вторник, 10 июля 2012 г.

Ürəyiniz bulanırsa, Sartr oxuyun!!!

Neft ölkəsində gənclərin çap evinə borclu qalmaqla kitab nəşr etdirməsi nəinki ürəkbulandırıcı, hətta tükürpədicidir. J.P.Sartr sağ olsaydı bəlkə də qusardı. Gərək nə qədər mənəviyyatsız və kitab qatili olasan ki, bu təşəbbüsə laqeyd qalasan. Bu ki, siyasi xarakterli addım deyil?!





Razıyam, Sartrın kitabının tərcümə olunmasını hardasa tələbə hərəkatı kimi qiymətləndirmək olar. Nəzərə alsaq ki, söhbət “Paris may”ının fəal liderlərindən gedir, o halda dahi fransızla “tanış” olmamaq məsləhətdir. Təsadüfi deyil ki, Sarbonna universiteti tələbələrinin sevimli müəllifləri sırasına Bakunin, Marks, Kamyu və başqaları ilə yanaşı Sartr da daxil idi.
Bu heç nədən xəbər vermir? Məncə, bir işarədir. Azərbaycan SOL-u öz doğal, təbii inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə isə başlanğıc Sarbonna tələbələri kimi Sartr, Kamyu kimi idealistləri oxumaqdan keçir. İndi biz nə edək ki, Azərbaycan müəllimi “Şöhrət” ordeni ilə təltif olunur, Sartr isə Nobel mükafatından imtina edib, tələbə hərəkatlarına qoşulur? İntihar etməliyik ?- Əsla. Bu çıxış yolu deyil.
Çıxış yolu ürəkbulanma, qusma, başgicəllənmə, huşsuzluq yaradan bu ölkədə Sartrın “Ürəkbulanma”sını yaymaqdır. Təəssüf ki, həmkarlar təşkilatları yoxdur (olsaydı solçu yoldaşlar nəşriyyata borclu qalmazdı - E.S) və bu problem tələbələr arasında kitabın yayılmasına əngəl törədir. Amma ətrafımızdakılara “Ürəkbulanma”nı niyə də reklam etməyək? Sartrın hərçənd reklama ehtiyacı yoxdur, amma azəri gəncinin bu yazıçı ilə tanışlığına ehtiyac var. Hər kəs bir dəfə “Ürəkbulanma”ya mübtəla olsun, “ürəyi bulananların” sayı çoxalsın. Görəcəksiniz, bu ürəkbulandırıcı ölkədə nə qədər “qusmaq” istəyənlər var. Hələ qarşıda ÇE-nin “Boliviya gündəliyi” gəlir.
Sartla mənim tanışlığım isə yaxın keçmişə təsadüf edir. Onun “Divar” novellasından heyrətə gəlmişdim və düz 3 gün bu əsərin təsirindən çıxa bilmədim. Oxumayanlara (lit.az saytından) əldə etməyi tövsiyə edirəm. “Ürəkbulanma” isə oxucunu öz ağuşuna alır, onu öz burulğanında dolaşdırır, hisslərini qarışdırır. İnsan  özünü bu əsərdə tapır, yaşadığı təzadlı düşüncələrin labirintində itir, ətraf mühitdən və öz mövcudluğundan iyrənir, zahiri görkəmindən zəhləsi gedir, xülasə ürəyi bulanır. Sartr əsəri “İyrənmə” də adlandıra bilərdi. Lakin yazıçı səhv etmir, məhz “Ürəkbulanma”.
Çünki mədəüstü nahiyədə yaranan və zəiflik, tərləmə, başgicəllənmə ilə müşahidə olunan xoşagəlməz bir hissə tibb elmində ürəkbulanma deyilir. Bir sıra mədə-bağırsaq və qaraciyər-öd yolları xəstəliklərində də ürəkbulanma müşahidə olunur. Eyni zamanda bir çox nevroloji xəstəliklər də ürəkbulanmaya səbəb olur. Sadalanan əlamətlərin hansı cəmiyyətdə yoxdur? Hətta məndən olsa Azərbaycana qanqrena diaqnozu qoyardım. Bu haqda sonra qeydlərim olacaq. Bu dəfəlik isə bir müddət Sartrın “Ürəkbulanması” ilə müalicəyə başlayaq. Elə isə günü sabah hər kəs əlinə bir “Ürəkbulanma” alsın, ürəyi bulananlar sağalsın...

Комментариев нет:

Отправить комментарий