четверг, 7 февраля 2013 г.

“Nişanlıma söyləyin, artıq devrimlə nişanlıyam”


...“Nişanlıma söyləyin, artıq devrimlə nişanlıyam” - Ertan Saruhanın atasına telefonda son sözü onu səsləyən müqəddəs və mətin bir mübarizənin qaranquşuydu. Ertan sol hərəkatın tən ortasında bu dilemma arasında qalanda nişanlısı ilə qələbədən sonra yaşayacağı günəşli günlərin nicatını devrimlə nişanlı olmaqda görürdü.
Bizim zəmanəmizdə belə məğrur gəncin yolunu getmək üçün ya kimsəsiz olmalısan, ya da onun kimi nişanlısı vətən olan biri. İtirəcəyi olanlardan inqilabçı çıxmaz. Ertan isə itirməkdən qorxmayan və qorxu hissini itirən idealist idi.

...Atası Lütfü Saruhan İsmət Paşanın (İnönü) yaxın adamıydı. Ertan ziyalı ailənin övladıydı. Subkomandantenin təbirincə desək, o ailədə tək “korlanmış” uşaqdı. Liseyi bitirib müəllimliyə başlayanda Türk İşçi Partiyasına (TİP) qoşulur. Qaradəniz bölgəsində sol hərəkatının liderinə çevrilir, Mahir Çayan dəstəsinə qoşulur. Buna qədər isə Çarşamba qəsəbəsində müəllim işləyir.
Sol hərəkatın içində yer alanda kənd məktəbinə sürgünə göndərilir. Həmin kəndin sərt qışa görə yolları bağlı olur deyə Ertan getməkdən imtina edir. Onda onu müəllimlikdən kənarlaşdırırlar. Samsunda mazut fabrikində laborant işləməyə başlayır. Sonra fabrikdən də çıxarılır.  
Ertan Mahir Çayanlara qoşulub edama məhkum olunmuş Dəniz Gəzmiş, Hüseyn İnan və Yusif Aslan üçün yola çıxmışdı. Türkiyənin asılmağa göndərilən 3 devrimçi oğlunu xilas etməyə hazırlaşan 11 hərəkatçı canlarını Qızıldərədə yoldaşları uğrunda fəda edirlər. Dənizləri ipdən qurtarmağa görə savaşa başlayanlar onlardan qabaq tələf olurlar. Bu qiyamçı gənclərin hərəkətindən bizim üçün iki nəticə çıxır:



Birincisi, ideologiyalar mütləqdir və ideoloji baxışları bir olanlar qardaşdırlar. Onları ölüm belə ayıra bilmir. İkincisi, günümüzdə qardaş qardaşdan ötrü nəinki ölümə, davaya belə getmir. Mahir başda olmaqla Ertanlar isə getdi...
Mənimçün Ertan bir iradə simvoludur. O siyasi sistemdən öncə ailəyə qarşı çıxmağı bacarmışdı, inqilab üçün nişanlısını yarı yolda qoymağa razılaşmışdı. Bunu Dənizlər üçün edirdi. “Ana məni bağışla, dostum üçün ölməyə gedirəm” deyəcək biri varmı indi? Bizim dövrümüzdə nişanlısını yarı yolda buraxanlar yalnız nadanlıqdan edərlər.
Ertanla bir evdə qalan yoldaşlarının dediklərinə görə, gözəl kanon ifaçısı imiş. Axşamlar ən çox sevdiyi məşhur “Həkimoğlu” türküsünü kanonda titrədərmiş.
Otel otağındakı soldaşı: “Bu ərəfələrdə Ertan nişanlanmışdı. Atasına telefonla zəng edib fabrikdəki işindən çıxarıldığını xəbər verdi. Bu o zamandı ki, artıq o gerilyaya başlamaq qərarını vermişdi. Telefonda atasına dedi ki, nişanlıma söyləyin artıq devrimlə nişanlıyam”.
Saruhan o dövrün Ziya Yılmaz və Fikri Sönməz kimi nüfuzlu solçuları ilə bərabər Samsun, Trabzon, Ordu, Giresun vilayətlərində hərəkatda idi. “Kəndli” qəzetinin nəşrinə rəhbərlik edirdi. Hətta Mahir Çayan həbsdən qaçandan sonra Ertan onu Qaradəniz bölgəsində qarşılamışdı. 




Başqa bir dostu isə son günləri belə xatırlayır: “Bir ara bizim evdə qaldı. Anam və atam ona baxırdı. Mən Nurəddin kəndində müəllimlik edirdim. Qəlyanaltını birgə edirdik, sonra işə gedirdim. Bir də axşamlar işdən qayıdanda görüşmək imkanımız olurdu. Anama “xala sən yeməyi qapıya qoy götürərəm” deyirdi. Ələ keçməmək üçün sifəti sarılıydı.
Mənə Kambocadakı inqilabçılardan söz açardı. Orada tutulanların ifadə verməməsi üçün intihar dərmanı içmələrindən danışırdı. Son vaxtlar dağda qalacaq deyə çox az yeməyə çalışırdı. Özünü uzun bir mübarizəyə hazırlayırdı. Anama “teyzem yemeğimi hiç eksik etmiyorsun, dağda da bana yemek ulaştırabilecek misin” demişdi”.

Və Dənizləri xilas üçün dava başlayır. Mahirlə birgə 11 devrimçi 2 ingilis və 1 kanadalı mühəndisi girov götürürlər. Şərt Dəniz, Hüseyn və Yusiflə girovları dəyişməkdi.
1972-ci ilin 27 mart günü. Çayanın dəstəsi girovları Qızıldərə kəndinə gətirir. Devrimçilər girovlarla kənd muxtarının evində yerləşirlər. Üç gün sonra...
1972-ci il aprelin 1-də Türkiyə qəzetləri muxtarın evindəki partizanların qətli xəbərini manşetlərə çıxarır. Ölkənin əksər mətbuat orqanları girovlara yas tutub ağlayır, devrimçiləri lənətləyirdi. O qətliamdan bircə Ertuğrul Kürkçü tam təsadüfən sağ çıxır və uzun müddət məhbəs həyatı yaşayır. İndi Türkiyədə BDP-nin millət vəkilidir (oxu: Partizanlıqdan millət vəkilliyinə - M.Süleymanov).




Beləcə, Dənizlərdən əvvəl dənizlərə gedən 11 solçu Türkiyə tarixində “qara mart”la yadda qalırlar. Ertan Fatsada valideynlərinin yanında dəfn olunur. Qardaşı Şəffaf Saruhan illər sonra məzarı başında: “Ertan çox düşüncəli biriydi. Heç kimə səsini yüksəltməzdi. Danışıqları hər vaxt qısa və aydın olardı. ONLAR cəmiyyətin uşaqları idi, sonra gəncləri oldular.
ONLARın səyləri, əməkləri və mübarizələri sayəsində başımız dik olacaq. ONLARın və bu gün davam edən mübarizənin sayəsində işıqlı, müstəqil bir gələcək bizləri gözləyir”. Türkiyədə “qara mart” kimi xatırlanan o dönəm ölkəyə çox ciddi bir zərbə vurdu. Ancaq faciələr hələ qabaqdaydı. 8 il sonra -1980-də Ertanları Erdallar əvəzləyəcəkdi...






Комментариев нет:

Отправить комментарий