Muğanna ilə Markesin böyüklüyü də “Qulliverlər” üçün bu mənada bir dərslikdir. Amma çətin ki, təkəbbürlü, xudpəsəndlər “boğazdan yuxarı” söhbətlərindən, yazılarından əl çəksinlər. Çünki bu ölkədə onları oxuyanlar efirdə maştağalı meyxana deyən Kərimi çağırıb Markes haqda sual verənlərdir, meyxanaçı da deyir ki, qoy Kolumbiya xalqının canı çıxsın bizim yazıçıları tanısın, Amalya Pənahova isə Qabrieli müğənni bilir.
İndi görün, hansı ölkədə kimlərlə eyni pasportu daşıyırıq. Əsl sənət yanğısı ilə yazanlar bilirlər ki, ədəbiyyatda uğur lotoreya kimidir, bəzən. Müəllifi ölüm yatağında belə yaxalaya bilər talequşu. Saramaqo kimi nəhəng 50 yaşdan sonra əsərlərini oxutdura bilib. Canınızı sıxmayın!!!