Güllü-çiçəkli baxçamız, məhəlləmizdə uşaqların sevinc çığırtısı, nənələrin “köpəy uşaqları qoymursuz yataq” səsləri və bir ömür boyu yoxsul yaşamağa razılıq verdiyim xoşbəxtliyim alt-üst oldu. Sanki o müqəddəs, yoxsul, lakin mehriban məhəlləmiz istismar dünyasından təcrid olunmuşdu.
Biz isə kasıb xoşbəxtliyi vəhşi səfalətlə əvəzlədik. Budur indi uşaqlıq xatirələrimin həkk olunduğu məhəlləmizə ayaq basa bilirəm. Getməyəndə həsrət öldürür, gedəndə isə qəhər boğur və hirsimi boşaldacaq ünvan yoxdur. Damları bitişik, kiçik, pəncərəsi çölə açıq evlər, heç vaxt böyümək istəmədiyim, yaşayıb və ölmək istədiyim məhəlləmizdə kimsə qalmayıb. Nə Valya, Kürsüm xala, “Püstəbibi”, nə dostlarım İlkin (Qılman İlkin deyirdik-E.S), İsmayıl, nə Samit əmi, Azad əmi, İlham əmi və nə də atam...
Yarısı məzara, yarısı tənhalığa getdi. Məzarlıq tənhalıqdan yaxşıdır. Bu dilemmada Hər şeyi başdı-başına buraxıb istismar dünyasına-Bakıya ayaq açdım. İndi Bakıya gəlməyimə peşmanam. Bakı mənim yaşayacağım yer deyil və bu şəhərdə insani dəyərlərin dəyərsizləşdiyini, nihilizmin absurdunu gördüm. Geriyə dönüş çıxış yolu deyil. Bütün yaxşılar keçmişdə qaldı.Hətta cırıq topla futbol oynamaq, qonşunun həyətindən alça oğurlamaq,Heydər Əliyevin sayəsində uzun illər lampa işığında dərs öyrənmək, yarıac, yarıtox belə xoşbəxt idik. O vaxtdan bəri mənim üçün çox şey dəyişdi. Mənəvi dəyərləri maddi dəyərlər əvəzlədi. Mənəviyyatsızlar əxlaq dərsi keçməyə, əsl qəhrəmanlar susmağa üstünlük verməyə başlayıb. Xəyanətlər adiləşib, əqidəsizlik dəbə minib, satqınlıq mübarizənin yorğunluq dövrü adlandırılıb, ölümlər “o da getdi?” laqeydliyi ilə qarşılanır. O vaxt cəmiyyət çox aktiv idi, siyasi debat və diskussiyalar olardı. İnsanlar inanırdılar ki, vəziyyətdən çıxacaqlar. Həmin inam hissi dəfn olunub. “Biz dağlarda kəklik idik, indi bu zibillikdə qarğa olduq. Demədimmi sənə bu İstanbul udar adamı”- Ahmet Kaya oxuyardı. Kiçik Bazardan kəklik kimi çıxıb gəlib Bakıya yem olduq.
***
“Sosializmi mənə yeridiblər. Həmin vaxtlar sosializm ifadəsi mənə olduqca yad idi. Cavan, sadəlövh və nadan mən ömrümdə “fərdiyyətçilik” haqda bir şey eşitməsəm də, güclü şəxsiyyətə pərəstiş edirdim. Əməyin fədakarlığı məni hər şeydən çox cəlb edirdi. Əmək hər şeydir. Əmək bəraət və xilas yoludur. Ağır iş günündən sonra keçirdiyim qürur hissini anlaya bilməzsiniz. İndi keçmişimə nəzər salanda özüm bu hissi başa düşmürəm. Mən kapitalistlərin istismar edə biləcəkləri ən sədaqətli muzdlu qul idim. Pul verən sahibkarın işini yarı-yarımçıq görmək mənim üçün ən böyük günah idi. Və bu günahı xəyanət qədər biabırçı sayırdım” - Cek London “Mən necə sosialist oldum” məqaləsində yazır. Mənə də sosializmi yeridiblər. Fəqət, bu təbliğat təsəvvürlərimin və mütaliəmin birtərəfli dövründə baş verməyib. Yəni, sosializmi mənə yeridiblər, amma savadsızlığımdan sırımayıblar. Çünki artıq yırtıcı kapitalist dünyası ilə tanış idim, öz üzərimdə kapitalizmin təcavüzünü hiss edirdim. Əlbət ki, sosialistləşmə yolumda ilk rolu kitablar oynayıb və davam etməkdədir. Markos Subkomandantenin dediyi kimi “məni kitablar pozdu”.
Azərbaycanın indiki dövründə isə ən doğru yolu SOL göstərir. O adamlar ki, Azərbaycandakı kapitalizmin Avropa və Amerikada olan sistemdən ayrı olduğu fikrindədir-yanılırlar. İstismar və insanın qiymətsizləşməsi məhz bəh-bəhlə təriflədikləri “demokratik” ölkələrdən bizə idxal olundu. Markos yazırdı solçu San-Fransiskoda homoseksual, Cәnubi Afrikada qara, İsraildә fәlәstinli, San-Kristobalda hindli maya, Almaniyada yәhudi, Polşada qaraçı, axşam saat 10-dan sonra metroda tәnha qadın, torpaqsız kәndli, gecәqondularda oğru, işsiz fәhlә, bәdbәxt tәlәbә vә әlbәttә ki, dağlarda zapatistdir.
Azərbaycanda SOL-un imitasiyası ilə məşğul olduğumuzu iddia edənlərin nədən narahatçılıq, təşviş keçirdiyi mənə aydındır. Təşkilatsız, lidersiz və qərargahsız SOL-dakı gənclər kitablar çap etdirir, “solfront.org”a tərcümələr edib yerləşdirir, az danışıb çox iş görürlər. O baxımdan nikbinəm və sevinirəm. Özümə gəldikdə isə mən kimilər üçün “evə dönüş” günü var. Günəşli səhərin ertəsi Kiçik Bazara əbədi qayıtmaq ilk işim olacaq...
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий