четверг, 15 августа 2013 г.

İki Rüstəmə bir məktub

...Azərbaycan iki Rüstəmin səfasını görməmiş cəfasını çəkir. Biri Bakını söyür, digəri Bakıya qayıda bilmir. Biri Bakını fahişəyə bənzədir, amma çıxıb getmir, o biri Bakıya qayıtmaq üçün pasport ala bilmir. Biri şairdir, digəri yazıçı.



“Əhməd haradadır” filmində Nərgiz xalanın sözü olmasın qalmışıq (Əhmədlərin) Rüstəmlərin əlində. İlin - günün bu vaxtı Rüstəm bəy Bakını fahişə, məkrli qadına oxşadıb, şəhərdə fahişəxanaları sayını artıranlara, villa ucaldanlara, tarixi binaları sökənlərə dil uzatmağa cəsarəti çatmayıb. Cansız varlığa hücum etmək, ona dişinin dibindən çıxanı demək metroda vaqonun qapısı gec açılanda təpiklə açmağa bənzəyir. Metrodakı o gənclə şair Rüstəm arasında fərq görmürəm.
Yazıçı Rüstəm isə Bakıda demoqrafik partlayışdan gileylənib şəhəri xilas etməyə tələsir. Amma Bakıya gedən yollar Tiflisdə ayrılır. Yazıçının gedə bilmədiyi şəhərdən gələn şair Badukübəni lənətləyir, söyüş yağdırır, fahişələr fahişəsi adlandırır. Bu şəhər indi iki Rüstəmə qəzəblidir. Birinin yolunu gözləyir, birinə “qucağımda ilan bəsləmişəm” deyibən düşünür. Birini çağırır, birini qovur Bakı...



Şəhərlər adamlar kimi xarakterlərinə, spesifik xüsusiyyətlərin bölünürlər. Kobudu, soyuqqanlısı, amansızı, rəhmsizi var, günəşlisi, qonaqpərvəri, ürəyiaçığı var. Bakı isə küləkli olanlardandır. Əsir, titrədir, üşüdür insanları, bəzən də öz qoynuna salıb isidir, qızdırır qəlbini adamların. Bakı cansız, ruhsuz deyil axı?! Tanrı boyda ürəyi bu şəhərin.
Qucaq açıb hamıya, yer verib hər kəsə öz yuvasında. Belə şəhəri fahişələr fahişəsi simvolunda görən şairin bəsirət gözləri bağlanıb, həqiqəti inkar edir. İnkarçılıq günahdır şair! Həqiqət göz deşdiyi halda onu danmaq nadanlıqdır. Sənə Qorxmaz Əlili kimi “məhlə uşağı” dərsi keçmək fikrindən uzağam. Amma 30 il sənə ürəyinin yağını yedirən Bakıya təpik atma, Rüstəm bəy!



Bakını sökən dostun Hacıbala Abutalıbova, ölkəni və Bakını tayfa-qəbilə təfəkkürü ilə idarə edən həmyerlilərinə, şəhərin neftini, dənizinin kürüsünü sümürüb satıb varlanan iqtidardakı qardaşlarına dillən şair. Biz görmüşük ki, şair etirazçı, inqilabı ruhda yazan olar. Nə Nazim Hikmət, nə Əhməd Qaya onu didərgin salan İstanbulu lənətlədi. Əksinə qürbətdə İstanbul deyib ağladılar. Və nə də İosif Brodski Moskvanı, Leninqradı “özünü satan şəhər” adlandırdı. Sən xitabın ünvanını səhv salmısan...


Yazıçı Rüstəm isə düşünməsin ki, üzünə bağlanan şəhər darvazalarının qarşısında gül-çələnglə milyonlar onu gözləyir. Birincisi, toplum 20 ildir gözləyir - “Vahid”i, “Lazım”ı, Rəsulu və indi də yazıçının dönüşünü. İkincisi Rüstəm bəy çoxdan Yılmaz Güney olmaq şansını itirib. Bunun üçün bioqrafiyaların müqayisəsi yetərlidir. Qəhrəmanlıq anın dərkidir. An gəlir, heç olmasa sizi gözləməkdə olan sıravi fədakar müxalifətçilərin ürəyi ilə oynamayın Rüstəm bəy. Axı qəhrəmanlıq anın dərkidir?! Siz ki bunu bilirsiz, hörmətli ssenarist...



  







Комментариев нет:

Отправить комментарий