четверг, 27 июня 2013 г.

Sənətlə “artistlik” arasında...

“Bu kino çəkənlərin nazıynan çox oynayırsan haa, Kərbəlayi…” - mərhum Məlik Dadaşov sağ olsaydı “Qəmlo“nun dili ilə Azərbaycan kino sənətinə belə qiymət verərdi. Ya da son söz demək imkanı yaradılsaydı son nəfəsində Siyavuş Aslan “8 min pul alıblar məndən, oynamaqlarına bax“ deyib gileylənərdi.




Üçüncü misal da var: cəmi bir neçə ay əvvəl son mənzilə yola saldığımız Yaşar Nuri film sahəsindəki qeyri-peşəkarlıqları, duzsuz-istiotsuz, təlxək, mütrif, kəndirbaz, düşündürə, güldürə və ağlada bilməyən indiki aktyor-aktrisa heyətini görsə hirsindən “sənin əyri ayaqlarından “raqatka“ düzəltməsəm, atamın oğlu deyiləm“ deyibən şikayətlənərdi.
Səhnəmizin ilk və tək qaynanası Nəsibə xanım Zeynalova da çox güman ki, kinomuzu bu günə qoyanlara “əlün qurusun, əlüün“ deməkdən çəkinməzdi.
Daha kimləri sadalayaq? Həsən Turabov, Səməndər Rzayev, Mövsüm Sənani, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Qurbanov, Lütfəli Abdullayev...
Saymaqla bitib-tükənməyən, hər biri epoxaya çevrilən sənətkarların yerini “tutmaq“ istəyənləri görəndə “Sehrli Xalat“ filmindəki epizodu xatırlamamaq olmur: “Bu uşağın böyüyüb nə olacağını düşünəndə adamın tükləri biz-biz durur“.



Həmin filmdəki “xan“ın cavabı da yerinə düşür: “Yox-yox, o böyüməyəcək”. Bilmirəm, 10-20 il sonra Azərbaycan film sənəti hansı dövrünü yaşayacaq? Amma bu gün səhnəmizin sonuncu əfsanəsini və Siyavuşunu itirməklə film gələcəyimizə olan ümidlərimi dəfn etmiş oldum.
“Niyə böyüməyəcək və niyə böyüyə bilmirlər?” sualına mən cavab verməli deyiləm. Çünki Azərbaycanın son 20 illik kino sənətinə 5 ballıq şkala ilə qiymət versək, bu dəyər “2“yə layiqdir. Nə sovet məktəbinin yetişdirdiyi görkəmli aktyorlar, nə də ssenarist-rejissorlar müstəqillik illərində bir o qədər məhsuldar ola bildilər. Onların süjet xətti, ssenarisi, aktuallığı, psixoloji təsirlilik imkanları, yaradıcı heyəti sovet kino istehsalından qat-qat aşağı səviyyəli nəticə göstərdi.
“Kimdir günahkar ?” sualı ilə Cəfər Cabbarlının “Oqtay Eloğlu“ pyesindəki epiloqa müraciət etsək, tutarlı cavab alırıq: hamımız dəliyik. Rejissorlar, ssenaristlər, aktyorlar və tamaşaçılar. Birincilər aktyora sərbəstlik, improvizə imkanları vermir. İkincilərin ssenariləri bayağı, ucuz, şablon və əksər mənasız Türkiyə “dizilərinin“ ən bərbad təkrarıdır.





Onlar tamaşaçını düşündürə, inandıra bilmir. Film inandırmaq və yaşatmaqdır. Gündəlik həyatımızdakı acı reallıqları səmimi şəkildə ekrana daşıya bilməyən ssenaristlərin müraciət etdikləri mövzu yalnız varlıların şəxsi həyatını işıqlandırmaqdır. Sadə, aristokrat həyat tərzi sürməyən tamaşaçını isə milyonçuların acı taleyi qəti maraqlandırmır. Üstəlik, bu mövzu o qədər adiləşib ki, hətta “bişmiş toyuğun gülməyi gəlir. 
Aktyorlara gəlincə, onlar hətta hind və türk aktyorları qədər də səriştəli olmağı bacarmırlar. Sanki bu ölkədə “Yad gəlini“ oynayan Məleykə Əsədovalar, “Tomris“ yaradan Amaliya Pənahovalar, “Elçin müəllimi“ yaddaşlara həkk edən Yaşar Nurilər olmayıb. İndi bizə “Çocuqlar duyması“nı “Aramızda qalsın“ deyə soxuşdururlar.

Axı Azərbaycan tamaşaçısının intellektual səviyyəsini deqradasiyaya uğratmaq da, manqurtlaşdırmaq da, yüksəltmək də əlimizdədir. Bu xalq “İstintaq“ı, “Qanun naminə“ni, “Yeddi oğul istərəm“i, “Atları yehərləyin“i görüb, onlarla böyüyüb. Artıq “artistlik“ eləməyə ehtiyac yoxdur, sənət nümayiş etdirmək gərəkdir... 

воскресенье, 16 июня 2013 г.

“Qusma -2013” - replika

Metronun qapısını təpiklə açmağı ilə ətrafdakıların rəğbətini qazandığının sublimasiyasını yaşayan,  yoldan keçənin çiyninə vurmaqla “əzələ nümayiş” etdirən, amma işıq pulu yığandan, avtobus sürücüsündən qorxan gəncin yaşadığı ölkə Azərbaycan aldanır - Ürəkbulanma.



Ağzını ayırıb keçidlərdəki paltar mağazalara heyranlıqla baxan, Amerikada “bomj”ların getdiyi “Mcdonalsd”da oturmağı elitarlıq sayan, 5 kitab oxumayıb, 1 qəpik pul qazana bilməyib, di gəl cibindəki son model telefon gəzdirməsi ilə fəxr edən insanın xoşbəxt olduğu ölkə Azərbaycan adlanır - Başgicəllənmə.

Bloggeri dissident, siyasi fərarini yazıçı, Rafiq Tağının ölümündən sonra qorxub qaçan dovşanı filosof, Amerikanın bizi xilas edəcəyinə inanan yankisevəri alim, 7 sutka həbs yatanları Nelson Mandela, bir-birini 20 ildə 20 dəfə aldadıb satqınlıqda ittiham edənlərin bir yerə toplaşmasını birlik hesab edən, hakimiyyəti qoyub qaçan birinin yolunu müqəddəs adlandıran, seçki, rejim, vahid namizəd və s. bu kimi əttökən söhbətləri acı bağırsaq kimi uzadanların mövcud olduğu ölkəyə Azərbaycan deyilir  - Qusma.

“Qurtuluş günü”, “Gül bayramı”, Sumqayıtda Əliyevə tort bişirilən gün küçələrə axışıb ləçər kimi acgözlük edənlərin, “prezident cavandır işləyir, ətrafındakılar qoymur” kimi manqurt ideyaların hələ də var olduğu ölkə Azərbaycan adlandır - Gəyirmə.


P.S. Sartr sağ olsaydı “Ürəkbulanma”nı “Nəcis”lə əvəzləyərdi...