суббота, 30 июня 2012 г.

Dəniz (65 yaş)

Turgenev yazırdı ki, mən bir xarakterlə maraqlananda o ağlıma hakim kəsilir. Gecə-gündüz məni təqib edir və ondan üzülüşənə qədər rahatlıq vermir. Mütaliə etdiyim zaman oxuduğum kitablar barədə öz fikrini pıçıldayır, gəzməyə getdiyim zaman görüb-eşitdiklərim haqda öz mühakiməsini söyləyir. Nəhayət təslim olmağım gəlir - oturub onun bioqrafiyasını yazıram.
( O bir Deniz)

Məni bu günədək bir neçə personaj dəlicəsinə özünə çəkməyi bacarıb. Biri də Dəniz Gezmişdir. 25-dən yuxarı yaşda təsəvvür edə bilmədiyim türk devrimçisi çoxdandır ki, beynimi məşğul edirdi. Nəhayət təslim anı yetişdi və oturub yazmağa başladım. Əslində yazılacaq çox söz var, bir çoxusa yazılıb - danışılıb. Mənə Dənizin və dostlarının məzarını ziyarət də nəsib olub, onu uzaqdan-yaxından tanıyanlarla barəsində danışmaq da. Türkiyədə ona yazılmış çoxsaylı dolğun kitablardan birini də oxumuşam. Gənclərin əfsanəvi və romantik qəhrəmanı olduğunu da, qızların “Bi sevgilim olsa o da Deniz olsun” dediyini də, ülkücülərin onu “rus cocuğu” adlandırdığını da bilirəm.


Onu da bilirəm ki, hardasa sülh tərəfkeşi olan və o dövrü yaşayıb sağ qalmışların “Denizin silahlı mücadilə verməsi doğru deyildi, biz ona demişdik. Türkiyədə gerilya başarılı ola bilməz”- söyləyib sonra “40 il çox yaşadıq da nə faydası oldu” deyib peşman olanlar da var.  
Bəlkə də bütün bu eşidib-bildiklərim yetərli olmalıydı. Amma olmadı. Sağ qalsaydı Dəniz qoca, babam yaşında (65 ) olacaqdı. Mənsə onu qısa və mənalı həyatından, şəkillərindəki uca boylu, dik qamətli görünüşündən həmişə 25 yaşında xatırlayacam. Yəqin gəncliyimin çılğın dövrünü yaşayıram və mənə Dəniz yalnız indi lazımdır. 10-15 il sonra Dəniz lazım olmayacaq, mən gedəcəm, Dənizsə olduğu yüksəklikdə qalacaq. Bu yazını da Turgenevsayağı təslimiyyətdən ötrü qələmə aldım. Ona görə yazını oxumaq istəyənlərə yox, özümə yazmışam.

(Vekil.Edami gozleriyle gordu)

...Dövrümüz üçün xarakterik deyil: Təminatlı ailənin oğlu olasan, ölkənin nüfuzlu universitetlərindən birində təhsil alasan. Fəqət tələbə hərəkatlarına liderlik edəsən, qısa ömrünün bir hissəsini həbsdə, mitinq meydanlarında keçirəsən, rəhbəri olduğun təşkilat ABŞ səfirinin maşınını yandıra, İsrail konsulunu öldürə, rektorun üstünə qışqırıb istefasını tələb edəsən. Və vüqarla dar ağacına gedib: “Türkiyənin azadlığı uğrunda canımı fəda etməkdən qürur duyuram” deyəsən. Heyrət. Müdhiş.

(Denizin atasi.Vefat edib)

...Dənizin bir də Taylar Özgür adlı soldaşı vardı. Təbii o zaman yüzlərlə fədakar gəncin boynu vuruldu, işgəncə və qətl edildi. Taylan isə “68 hərəkatı”nda ilk öldürülən tələbə idi. 4 il sonra Dənizin edam kürsüsündə son vəsiyyəti dostu Taylanın yanında dəfn olunmaq olacaqdı. Vəsiyyət yerinə yetirilmədi.  Dənizi onunla birlikdə asılan Yusuf və Hüseynlə Karşıyaka məzarlığında dəfn etdilər. Taylan isə Əsri qəbiristanlığına tapşırılmışdı.

(Huriyyetin manseti)

Taylan İstanbula konqresə gedəndə silahdaşı Sinan Cemgilin xanımı hamilə idi və vəsiyyət edir: “Gedirəm, dönməmək də var. Əgər dönməsəm oğlan ya qız fərq etməz adını Taylan qoyun”. Belə də olur. Uşağın adını Taylan verirlər. O zaman Taylanın həbsdə bacısı da dünyaya gətirdiyi övladına qardaşının adını qoyur. Və Türkiyədə onun qətlindən sonra doğulan uşaqların çoxuna Taylan adını qoymaq dəbə minir. Sonra 1972-ci il mayın 6-da gecə sat 1-3 arası “Üç fidan”a qəsb edilməsi xəbəri səhər Türkiyəni sarsıdacaqdı. Analar Taylan adını Dənizlə əvəzləyəcəkdilər. Dənizdən çox fikirlər və faktologiya yaza bilərəm.
(Denizin mezari onundeye.Ankara.Karsiyaka)

Lakin onun edamına saatlar qalmış hissləri, psixoloji durumu və son sözü daha cəlbedicidir. Oxuduqca Sartrın “Divarı”nda üç müxtəlif yaşda inqilabçının hissləri yada düşür. Amma bir fərqli janrda.
Dənizin həbsdəki otağı dar ağacının qurulduğu yerə baxırdı. Pəncərəyə dönür və əl-ayağı zəncirli devrimçi üzünü o yerə çevirir. Sonra siqaret istəyir və son istəyi yerinə yetirilir. Az sonra vəkili gəlir və Dəniz onu görcək gülümsəyir. “Necəsiniz” soruşanda “Çox xoşbəxt və rahatam” deyir edamını qarşılayan adam.
(Üç fidan)


Atasına yazdığı son məktubunu təqdim edir. Gecə saat 1-dir. Hökmü verənlər tezliklə Dənizdən qurtulmaq istəyir. Bəyaz köynəyi geyindirirlər ona. Acı gülüşlə ətrafına baxır. Çox məğrur və rahatdır. Az sonra işıqlı dünya ilə vidalaşacaq. Bunu bilə-bilə yenə içində və gözündə qorxu yoxdur. Kürsüyə çıxıb ipi boğazına keçirir.


Və “Yaşasın Türkiyə xalqının azadlığı, marksizm-leninizm” deyəndə onu asdıranlar təşvişə düşüb son sözün ağzından çıxmasına imkan verməmək üçün tableti altından çəkirlər...Boyu uzundu Dənizin,. Ayaqları yerə dəyir və 10 dəqiqə sonra hələ də nəbzi döyünürdü Dənizin. 50 dəqiqə qalır ipdə üsyankarcasına.

(Sonra Yusif, sonda Hüseyn asılır. Hüseyn tableti özü ayağının altından çəkir və son sözü “Siz hər gün ölüb-diriləcəksiz” deyir) Və gecə saat 02.15-də nəbzi dayanır Dənizin, ipi kəsirlər. Göydə ən parlaq ulduz yanır, bir may gecəsini aydınlandırır...
P.S. Yazını bitirəndə gecə saat 02.15 idi.
                                                   

Комментариев нет:

Отправить комментарий