суббота, 17 ноября 2012 г.

Gənc adamlar

“Bizim ölkəmizdə gənclik yoxdur, gənc adamlar var” - vaxtilə ispan filosofu Unamuno bu aforizmi yazanda təkcə öz ölkəsini və dövrünü nəzərdə tutmamışdı. Aforizmlərin aktuallığı ondadır ki, lokal, məhəlli miqyas daşımırlar. Onlar bəşəridir, nəsillərin mübahisə zəminidir, tədqiqat tələb edən mülahizələrdir.



Bu baxımdan Unamunonun fikri müasir Azərbaycan üçün yad sayılmaz. Bizdə gənclik qocalıq dövrünü yaşamağa başlayıb. Çoxları tələsik “müdriklik” mərhələsinə qədəm qoyublar. Kimisi “filosof”, kimisi “yorğun siyasətçi”, kimisi də 10 sutkalıq inzibati həbsdən sonra özünü Nelson Mandela hesab edir - təbii ki, öz aləmində. İnqilabın yarımçıq sublimasiyasını yaşayan “Çe-çilər”, şeirin bir hecasını yaza bilməyən “Pablo Nerudalar”, seks və bakirəlik problemindən yazmaqla (əgər bu problemdirsə) kitabcıqlarını ciddi ictimai yüklü roman sayanlar, siyasətdən gedib qayıdanlar, (əgər siyasətdəydilərsə) “Bandotdeli” tərifləyənlər, arxı keçməmiş hop deyib özünü “lider” hiss edənlər, iki adamın biri-birini şillələməsindən bezib ictimai sektordan istefa verənlər, (guya mübarizədən yorulublar) hətta “gənc ziyalı” adlandırılanlar və daha kimlər gənclik dövrünü artıq başa vurduqlarından bixəbərdirlər. Onlar gənc ola bilmədilər, tezliklə yaşlılığa can atdılar.
Kafka isə nəsillər arası mübarizəni əhəmiyyətsiz və saxta sayırdı. O yazırdı ki, qocalıq - gəncliyin əvvəl-axır çatacağı gələcəkdir. Nəyə lazımdır bu mübarizə? - daha sürətlə qocalmaq üçün. Oğulun ataya qiyamı isə ədəbi-siyasi mühitin köhnəlmiş problemidir. Bizim gənclər isə inqilabın təbii intibah dövrünü təkamüllə yetişdirmək əvəzinə, əks-inqilabçılıq ruhunu özlərinə və ətraf mühitə aşılamağa başladılar. Mübarizə başlamamış - mübarizə, döyüşə psixoloji, ideoloji hazırlıq getmədən, hələ təcrübə toplamayıb, bərkişməmiş meydana atılmaq fədakarlıq kimi qələmə verildi. Kədərli və təəssüfedici nəticə göz qabağındadır: uduzmuş siyasətçilərin yolunu gedənlər onların taleyini yaşadılar. 





Böyüklərinin çatdığı Kafkasayağı qocalığa tezliklə yetişdilər. Və özlərini yandırdılar. Halbuki, rəqibi öz meydanında məğlub etmək üçün yola çıxanların ilk taktiki hədəfi düşmənin ərazisini intellektual və ideoloji cəhətdən işğal etmək olmalı idi. Biz o zaman gənclik olacaqdıq, amma olmadıq. Sadəcə, gənc adamlara çevrildik. Nəticəsi də buyurun - sosial şəbəkələrdə mübarizənin imitasiyası ilə məşğuluq.

Kamyunun söylədiyi kəlamlardan birini xeyli vaxtdır qulağımda “sırğa” etmişəm: “Gəncliyimdə insanlardan onların verə biləcəklərindən daha artığını tələb edirdim - daimi dostluq və hisslərdə sədaqət. İndi isə onların verə biləcəyindən daha azını istəyirəm - mənimlə yanaşı olmaq və susmaq”.
Susmaq vaxtıdır cənablar, susmaq. Ağzımızı 7 metr yekəlikdə açıb hər gün mütilik edib “rejimi devirmək lazımdır” deməkdənsə, susmaq daha cazibədar görünür. O devrimin yollarını axtarmaq gərəkdir.    
                                                                                      


     


2 комментария: