вторник, 10 июля 2012 г.

ağladan GÜLƏR

Polis tərəfindən qandallanmış əlləri, ölümcül xəstəlikdən maskaya bağlanmış ağzı və gülən gözləri düşmənə öldürücü zərbə idi. Xəstəxanadan çıxanda dost-düşmənlərinə qələbə işarəsini göstərməsi də onu əllərini qandallayan və həbsdə çürüdənlərə əbədi bir cavab idi.



Bəli, o öldü, getdi, bəlkə də ədalətin olduğu məkana uçdu. Fəqət, Türkiyədəki adamyeyən rejim bir gözəlin qatilinə çevrildi. Nəsillər dəyişəcək, qərinələr keçəcək, Türkiyə onu unutmayacaq, sevəcək. Türkiyə onu sevgisindən məhrum etmədi. Bəlkə də, insanların ona olan dəstəyi idi ki, öləcəyini bil-bilə məğrur dayanmışdı.
Nəiminin “gedən cismimdi, ruhum sizinlədir” kəlməsi bütün dövrlərdəki idealistlərin gedişi üçün aktualdır. Nə ağzına bağlanmış maska, nə də qollarındakı qandal onu susdura bilmədi. Ölüm ayağında onun baxışlarındakı qürurlu ifadə bizə öyrətdi-dar ağacında vüqarla dayanmaq gərəkdir. Şekspirsayağı yazsaq “yenilən adam təbəssüm edərkən, yenən adam qələbənin ləzzətini itirir”.
Gülər Zerə yenilmədi və ona mənəvi terror elan edən rejimi qarşısında çökdürdü. Kim idi bu devrimçi qız, nə etmişdi ki ömürlük həbs atılmışdı və niyə xərçəng xəstəliyindən əziyyət çəkən bu qızı ailəsinin yanında ölməyə qoymadılar? Onun haqda təkcə solçu olduğuna görə yazmıram. Bizim də Gülərimiz var. Faina Kunqurova.
Fainanı bir dəfə də italyan solçu Diana Melazzi ilə müqayisə etmişdim. Əfsus ki, Türkiyədə Gülərə olan diqqət, Azərbaycanda Fainaya göstərilmədi. Bəlkə də, çox adam Fainanı tanımır. Faina barədə Məmməd Süleymanov və Qan Turalıdan başqa kimsə yazmayıb. Budur, faciəmiz. Faina ideyaları uğrunda həbsxanadan ölü çıxdı, bir kəsin tükü tərpənmədi. Ölümü qəfil və müəmmalı oldu. Qida və dərmandan imtina etdiyi deyildi. Öldüyünü yaxınlarına 4 gün sonra xəbər verdilər. Hələ 2004-cü ildə Avropa Şurasının tələbi ilə əfv olunmuşdu. Çox çəkmədi yenə həbs etdilər və bu dəfə ölüm xəbəri gəldi.





Gələk, Gülər Zerəyə. 1993-cü ildə Tuncelinin Çemişkezek mahalında 2 vətəndaşın, 1 təhlükəsizlik gözətçisinin öldürülməsi, Hozat mahalında əsgəri konvoya və jandarma polis bölməsinə silahlı hücum təşkil edilməsində ittiham olunan G.Zerə 20 yaşında ömürlük həbsə məhkum olunmuşdu. Gülər Devrimçi Xalq Qurtuluş Cəbhəsi Partiyasının üzvü idi, 14 illik məhbus həyatında xərçəng xəstəliyinə tutulmuşdu, ölümünü gözləyirdi. Gülər sadəcə son günlərini valideynləri ilə keçirmək və vidalaşmaq istəyirdi. İcazə vermədilər.
Əvəzində, cərrahiyyə əməliyyatında Gülərin damağın əksər hissəsi kəsilib çıxarıldı və protezlə əvəzləndi. Ağızla yeyə bilmir, qida damara yeridilirdi. Türkiyənin səhiyyə naziri isə ona “yaxşı ki həbsdəsən. Çöldə olsan terror törədərdin” demişdi. Abdulla Gül isə Gülər niyə əfv olunmur sualına belə demişdi: “O, əfv istəməyib”.




Türkiyədə və Avropada Gülərin azadlıqda ölməsi üçün etiraz aksiyaları keçirilirdi, atası “qızımı salamat gözləmirəm, onun cəsədini almaq istəyirəm” deyirdi. Prezident Gül onu əfv etdi və azadlığının 7-ci ayında Gülər hamını ağladıb getdi. 2010-cu il mayın 7-də dünyasını dəyişdi. Ölməzdən öncə Gülər kədərli bir məktub də buraxmışdı: “Gec buraxıldım. Məni ölümün sahilinə gətirib buraxdılar. Həyat haqqım qəsb edildi. Çöldə “ölmə haqqı” verildi. Bunu da unutmayacağam. Hələ içəridə xəstə məhbuslar var. Hələ də təcrid var. Təcridin də özü ölümdür”. Vəssalam. Bu da “bir millət, iki dövlət” olan qardaş ölkələrdə mübariz insan həyatlarının sonu...

Комментариев нет:

Отправить комментарий