вторник, 12 марта 2013 г.

Yoldaş prezidentin göz yaşları


1932-ci ildə salvadorlu kommunist Farabundo Marti qətlə yetirilir. Ona terrorist damğasını yapışdıra bilərsiniz. Onsuzda öyrəşmişik sol-çular müqavimətə başlayanda onlara iğtişaşçı, terrorist, dövlət çevrilişi ittihamlarını hökumətdən əvvəl liberallar tərəfindən irəli sürülsün. Liberallar həmişə saziş tərəfdarı olublar və son anda kommunistləri satıblar.





Bu çoxdankı söhbətdir. Markesin “100 ilin tənhalığı” əsərində də məhz bu incə detala toxunulub. Ancaq vaxtilə qeyri-dinc, iğtişaşçı, terrorist damğası ilə üzləşən F.Martinin bu gün adını daşıyan təşkilatın üzvü Salvadorun prezidentdir. 
Farabundo Marti Azadlıq Cəbhəsi (FMLN) partizan təşkilatının nümayəndəsi, telejurnalist Maurisio Funes 2009-cu ildən bəri Salvadorun prezidentidir. O, rəqibi olan polis şefi - Rodriqo Avilanın seçkidə dizlərini yerə qoymuşdu. Cəbhənin yeganə döyüşməyən namizədi olmuş telejurnalistdə sol ideyalara diqqət hələ 1980-1992-ci illərdə ölkədə gedən vətəndaş müharibəsi zamanı reportajlar təqdim edərkən yaranmışdı.
FMLN-nin qüdrəti intellektual və yüksək təhsilli partizanların orada təmsil olunmasında idi. Telejurnalistin prezident seçilməsi heç də asan başa gəlməyib. Təşkilat 1980-1992-ci illərdə ABŞ imperializminə və Salvadordakı marionetlərə qarşı silahlı müqavimət göstərib. Bu döyüşlərdə 75 min insan ölüb.
Hələ 1980-cı ilin oktyabrında 5 sol təşkilat birləşib partizan taktikasını seçirlər. 1989-cu ildə paytaxt San-Salvadoru ələ keçirməyə yaxın olan təşkilata ABŞ aviasiyası əngəl yaradır. Hətta Fidel Kastrodan da kömək səngiyir. 



FMLN isə ideologiyasını dəyişmir, gerilyanı davam etdirir. Nəhayət, 1992-ci ildə hakimiyyət partizanlarla saziş bağlamalı olur. Təşkilatın xəyanətkar lideri Xoakin Vilyalobos isə hərəkatın əleyhinə çıxır.
Təşkilata mənşəcə fələstinli Şəfik Xandal rəhbərlik etməyə başlayır. O, hətta 2004-cü ilin prezident seçkilərində səslərin 36 faizini alaraq ikinci olmuşdu. Nəhayət, 2009-cu ildə 49 yaşlı Maurisio Funes prezident seçilir. Bu Sol-un Latın Amerikasında növbəti tarixi zəfərlərindən biri idi. M.Funes səslərin 51,27 faizinə sahib çıxır. Onun rəqibi Rodriqo Avila isə 48,73 faiz səs toplayır. 
Funer rəhbər posta gələr-gəlməz ölkədəki qarşıdurmanı bitirən “1992-ci il müqaviləsi”nin 20 illiyi münasibətilə çıxış edərkən xalqdan ordunun adından üzr istəyir.
O, Əl-Mozotedə 936 vətəndaşın öldürülməsində əvvəlki hakimiyyətin cavabdehlik daşıdığını deyir: “Salvador ordusu müasir Latın Amerikası tarixində ən böyük vətəndaş müharibəsini törədib. Hökumət olaraq qarşıdurmalarda ölən 75 min insandan və itən 12 min nəfərin yaxınlarından üzr istəyirik”. Yoldaş prezident çıxışı zaman göz yaşlarını saxlaya bilmir. O geridə qalan “Əl Mozote” qətliamı zamanı jurnalist işləyirdi.
Beləliklə, sağçı arenanın ölkədə illər boyu sürən hökmranlığını qıran Funesin andiçmə mərasimində iştirak edənlərdən biri də Hillari Klinton olur. Salvador mətbuatı həmin ərəfədə yazır ki, Klinton iflasa uğrayıb. Çünki Funesin and içdikdən sonrakı ilk işi, Kuba ilə ölkəsi arasında təxminən 50 ildir kəsilən diplomatik əlaqələri yenidən bərpa etmək olur.