понедельник, 26 ноября 2012 г.

Kafkanın “dövləti”...

Elita və ya bir neçə mərtəbəli bürokratiya aparatı. Elita cərgəsinə yalnız kobud, rəhmsizlər bir sıçrayışla yol aça bilirlər. Kor iradələri hər şeyə qadir olan, qabağına çıxanın kim olursa-olsun səadətinə qəsd edənlər gec-tez insan talelərinin hakimi kəsilir. Mənafe birliyi onları instinktiv olaraq həmrəy edir.



Kütlə isə pərakəndə, birlikdən, sağlam düşüncədən uzaq hər hansı kobudluq qarşısında aciz, iradəsiz və durğundur. Kim ona hökm etməyə qadirsə, kütlə taleyini ona tapşırır, hətta onun əlində qara əməllər üçün vasitəyə belə çevrilir. Kafkanın “Sükançı” novellasında bu “ideya” lakonik şəkildə öz əksini tapıb. İllərlə gəminin sükanı arxasında duran sükançıya qəfildən kimsə hücum çəkir, onu itələyərək kapitanlığı ələ keçirir. Sükançı güclü adamdan gəmi heyətinə şikayət edir. Hamı bir-bir başını yırğalaya yırğalaya göyərtəyə qalxır və təzə sükançıya yaxınlaşır.



Onun sükan arxasında dönməz, əbədi, qətiyyətli duruşuna baxıb, susaraq yerlərinə - kayutaya qayıdırlar. Beləliklə, kütləyə onun üzərində kimin hökmranlıq etməsi fərq etmir. Cilov nə qədər sərt, möhkəm və zəhmli əldədirsə, toplum bir o dərəcədə arxayın, tez ram olandır. Kafka üçün bu məsələdə həyat 2 mərtəbəlidir:
Yuxarıda qasırğanın, tufanın təsir edə bilmədiyi ölməz Dövlət Aparatı, aşağıda isə hər addımı nəzarət və təzyiq altında olan əzilmiş kütlə. Dövlət qorxunc bir qüvvə şəklində günahsızları mühakimə edir, nə vaxtsa və hardasa məzlumu bir dalan dibində tutub köksünə xəncər sancır.
Oruellin “1984” romanı da dövlətin kütləni necə qorxaq, düşünmək azadlığından məhrum edən bir qara, əbədi aparat olduğunu göstərir. Oruell onu da yazır ki, kütləşən kütlələrə müqayisə imkanı verilməyənə qədər təzyiq altında yaşadıqlarını hiss etmirlər.



Xortdan dövlətin terrorundan qoruna bilməyənlər, yekunda yenə dövlətə sığınırlar. Məsələn, son illər Azərbaycanda yüzlərlə istehlakçı dövlət adamlarının himayəsində olan tikinti şirkətləri tərəfindən aldadılıb, amma yenə dövlətə üz tutublar. Minlərlə adamın evi Bakının Baş Planı adı ilə uçurulub, yenə vətəndaş dövlətdən mərhəmət umub. Nəqliyyatda, məişətdə, kommunal xərclərdə qiymətlər dövlət tərəfindən rəsmi şəkildə kəllə-çarxa qaldırılıb, toplum bu dəfə də dövlətə sığınıb. Dövlət Aparatı isə Kafkanın dəqiqliklə qorxunc qüvvə kimi təsvir etdiyi hərbə-zorba, qulyabani və işgəncə administrasiyasıdır. Qara magiyaya oxşayan Dövlət yuxarıda qeyd etdiyimiz elitanın arqumentidir - axı dövlət qərarıdır?! Yəni, dövlət qərar verirsə, şərh oluna bilməz. Çünki sökülən evlər də, qalxan qiymətlər də ayrı-ayrı monopolistlərin yox, dövlətin qərarıdır. 



Beləcə, mənafe birliyi Kafksayağı elitanı həmrəy edir - onlar dövlət planı adı ilə evləri sökür, bazarda qiymətlər bahalaşdırır, qanunları sərtləşdirir, büdcə pullarını yenə də dövlətin abadlıq siyasəti ilə küçələrə səpir, daş-divara hörür, havaya sovururlar. Əvəzində kütlələrə oxunan əbədi nəğmə - “dövlətlə dövlətçilik etmək olmaz” nəqarəti dillərdə əzbərə, şüurlarda “ailə tərbiyəsinə” çevrilir. Mürgülü ovqatda olan belə toplumları yuxudan oyatmağın yolu onları diksindirməkdən başlayır. Diksindirmək - heyrətləndirmək, şok effekti yaşatmaq, təbliğ və nəhayət təşkil etməkdir. Harada insan var, orada inqilablar labüddür...

***                                            
İnqilabın labüdlüyünü şərtləndirən ən mühüm amil xalq zülmünün ərşə dirənməsidir. “Şərə qalib gələn Xeyir, şərə rast gəlməyən Xeyirdən böyükdür” deyəndə əslində Berdyayev inqilabi şəraitin yetişməsi üçün xeyirin şərlə mütləq toqquşmalı olduğunu nəzərdə tuturdu. İrticanın onilliklərlə tapdağı altında köləyə çevrilən qullar günün birində özünəvurğun və arxayın axmaq despotlara qarşı üsyana qalxır. Dünənə kimi təbliğ olunan sabitlik, inkişaf və xalqın yeknəsəq lideri mifologiyası bir göz qırpımında dağılır. Xalqların əbədi, ümummilli və dahi öndərləri kütlələrin qisas ehtirasıyla aşıb-daşan etirazları ilə qarşılaşır.



Heykəllər uçurulur, dahi öndərin ətrafındakı halqa daralır, bu günə kimi ona qucaq açıb, əl uzadıb qardaş deyən Qərb isə üzünü çevirir. Başlanır diktatorların Qərbi satqın, işğalçı, imperialist elan etməsi. Bu gün bəşər Əsədin timsalında analoji mənzərənin şahididir. Vaxtilə Baptista, Stressner, Düvalye, Noryeqa da eyni məzmunlu çıxışlarla qurtuluş yolu axtarıblar. Bu gün Əliyevin son çıxışları, isterik addımları da Əsədin, Noryeqanın taleyini yaşayacağı ehtimallarını gücləndirir. Tiranlar oxşardır - ətlənir, piylənir, iylənir və sonda sallaqxanaya göndərilir...
  

Комментариев нет:

Отправить комментарий