вторник, 9 апреля 2013 г.

Evarist Qalua ömrü


Məni günahkar bilməyin ki, vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz işvəli bir qadının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm

Zəkası, sevgisi, vətəni uğrunda mübarizəsi və ölümü ilə ideallaşmış şəxsiyyət. Cəmi 20 il 6 ay yaşamaqla riyaziyyatçı Evarist Qalua gəncliyə dahilik nümunəsi qoydu. Riyaziyyatda nəzəriyyə kəşf etmək, vətəni üçün inqilabçılıq etmək və sevdiyi qıza görə dueldə ölmək hər kişinin işi deyil. Bu üç möcüzəni özündə birləşdirən Qalua insan təfəkkürünə qızıl hərflərlə yazılıb.



***
Öncə riyaziyyat sahəsindəki köhnə təsəvvürləri alt-üst etdi. 19 yaşında aksiomalarını irəli sürdü, teoremləri sübuta yetirdi. Kəşf etdiyi qanunlar hazırda müxtəlif rəqəmsal televiziya kanallarında rəqəm informasiyalarının rabitə kanalları vasitəsilə ötürülməsində istifadə olunur. Halbuki, Qalua televiziya əsrinin gələcəyini heç ağlına da gətirməzdi. Zaman öz ədalətli hökmünü verdi. Onun yaratdığı qruplar nəzəriyyəsi hazırda “Qalua sahəsi” adlanır.

***
1811-ci il oktyabrın 25-i. Paris yaxınlığındakı Burlya-Reyn kəndində doğulan Evarist dərslərini o qədər də yaxşı oxumurdu. 16 yaşı olanda riyaziyyat kursuna yazılmışdı. Bu yeniyetmədə yalnız riyaziyyata vurğunluq var idi. Sinif rəhbəri onun barəsində yazmışdı: “Evarist riyaziyyatın yalnız ALİ bölmələri ilə məşğuldur. Riyaziyyatı dəlicəsinə sevir. Müəllimlərinə gözlənilməz suallar verməklə onları çaşdırır”.
Təsəvvür edirsinizmi, 16 yaşlı şagird müəllimini aciz vəziyyətə salmağa bacarır. 17 yaşında isə ilk elmi əsərini çap etdirir. Bir çox hesablamaları beynində apardığından onları kağız üzərinə köçürməyi lazım bilmir. Amma Fransanın nüfuzlu Politexnik universitetinə onu qəbul etmək istəmirlər. Gənc dahi əlinə keçən əsgi-üsgünü müəllimin başına çırpıb imtahan otağından çıxır və bir daha Politexnik məktəbə ayaq basmır. Qalua bununla əlaqədar olaraq demişdi ki, ona verilən suallar uşaq sualları olduğu üçün onları cavablandırmağı özünə yaraşdırmayıb. 


***

Bir zaman olur onun həyatında - riyazi tədqiqatlarını kənara qoyub siyasətə qoşulur. Respublikaçıların tərəfinə keçir. Milli qvardiyanın artilleriyaçılarına qoşulur. Sonra kral Filipp öz təhlükəsizliyi naminə milli qvardiya artilleriyasını buraxır. Heç bir maddi dayağı və evi olmayan Qalua sərgərdan həyat sürür. Günün birində - hökumətə qarşı sui-qəsddə günahlandırılmış 19 respublikaçıya bəraət verilməsi münasibətilə keçirilən banketə dəvət almış yazıçı Aleksandr Düma Qaluanı bir əlində içi şərabla dolu qədəh, o biri əlində qınından çıxarılmış xəncər tutaraq ucadan qışqırıq qoparan halda görür. Ziyafətdə kralın ünvanına hədələr söylədiyinə görə gənc alim 1 aylıq həbsə atılır.

***

Banketdə iştirakçıları məhkəmədə Qaluanın kralın ünvanına hədələr söylədiyini eşitmədiklərini bildirməklə onu xilas edirlər və hakim onu əfv edir. Bir ay keçməmiş Qalua yenidən həbsə atılır. Bu dəfə həbsin səbəbi 14 iyul 1831-ci ildə, Bastiliya günü şəhərdə qadağan edilmiş Milli qvardiya artilleriyası formasında dolaşması olur. 6 aylıq həbs cəzasına məhkum edilir. Qalua həbsdən sonra Parisdə çox hörmətli bir həkimin Stefani adlı qızına aşiq olur. Və onunla sevişməyə başlayır. Həmin vaxt Stefani isə Peşo Derbenv adlı gəncə nişanlanmışdı. Derbenvil E.Qaluanı duelə çağırır. Qalua Derbenvilin mahir atıcı olduğunu yaxşı bilirdi. Amma dueldən çəkinmir.


***

Dostlarına məktubunda yazırdı: “Məni günahkar bilməyin vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz işvəli bir qadının böhtanının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm”.
1832-ci il mayın 31-də səhər çağı Qalua və Derbenvil duelə çıxırlar. Derbenvilin iki sekundantı vardı, Qalua isə tək idi. Qaluanın pistoletinə güllə qoyulmamışdı, rəqibinin pistoleti isə dolu idi. Rəqibin gülləsi Qaluanın qarın nahiyəsini dəlib keçir və onu ağır yaralı vəziyyətdə atıb gedirlər. Qardaşı Qaluanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmur. Bax belə. 20 il 6 ay yetdi ki, bəşəriyyət onu sevsin...


Комментариев нет:

Отправить комментарий