воскресенье, 10 июня 2012 г.

Ac 90-lar...

...Ac toyuq yuxuda darı görər. Qəssab Azad axşam saat 9-dan yatağına yıxılmışdı. Yerinə uzanıb xırt yuxuya getmişdi. Zalım oğlu elə bil ölüm yuxusunda idi. Eşikdə arvadı boğub öldürsəydilər, cımxırı çıxmazdı. Dünya-aləm vecinə deyildi. Əkib becərdiyi lütəccəbala dörd yetimçəni küçəyə tökmüşdü. Arxası üstündə yayxanıb yekə-qarpız boyda qarnını irəli verib xoruldayırdı. Arada orta barmağını burnuna salıb qurdalamağı da yaddan çıxarmazdı. Porsuq boyda adam qarnını qaşıya-qaşıya erkəndən pələmə üstündə yuxulamışdı.


Şərifənin deyingənliyi özünə qalırdı. Kişi arvada aman vermirdi, həyasızlıqda Azada çatan olmazdı. Yazıq qadın dörd tifilə təkbaşına baxırdı. Elə hey “ərə getməkdənsə gora gedəydim” deyərdi. Azadın tayları qaz vurub, qazan doldururdu. Qonşu Zəki evə hər gün əlində zənbil dolusu gəlirdi. Maşallah, evində qoz mürəbbəsindən tutmuş əzgil kampotuna qədər, yay-qış soyuducuda ət, quş, toyuq, balıq əskik olmazdı. Azad da arvadının Zəkini misal çəkməsinə bir qıcıqlanırdı. Sifətini turşudub, acıqlı şəkildə Şərifəni sakitləşdirmək üçün “Allah bol eləsin. Göz vuranın gözü çıxsın. Amma ay Şərif, haram pulun bəxtəvər ömrü qısa olar.
Deyirsən gedim mən də İrandan zəhər gətirim, xahın balalarını o azzara qalmışa qurşandırım? Anaları da sübh namazında dədəmin goruna qarğış desinlər, mən də zəhərin puluynan evimə bal-yağ alım. Namusum haqqı, ac qalaram o əmələ getmərəm. Əşi, keçid dövrüdür dəəəə, bu da gəlib keçəcək. Bundan da pis illər görmüşük”.




Azad hardasa haqlıydı, hardasa yox. Müharibənin, şiddətin, aclığın ağır günlərini görmüşdü. Ondandır ki, “bundan da pis illər olub” deyirdi. Ancaq heç “bundan oğraş illər olmayıb” demirdi. Vaxt gələcəkdi, ac 90-ları vəhşi və yalavac müasir dünya əvəzləyəcəkdi. Neft gəlirlərindən dövlətin valyuta ehtiyatları 40 milyard dollara çatacaqdı. 40 milyard dollara haaa. Ac yuxuda darı görər. Nə Azad, nə 90-larda qaçqın düşənlər 40 dollar diri gözüylə görmüşdü.
Nə vaxtsa onlara deyilsəydi ki, siz hələ daha 20-30 il də qaçqın olacaqsız, pulumuz isə 40 milyarda çatacaq. Çox güman ki, gözləri bərəlib, dombalan olardı. Özü də bu 40 milyard söhbətinin nə bəylərə, nə də “91”lərə dəxli vardı. Qoca artıq ölmüşdü. Bəy də vəfat etmişdi. Nə kükrəyən Sir(tuş)uz, nə də Nemət-pənahların sözü keçirdi. 90-lara dəxli olmayanların, müstəqillik və dövlətin qurulması ərəfəsində hərəsi bir kənd-kəsəkdə yaşayanların, Moskvada “şuba” alverçisi, vağzalda maşinist, Naxçıvanda tacir işləyənlərin dövranıydı. Qəssab Azadsa 40 milyardı eşidəndə ona Kamyunun “Sabah bundan da pis olacaq” fikri aktuallıq qazandırdı. Ta o vaxtacan ki...




...Qocanın “keçid dövrü” mif olaraq kütlələri ram eləməkdəydi. Onun hiyləgər nağılı Azadı arxayın etmişdi ki, qarnını qaşıyıb xumarlanmaq olar: Xoşbəxt gələcək qapımızı döyəcək. Aclıq yazığı möhkəm imtahana çəkirdi. O da yatmaqla aclığa atış gəlirdi. Necə deyərlər, acından günorta dururdu. Ət dükanında satdığı malın kilosu 8 “məmməd” idi.
Ölmüş və zay heyvan ətinin kilosu isə 5-6 “məmmədə” satılırdı. Dözümlü xalqımız buna da razıydı, təki ölüm-itim, müharibə olmasın. Atəşkəsin gətirdiyi aclıq da gözəldir. Azadın satdığı mal ətindən evə həftədə yarım kilo gətirməyə imkanı çatırdı. Qəssabın “ac qalmaq məharəti” lap Kafkanın eyni adlı hekayəsi ilə çulğalaşırdı. Azad keçid dövrünün keçici orucu idi. Yuxudan səhər sonbeşik Qəmərin səsinə oyandı. Rəhmətlik anasının adını sonbeşiyinə qoymuşdu. Körpənin çığırtısı məhəllənin başına çatırdı. Şərifə uşağın əmzəyini verib yuxulatmaq istəyirdi. Körpə isə çığırırdı.





Məhəllənin tinində Ağanın dükanı varıydı. Bu o zamanıydı ki, Ağa ağalıq edirdi. Günə qazanmasa, yox yerdən 10 “şirvan” mənfəəti olardı. Zarafat döyül, kişi total işsizlik və aclıq dövründə çörək pulu qazanmağın çəmini tapmışdı. Dükanda da bir göy rəngli 12 vərəq dəftər əskik olmazdı. Azadın adı orda baş siyahıda idi. “Aclıq olsun, müstəqillik olsun”- Azadlar azadlıq uğrunda meydanlara çıxanda bu devizi əsas tutmamışdılar.
Azad nə biləydi ki, 88-də Leninin heykəlini aşırıb ölkə müstəqil olandan sonra dalınca depressiya, işsizlik, kütləvi darıxqanlıq, xəstəlik, səfalət-zillət gətirəcək. Onu inandırmışdılar ki, kommunist rejimini yıxıb müstəqil Azərbaycanda kefi kök, damağı çağ həyat sürəcəksən. Noldu, fəhlə baba? Deyəsən aldadıb, atdılar sənə? İndi təəssübünü çəkdiyin sovetin verdiyi iş, mənzil, çörək burnundan gəlsin deyimmi?-Demirəm. Niyə sovet vətəninə xəyanət etdin, hanı sənə təptəzə verdiyi yollar, məktəblər, “Nikolayın” yağı? Suallar riktorikdir. Çünki tarix bu cür qədirbilməzliyi çox görüb.
Onu da görüb ki, hələ Axundovun “Yusif Sərracını” bəyənməyən xalq padşahı üstün verib. Belə də oldu. Ac 90-larda “Teksun” yağı, “pəm-pəm”, “bakkuş”, “Darya” paraşoku bizə xəzinə kimi görünməyə başladı. Azad çoxdan aldadılmışdı. Oysa meydana çıxanda Tsoysayağı “yazı gözləyirdi, qış gəldi”. Ona görə də Ağanın dükanında adı siyahıya başçılıq edirdi. İndi üzü gəlmirdi ki, gedib Qəmərin qışqırığını kəsmək üçün Ağadan “Nestle” istəsin. Bu məhsul hələ təzə-təzə idxal olunurdu, qiyməti də bahaydı. Bu pula evə bir kilo ət almaq olardı. Şərifənin südü yoxuydu, uşağı yedirtmək üçün “Nestle” yaxşıydı...
***
“Ölkələrin siyasəti və insanların taleyi idealsız, ləyaqətsiz şəxsiyyətlərin əlində olur. Ləyaqət sahibləri siyasətlə məşğul olmurlar” - Kamyu yaşadığı günlər yox, bütün dövrlər üçün yazmışdı. Aktualdır. Xüsusilə, biz ac 90-lardan bəhs ediriksə yerinə düşür. Şəxsiyyətə pərəstiş o yerdə olur ki, orada şəxsiyyət olur. Bizdə isə son 20 ildə siyasi şəxsiyyət olmadı, pərəstişsə indi də var.
Azad ölmədi, sağ qaldı. Onu kimi milyonlar sağ çıxdılar. Sual doğur-sağmı çıxdılar? Bu suala başqa yazıda cavab tapmağa çalışacağıq. Azad(lar)ın və 90-lardan qurtulan övlad(lar)ının müasir- 40 milyardlı Azərbaycana qədəm basdığı illərdən bəhs edəndə bunu aydınlıqla biləcəyik.  
Emil SALAMOĞLU
                                      
    
   

   


Комментариев нет:

Отправить комментарий