суббота, 17 августа 2013 г.

Azadlığa pərvanə kimi...

Bu günləri acgözlüklə oxuduğum Əlisa Nicat yaradıcılığına heyranlığımı gizlətmirəm. Dövrümüzdə düşündürə bilən, klounluqdan, şitlikdən, sözü saqqız kimi çeynəyib tullayanlardan uzaq olan müəllifləri “əldə çıraq” gəzirəm.
Fəlsəfənin fövqündə dayanan, sözün nicatı olan Əlisa Nicat pritçalarından birində incə bir mövzuya - pərvanələrin niyə özünü oda atıb yandırmasına toxunub. Pritça Kafka üslubunu xatırladır, sentimentaldır, təhtəlşüura təsir edir, ümidvericidir, hiss olunur ki, Əlisa müəllim bunu yaşayaraq qələm çalıb.  

****                                       
                                                         (ƏLİSA NİCAT)

                                                                                                        
Ziqmund Freyd yazır ki, canlılar, xüsusilə insanlar ölümə can atır. Onlar əvvəlki cansız dövrlərinə - dinclik vəziyyətlərinə qayıtmaq istəyirlər. Çünki canlı olmaq saysız əzab instinktləri ilə müşayiət olunur.
Əlisa müəllim Freydin bu nəzəriyyəsinə söykənərək pərvanələrin özlərini oda atıb yandırmasından söz açır. Pritçanı oxuyarkən bu yerdə od mənə Azadlıq, pərvanə isə fədailəri yada salır.
Sitat: Lampa hey yanar, pərvanələr də ardı-arası kəsilmədən bir-birlərini əvəz edib ölərdilər. Niyə? Nə üçün bu gözəl, zərif məxluqlar özlərini işığa, oda çırpıb məhv edirlər? Şərq şairləri bu hadisənin yalnız zahiri tərəfini qələmə alıb, bu balaca məxluqların şam işığına aşiq olduqlarını söyləyiblər. İşığa aşiq olan məxluqlar! ”.

****

Yazıçının qeydləri hardasa Kamyunun “Sizif”inə də bənzəyir: canlı ömürlük əzaba məhkum olunub. Ancaq mən özünü sevərək oda çırpıb məhv olan pərvanələrlə azadlıq uğrunda özünü tələf edən fədailəri bir tərəzidə görürəm. Onlar azadlığa qurban gedirlər, azadlıq isə demokratiyadan alidir.
Əlisa müəllim yazır: “Axı bu balaca, zərif və oda davamsız məxluqlar bu işığın təhlükəli olduğunu dönə-dönə hiss edirlər. Bəs niyə əl çəkmirlər? Əl çəkə bilmirlər. Bu instinkt, bu çağırış, bu hiss həyat eşqindən qat-qat güclüdür.
Yox, pərvanəni yandıran bu həqiqət eşqi deyil. Bəlkə, güclü, qüdrətli maraq instinktidir, bu parlayan şeyin nə olduğunu dərk etmək, bilmək ehtirasıdır. Bu, ola bilər. Çünki pərvanələr insanlardan çox-çox qədimdirlər və onlar gecə həyatı keçirib milyon illərlə işıq görməyiblər. Axı milyon illər şam işığı, lampa işığı olmayıb. İndi birdən-birə cəmi bir neçə min ildir ki, hardasa evlərdə, ya başqa yerdə nəsə yanıb parlayır və bunun nə olduğunu bilmək həvəsi pərvanələri bu cür hərəkət etməyə məcbur edir”.

****                                     


Dəhşətli metaforadır. Oxuduqca tüklərim tikan-tikan oldu. Yəni, fədailər də pərvanələr kimi odun,  azadlığın nə olduğunu bilmək ehtirası ilə meydanlara çıxır, həbsə atılır, döyülür, ailəsini zərbə altına qoyur, ac-susuz, diskomfort həyat tərzi seçirlər. Çünki pərvanələr kimi milyon illər azadlığın nə olduğunu bilməyiblər, buxovlanmış həyatlarını indi qurtuluş üçün şam işığına fəda edirlər.
Yazıçının söylədiyi kimi, indi qəflətən hardasa nəsə yanıb parıldayır, bunu bilmək marağı hakim kəsilir. Azərbaycan insanı hansısa yarımadada, yaxud uzaq məmləkətdə azadlıq uğrunda mücadilə görür, onun parıltısındakı cazibədarlıq həvəs, impuls yaradır. Beləcə ruhlanmış fədailər özünü odun-alovun içinə atırlar, sevdiklərindən...

****                     


Dünyada elə bir canlı yoxdur ki, ölümdən, təhlükədən qaçmasın, qorxmasın. Əli müəllim deyir ki, cəsur aslanlar, pələnglər belə, təhlükə görəndə aradan çıxırlar. Zərif, gözəl pərvanə isə qaçmır, qorxmur və qurban gedir. Hətta körpə əlini şam işığına uzadanda bir balaca yanan kimi ağlayır, təkrar əlini uzatmır. Pərvanə isə dönə-dönə yansa da, əl çəkmir, yanıb ölməyincə hey fırlanıb özünü oda vurur. Necə ki, Azərbaycan insanı azadlığa canını tapşırır. Məktəb vaxtı tarix müəllimimin tez-tez işlətdiyi, mənə şablon görünən bir fikri indi qulaqlarımda cingildəyir: həyatda heç nə mənasız deyil...





1 комментарий:

  1. Bu cürə maraqlı metaforaları soyuq başla analiz etdiyimə görə utanıram, sadəcə biologiya deyir ki kəpənəklər gecə ağ çiçəklərə qonur. İçərisinə baş vurub nektar çəkir. İşığı onlar ag çiçəklərə bənzədirlər, içinə nektar yığmaq üçün baş vururlar.

    ОтветитьУдалить