вторник, 9 октября 2012 г.

Çe və Siruz


“Mən Ernesto idim, sadəcə Ernesto. Siz də sadəcə bir şey olaraq mövcud olacaqsınız. Çe olmağı isə özüm istədim. Siz də inansanız olacaqsınız, əgər inansanız...”.


Argentinalı doktor Ernestonu Çe edən inam idi. İnam isə imandan daha güclüdür. İnamsız imanlı olmaqdansa, inamlı imansızlığı üstün tutardım. Bu gün isə əfsanəvi inqilabçının Boliviyada tələf edildiyi gündür. O cismən ələ keçirilmişdi, ideyaları isə Nəimi kimi artıq çoxdan beyinləri “korlamışdı”. Ona görə də tarix və gələcək nəsillər üçün Çenin 9 oktyabrda öldürülməsi elə bir əhəmiyyət kəsb etmir. O ki ideyalarda yaşayır?!

  

Mən ilk dəfədir Ernesto barədə yazıram və YAP-ın “Dədə Qorqud”u Siruz Təbrizlinin onun barədə söylədiyi fikirlər cəlbedicidir. Sitat: “Çe Gevaraya marağın artması elə-belə deyil. Mənim də cavanlıqda ideallarımdan biri Çe Gevara olub. Vaxtilə Azərbaycan televiziyasında 45 dəqiqə Çe haqqında veriliş aparmışam. Dünya insanlarını, xüsusilə gəncləri onun haqq-ədalət yolunda şəhid olması cəlb edir. Çe Gevaraya rəğbət varsa, bu çox tutarlı siqnaldır. Buna göz yummaq olmaz, reaksiya vermək lazımdır”.
S.Təbrizli vurğulayır: “Çe artist, müğənni, idmançı, ya da Ronaldo deyil ki, deyim futbol oynayır, qəşəng oğlandır deyə, şəklini gəzdirirlər. Bu adam siyasətçidir, haqq uğrunda şəhid olub. Qoy araşdırılsın ki, niyə bu cavanlar iki həftədə bir kitab yazan, böyük filosof, böyük akademik Ramiz Mehdiyevin şəklini köynəklərinin üstündə gəzdirmirlər, amma uzaq Argentinada anadan olub Kubada, vuruşan, Boliviyada şəhid olan Çe Gevaranın şəklini gəzdirirlər?”. 




Düşündürücü və geniş mülahizələrə yol açan ifadələrdir. Lakin Azərbaycanda Çenin gənclər arasında populyarlığı hələlik ekstensializmdən başqa heç nədir. Sadəcə, Çenin rəsmi olan köynəyi geyinib öz aləmində, xəyalında inqilabçı hissini keçirirsən. Bu isə müvəqqəti romantizmdir. 


Çenin atributlarından istifadə edənlər vaxtı gələndə ondan imtina edəcəklər. Çe olduğu yüksəklikdə qalacaq, onlar çıxıb gedəcəklər. Çünki onlar üçün fərq etmir - Çe Gevara, yoxsa Murat Çeçeli, yaxud da Çingiz Qənizadə (ÇQ). Əsas odur ki, dəbdə olanı yaşasınlar. Çe isə nə nağıllardakı romantik qəhrəmandır, nə də mifologiya. O tarixdir, tarixsə odur.


Çe isə tarixə, bəşəriyyətə, haqsızlığa qalib gəldiyini sözü ilə deyil, əməli ilə sübuta yetirmiş inqilabçıdır. O mübarizə aparıb, biz mübarizədən yazırıq. O inqilab edib, bizdə inqilabın imitasiyası ilə məşğuldurlar. Çeni tanımayanların bu gün onun rəsmi olan köynəkləri geyindiyini, sabah həmin lüpmen çoxluğun Ramiz Mehdiyevin şəkili olan papaq, köynək, burloklardan istifadə etdiyini görsəm qətiyyən təəccüblənmərəm...   



понедельник, 1 октября 2012 г.

“Şirin bülbül”


Sabit Rəhmanın “Şirini bülbül” adlı hekayəsi var. İroniya üslubunda yazılmış bu hekayə dövrümüz üçün aktuallığını itirməyib. Ümumiyyətlə, S.Rəhmanın hekayələrinə söz ola bilməz, oxumaq məsləhətdir. Bu hekayə isə məndə ürəkbulanma, qusma və başqa ifrazat hissləri oyadan hakimiyyətin seçki “texnologiyasını” yada saldı. Hekayə Müsavat hökumətinə ithaf olunsa da, qiymətli reallıqlar var. Bakıdan kəndə gələn hökumət nümayəndəsi Cəlil Naim əfəndi camaatı meydana toplayıb boçkanın üstündə çıxış etməyə başlayır.


Təxminən 3 saat irandan - turandan, itdən-qurddan danışan nümayəndə axırda görür hamı dağılışıb, bircə çoban qalıb. Nümayəndə özünü sındırmamaq üçün çobana tərif yağdırır, onu dinləməyənləri savadsız, müti adlandırır. Çoban da qayıdır ki, “hörmətli bəy, sizin dediklərinizdən bir şey anladımsa köpəyoğluyam. Prosta gözləyirəm nə vaxt o boçkanın üstündən düşəcəksən, boçka mənimdi aparım evimə”.
Azərbaycanın son 20 ilində iqtidar olmuş hökumətləri xalq dinləmədi. “Şirin bülbül” hekayəsində olduğu kimi. Nə Elçibəy, nə Mütəllibov, nə də Əliyevlər iqtidarına xalq qulaq asmadı, sözlərini bu qulağından verib, o birindən buraxdı. Beləcə, xalqın hökumətə inamı sarsıldı. Bu da özünü seçkilərdə xüsusi göstərdi. Xalq nə deputatlığa namizədə, nə də prezidentliyə namizədə qulaq vermədi, hamı bir ağızdan “vız gelir” dedi. Bu ölkədə heç kim səs verməyib, vermədi. Ya səsini satanlar var - ucuz qiymətə, ya da “onsuzda seçki heç nəyi dəyişməyəcək” devizini əldə bayraq tutanlar var. Nəticədə, “deputatiçka” Gülər Əhmədovanın “Bu ölkədə 1 seçici var” sözü rəsmən təsdiqini tapdı.
Gülər kimi mövcud iqtidara heç kim belə radikal müxalifətçilik etməmişdi, bu cür zərbə vurmamışdı. Gülərin ağzı ilə danışan və Elşad Abdullayevlə alver edən dəllaları - İlham Əliyevi, Ramiz Mehdiyevi, Ramil Usubovu, Kəmaləddin Heydərovu, Zakir Qaralovu və başqa maklerləri canlı gördük. İlk dəfə onlarla üz-üzə gəldik və xalq olaraq gözlərinin içinə baxdıq. Onlar isə başıaşağı, rəzil və urvatsız ovqatda idilər. Elşad Abdullayev isə Gülər Əhmədovanın deyil, sistemin və Əliyevin videosunu yaymış oldu. Biz Elşadla - İlhamın video-dialoquna baxırdıq. Bu ölkəni, onun seçkilərini, Milli Məclisini “Vosmoy” bazarına döndərib mandatı piştaxtada satanlara isə xalq 20 il öncə yox deyib, “Şirin bülbül”dəki kimi...
Şəhərə qayıdan Cəlil Naim əfəndi kəndlərdə firqənin hörmətli olduğundan, hər tərəfdə əmin-amanlıq hökm sürdüyündən, əhalinin onları necə nəzakətlə qarşıladıqlarından danışır...