суббота, 20 июля 2013 г.

Kamila Fəvvarələrdə...

Tarixi fərdlər yaradır, xalqlar yox. Xalqlar da yetişdirdiyi şəxsiyyətlərlə tanınır. Məsələn, Hüqo yaxud Molyer olmasaydı fransız xalqı qıraq-bucaqda qalardı. Ya da Çexovsuz, Qoqolsuz rus xalqını təsəvvür etmək olmur.
Türkiyədə isə vətəndaş mövqeyi ilə sənəti çulğalaşdıran şəxsiyyət axtarsaq ağla ilk gələn Yılmaz Güneydir. Bu günlərdə gəncləri başına yığıb onlara öyüd-nəsihət verən bir video çıxışına baxdım. Mən Yılmaz şəxsiyyətinə pərəstişimi gizlətmirəm.




Devrimçi rejissor Azərbaycanda politik zümrənin ümidlə gözlədiyi həmkarı Rüstəm İbrahimbəyovdan fərqi olaraq gənclərə inqilabın tək yol olmasından danışır. Sitat: “Türkiyədə gənc insanlara yaxşı yaşamaq üçün zəmin yaradılmalıdır. Ancaq bu dinamizmlə siz gənclər babadayılıq, qoçuluq həvəsinə düşərsiniz. Biriniz barın qarşısında öldürülər, birinizi siqaret, narkotik qaçaqmalçılığında ittiham edib həbsə atarlar. Kiminiz həbsdə xəstələnib ölər, kiminiz işgəncələrə məruz qalarsınız. Yox! Olmaz. Bir tək qurtuluş var - devrim”.



Yəni, gənclik etirazdır. Gənc olmaq qadağalara qarşı çıxmaqdır. Azərbaycanda gənclərin fəallığı mövsümi ya da spesifik xarakter daşıyır. O həqiqətdir ki, despotik rejimlərdə ya davamlı müqavimət ya da total susqunluq olur. Bizdə hər ikisi qüvvədən düşüb. Əsgər qətllərinə etirazdan savayı yaddaqalan kütləvi nümayiş keçirilməyib.
Gözləyirik yenə əsgər qətlə yetirilsin, (hərçənd son aylar yenə əsgər ölümü olub, amma etiraz yoxdur) onun meyitinin ürəkparçalayan, faciəvi şəkilləri yayımlansın, cuşa gəlib küçələrə çıxaq. Bunu həmin ərəfələrdə yazmaq olmurdu, adamı satqın çıxarar, daş-qalaq edərdilər. Bir tərəfdən də diqqətdə Aqşin Yeniseyin sayıqlaması idi.
Dözdük, səbr etdik. Təmkinlə proseslərin hara kimi cərəyan edəcəyini izlədik. Təşkilatlanmanın və hərəkatın nəzəri - praktiki baqajı olmadığı üzə çıxdı. Kortəbii etirazlar elə başlandığı kimi kortəbii sona yetdi. Demə, gənclərin ordudan başqa yarası, dərdi yoxmuş.




“Şəhidlər ölməz, vətən bölünməz” şüarı da çox bayağı idi. Sadəcə, ordudakı ölümlərə qarşı etirazların yeganə üstünlüyü II Əliyevin həbsə düşməyi adiləşdirməyi oldu. Nə ki adiləşir, o kütləviləşir. 
İndi kral arxayındır “sabitlikdir”. XVI Lüdovik də qeyd dəftərində “sakitlikdir” yazanda Bastiliyanın süqutuna saatlar qalırdı. Gənclərin Fəvvarələr meydanından Bastiliyaya yürüşü başlayanda İlham Əliyevin gəncləri zindanlara doldurması, yüksək cərimələr indiki kimi müvəqqəti işə yaramayacaq. Onda kral üçün gec olacaq. Buna qədər inamsızlıq və gənc lider çatışmazlığı sindromuna son qoyulmalıdır. Pərviz Cəbrayılın 5-6 il əvvəl “SPİD. İnam Çatışmazlığı Sindromu” başlıqlı yazısı tezislərimizə uyğun gəlir.




Məqalənin proloqunda liliputla evlənən dünya gözəlinin rəfiqəsi ilə dialoqu təsvir edilir. Rəfiqəsi gözəlin bədənində, üz-gözündə, qollarında cırmaq izlərini görüb zarafatyana “deyəsən zifah gecəniz çox ehtiraslı, alovlu keçib” deyə sual edir. Gözəl isə “yox e, nə ehtiras, liliput bütün gecəni üstümdə atılıb-düşüb deyirdi ki, inana bilmirəm bütün bunlar mənimdir”.
Harda inam ölür, o yerdə mübarizə dəfn olunur. Gənclərin liderlik çatışmazlığı da köhnə siyasətçilərin ambisiyalarına oxşayır. 20 illik uğursuzluqlarını ört-basdır etmək üçün əlacsızlıqdan Yılmaz Güney olmaq istəyən İbrahimbəyovu lider seçməli oldular. Amma gənclərin köhnə siyasətçilərin yolunu getməmək dilemması var. 



Bunun üçün Çili gənclik hərəkatının lideri, kommunist qız Kamila Valexonun müsahibəsində liderlik, təşkilatlanma və sosial şəbəkələrin roluna dair fikirlərini oxumaq kifayətdir:
 “Mən hesab etmirəm ki, bizdən kimsə anadangəlmə liderdir. Sadə həyati şərait məni bu mövqeyə qoydu ki, burada başqa biri də ola bilərdi. Belə alındı ki, bu anda rəhbərlər biz olduq. Bu hərəkat - böyük kollektiv işin nəticəsidir. Və onu yalnız cəmiyyət üçün daha üzdə olan bizdən olanlar deyil, bu cəmiyyəti hər gün quranlar yerinə yetirirlər”.



Kamilanın fikrincə, ictimai mübarizə  - xətti proses deyil: “Təkcə təzyiq göstərmək olmaz - vaxtaşırı bu prosesin nəbzini yoxlamaq lazımdır ki, müəyyən anda geri çəkilmək, qüvvələri yenidən təşkilatlandırmaq və bundan sonra yeni hücumu keçmək olsun. Mən düşünürəm ki, bizdə bu çatışmır, biz hələ bunu öyrənməmişik. Bu hərəkat - mütəşəkkil və çox şəxsi işin nəticəsidir. O, sosial şəbəkələr sayəsində yaranmayıb. Onun quruluşu və inkişafı bir çox illər əvvəl başladı və bu günkü nəticə - müxtəlif siyasi qüvvələrin fəaliyyəti və yetişməsinin, onların aralarında qarşılıqlı təsir göstərmələrinin məhsuludur. Sosial şəbəkələrin rolu bu hərəkatın yaradılmasından deyil, onun sürətləndirilməsindən ibarətdir. Onun yaradılması isə - bizim yoldaşların uzunmüddətli şəxsi işinin nəticəsidir ki, bu da heç bir halda nə Feysbukda, nə İnternetdə, nə də Tvitterdə öz əksini tapmayıb”.