пятница, 29 ноября 2013 г.

Doğmalaşmayan “Yad”

“İnsan madam ki, öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur” - yad və laqeyd adamın dilindən yalnız bu sözləri eşitmək mümkündür. O da mümkündür ki, biganə, soyuqqanlı adamların içində bir təlatüm, burulğan gizlənir.

                                   


Bu hiss gec-tez, ən ekstremal vəziyyətdə özünü büruzə verir. Kamyunun “Yad”ı da belə adamdır. Nə vaxt ki dünya-aləm və özü onun vecinə deyildi, onda Merso üçün heç bir təhlükə yoxuydu. Elə ki, qətl törətdiyinə görə barəsində edam hökmü çıxarılır, Yad öz taleyinə qarşı biganə qala bilmir. Ətrafdakıların lənətini qazanan, anasının ölümünə ögey yanaşan, görüşdüyü qadınla evlənib - evlənməməyin fərqinin olmadığını deyən Yad tezliklə qarşımızda özünə qarşı doğmalaşır.
Zira, insan öz meyitinə diri və açıq gözlə baxmağı bacarmır, can şirindir. Kamyu qəhrəmanını son sətrinə qədər barışmaz və məğrur göstərməyə çalışır. Ancaq bu axıra qədər alınmır; bir neçə il həbs cəzası alacağını güman edən Merso ölüm hökmündən diksinir.
Çətin ki, bu povesti az adam oxusun. Ona görə sözü acı bağırsaq kimi uzadıb, kitabın fəlsəfi mahiyyəti haqda dastan açmaq fikrindən uzağam. Mənim “Yad”ın tərcüməsi ilə bağlı narahatlığım var. Açığı, Əlisa Nicat kimi təcrübəli, ədəbiyyatı dərindən bilən müəllifin dilindən tələm-tələsik, başdansovdu, primitiv sözlərdən calaqlanmış cümlələri oxumaq məyusedicidir.




Heç gözləməzdim. Əlisa müəllimin bloqunu və ümumən yazdıqlarını izləyən biri kimi onun hansı baqaja malik olduğuna bələdəm. Amma “Yad”ı oxuyanda inanmaq olmur ki, bunu Kamyu yazıb, Əlisa müəllim də tərcümə edib.
Sanki naşı bir tərcüməçini əlindən çıxan məhsula oxşayır. Bu A.Kamyu və Ə.Nicat adına qəbahətdir. Buna ya uğursuz tandem, ya da “Yad”a yad münasibət deyilməlidir. Tərcüməyə gəlincə, əsər “dedim-dedi” dialoqundan ibarətdir, bir müxbirin hazırladığı reportaj üsuluna oxşayır, personajların dilindən hansı sözlərin deyildiyi tez-tez rabitədən çıxıb, setdən itir. Mənsubiyyət sözləri bir cümlədə bir neçə dəfə təkrarlanır.




Məsələn, “Mən ona dedim ki, mən sənin dostunam”. Bu cür cümlə quruluşundakı qüsurları tutmağı Əlisa müəllim hamıdan yaxşı bilir, işinin ustasıdır və ona dərs keçmək niyyətimiz də yoxdur. Sadəcə, “Yad” belə tərcümə olunmamalı idi.
Cümlələr bütün mətn boyunca qısa-qısa təqdim olunur, hadisələr çox intensivləşdirilir, tələskənlik hiss olunur, harasa qaça-qaça tərcümə edilib, oxucunu və nəşriyyatı yola verib. Redaktə işindən isə danışmağa dəyməz. Kim edibsə görünür qonorar xətrinə başından edib. Redaktəni bir sözlə ifadə etmək olar - Bərbad!!!

...Tərcüməçi işi ikinci müəllif vəzifəsidir. Oxucunu məhz yazıçının elə bu dildə yazdığına inandırmaqdır. “Yad”ı rusca oxuyan Kamyunun rusca yazdığını, türkcə mütaliə edən türkcə qələmə aldığını düşünməlidir. Oxucu onunla yazıçı arasında tərcüməçi olduğunu hiss etməməlidir. Belə olmayanda qarşımıza keyfiyyətsiz tərcümələr, ya da elə doğmalaşmayan “Yad” çıxır...  

понедельник, 11 ноября 2013 г.

Bayrağınla məsud yaşa?

Tolstoyun “Vətənpərvərlik əclafların son sığınacağıdır” bəşəriyyətə qışqıran bu şüarı 9 noyabr təqvimi üçün keçərlidir. Bayrağa bürünən iblislərin hər ilin bu günündə bizə uropatriotluq dərsi keçməsi qədər ikinci ikrah doğuran hiss yoxdur. Bizə bayraq dərsi keçməyin.



Mənim üçün bayrağa görə ev yıxan və vətəndaşını zorla küçəyə töküb, sürgün edən, evsiz-eşiksiz qoyan İlham Əliyevin 2009-cu ildə çıxardığı “Bayraq Günü” qeyri-legitimdir.  Vətəndaşına hörmət etməyən bir dövlət bayrağına sayqı duya bilməz. Sizə “Eurovision”da bayrağımıza münasibətdən, polisin mitinqdə bayrağı əski parçası kimi büzmələməsindən yazıb demaqogiya etməkdən uzağam.


Sadəcə həmkar - yoldaşım Natiq Güləhmədoğlu ilə canlı şahidi olduğumuz bir tükürpədici faciəni yada salmaq kifayətdir: Bayraq Meydanı tikintisinə görə Azərbaycan Silahlı Qüvvələrinə xidmət edən 30 hərbçi ailəni zorla küçəyə töküb, evlərini başlarına uçurdular.


Bu dəhşətli, qəzəb doğuran və qan donduran səhnənin Natiqlə göz yaşları içərisində lentə almışdıq. Körpələrin göz yaşına, qocaların ah-naləsinə baxmayıb evlərinin içində olduqları halda “lom”la mənzillərini dağıdıb, polis zorakılığı ilə hərbçiləri çölə atdılar.Vəssalam, əlavə şərhə ehtiyac görmürəm, gəlin həmin hadisələri əks etdirən fotolara nəzər yetirək:

Bayraq qəzan mübarək, Azərbaycan!!!


суббота, 17 августа 2013 г.

Azadlığa pərvanə kimi...

Bu günləri acgözlüklə oxuduğum Əlisa Nicat yaradıcılığına heyranlığımı gizlətmirəm. Dövrümüzdə düşündürə bilən, klounluqdan, şitlikdən, sözü saqqız kimi çeynəyib tullayanlardan uzaq olan müəllifləri “əldə çıraq” gəzirəm.
Fəlsəfənin fövqündə dayanan, sözün nicatı olan Əlisa Nicat pritçalarından birində incə bir mövzuya - pərvanələrin niyə özünü oda atıb yandırmasına toxunub. Pritça Kafka üslubunu xatırladır, sentimentaldır, təhtəlşüura təsir edir, ümidvericidir, hiss olunur ki, Əlisa müəllim bunu yaşayaraq qələm çalıb.  

****                                       
                                                         (ƏLİSA NİCAT)

                                                                                                        
Ziqmund Freyd yazır ki, canlılar, xüsusilə insanlar ölümə can atır. Onlar əvvəlki cansız dövrlərinə - dinclik vəziyyətlərinə qayıtmaq istəyirlər. Çünki canlı olmaq saysız əzab instinktləri ilə müşayiət olunur.
Əlisa müəllim Freydin bu nəzəriyyəsinə söykənərək pərvanələrin özlərini oda atıb yandırmasından söz açır. Pritçanı oxuyarkən bu yerdə od mənə Azadlıq, pərvanə isə fədailəri yada salır.
Sitat: Lampa hey yanar, pərvanələr də ardı-arası kəsilmədən bir-birlərini əvəz edib ölərdilər. Niyə? Nə üçün bu gözəl, zərif məxluqlar özlərini işığa, oda çırpıb məhv edirlər? Şərq şairləri bu hadisənin yalnız zahiri tərəfini qələmə alıb, bu balaca məxluqların şam işığına aşiq olduqlarını söyləyiblər. İşığa aşiq olan məxluqlar! ”.

****

Yazıçının qeydləri hardasa Kamyunun “Sizif”inə də bənzəyir: canlı ömürlük əzaba məhkum olunub. Ancaq mən özünü sevərək oda çırpıb məhv olan pərvanələrlə azadlıq uğrunda özünü tələf edən fədailəri bir tərəzidə görürəm. Onlar azadlığa qurban gedirlər, azadlıq isə demokratiyadan alidir.
Əlisa müəllim yazır: “Axı bu balaca, zərif və oda davamsız məxluqlar bu işığın təhlükəli olduğunu dönə-dönə hiss edirlər. Bəs niyə əl çəkmirlər? Əl çəkə bilmirlər. Bu instinkt, bu çağırış, bu hiss həyat eşqindən qat-qat güclüdür.
Yox, pərvanəni yandıran bu həqiqət eşqi deyil. Bəlkə, güclü, qüdrətli maraq instinktidir, bu parlayan şeyin nə olduğunu dərk etmək, bilmək ehtirasıdır. Bu, ola bilər. Çünki pərvanələr insanlardan çox-çox qədimdirlər və onlar gecə həyatı keçirib milyon illərlə işıq görməyiblər. Axı milyon illər şam işığı, lampa işığı olmayıb. İndi birdən-birə cəmi bir neçə min ildir ki, hardasa evlərdə, ya başqa yerdə nəsə yanıb parlayır və bunun nə olduğunu bilmək həvəsi pərvanələri bu cür hərəkət etməyə məcbur edir”.

****                                     


Dəhşətli metaforadır. Oxuduqca tüklərim tikan-tikan oldu. Yəni, fədailər də pərvanələr kimi odun,  azadlığın nə olduğunu bilmək ehtirası ilə meydanlara çıxır, həbsə atılır, döyülür, ailəsini zərbə altına qoyur, ac-susuz, diskomfort həyat tərzi seçirlər. Çünki pərvanələr kimi milyon illər azadlığın nə olduğunu bilməyiblər, buxovlanmış həyatlarını indi qurtuluş üçün şam işığına fəda edirlər.
Yazıçının söylədiyi kimi, indi qəflətən hardasa nəsə yanıb parıldayır, bunu bilmək marağı hakim kəsilir. Azərbaycan insanı hansısa yarımadada, yaxud uzaq məmləkətdə azadlıq uğrunda mücadilə görür, onun parıltısındakı cazibədarlıq həvəs, impuls yaradır. Beləcə ruhlanmış fədailər özünü odun-alovun içinə atırlar, sevdiklərindən...

****                     


Dünyada elə bir canlı yoxdur ki, ölümdən, təhlükədən qaçmasın, qorxmasın. Əli müəllim deyir ki, cəsur aslanlar, pələnglər belə, təhlükə görəndə aradan çıxırlar. Zərif, gözəl pərvanə isə qaçmır, qorxmur və qurban gedir. Hətta körpə əlini şam işığına uzadanda bir balaca yanan kimi ağlayır, təkrar əlini uzatmır. Pərvanə isə dönə-dönə yansa da, əl çəkmir, yanıb ölməyincə hey fırlanıb özünü oda vurur. Necə ki, Azərbaycan insanı azadlığa canını tapşırır. Məktəb vaxtı tarix müəllimimin tez-tez işlətdiyi, mənə şablon görünən bir fikri indi qulaqlarımda cingildəyir: həyatda heç nə mənasız deyil...





четверг, 15 августа 2013 г.

İki Rüstəmə bir məktub

...Azərbaycan iki Rüstəmin səfasını görməmiş cəfasını çəkir. Biri Bakını söyür, digəri Bakıya qayıda bilmir. Biri Bakını fahişəyə bənzədir, amma çıxıb getmir, o biri Bakıya qayıtmaq üçün pasport ala bilmir. Biri şairdir, digəri yazıçı.



“Əhməd haradadır” filmində Nərgiz xalanın sözü olmasın qalmışıq (Əhmədlərin) Rüstəmlərin əlində. İlin - günün bu vaxtı Rüstəm bəy Bakını fahişə, məkrli qadına oxşadıb, şəhərdə fahişəxanaları sayını artıranlara, villa ucaldanlara, tarixi binaları sökənlərə dil uzatmağa cəsarəti çatmayıb. Cansız varlığa hücum etmək, ona dişinin dibindən çıxanı demək metroda vaqonun qapısı gec açılanda təpiklə açmağa bənzəyir. Metrodakı o gənclə şair Rüstəm arasında fərq görmürəm.
Yazıçı Rüstəm isə Bakıda demoqrafik partlayışdan gileylənib şəhəri xilas etməyə tələsir. Amma Bakıya gedən yollar Tiflisdə ayrılır. Yazıçının gedə bilmədiyi şəhərdən gələn şair Badukübəni lənətləyir, söyüş yağdırır, fahişələr fahişəsi adlandırır. Bu şəhər indi iki Rüstəmə qəzəblidir. Birinin yolunu gözləyir, birinə “qucağımda ilan bəsləmişəm” deyibən düşünür. Birini çağırır, birini qovur Bakı...



Şəhərlər adamlar kimi xarakterlərinə, spesifik xüsusiyyətlərin bölünürlər. Kobudu, soyuqqanlısı, amansızı, rəhmsizi var, günəşlisi, qonaqpərvəri, ürəyiaçığı var. Bakı isə küləkli olanlardandır. Əsir, titrədir, üşüdür insanları, bəzən də öz qoynuna salıb isidir, qızdırır qəlbini adamların. Bakı cansız, ruhsuz deyil axı?! Tanrı boyda ürəyi bu şəhərin.
Qucaq açıb hamıya, yer verib hər kəsə öz yuvasında. Belə şəhəri fahişələr fahişəsi simvolunda görən şairin bəsirət gözləri bağlanıb, həqiqəti inkar edir. İnkarçılıq günahdır şair! Həqiqət göz deşdiyi halda onu danmaq nadanlıqdır. Sənə Qorxmaz Əlili kimi “məhlə uşağı” dərsi keçmək fikrindən uzağam. Amma 30 il sənə ürəyinin yağını yedirən Bakıya təpik atma, Rüstəm bəy!



Bakını sökən dostun Hacıbala Abutalıbova, ölkəni və Bakını tayfa-qəbilə təfəkkürü ilə idarə edən həmyerlilərinə, şəhərin neftini, dənizinin kürüsünü sümürüb satıb varlanan iqtidardakı qardaşlarına dillən şair. Biz görmüşük ki, şair etirazçı, inqilabı ruhda yazan olar. Nə Nazim Hikmət, nə Əhməd Qaya onu didərgin salan İstanbulu lənətlədi. Əksinə qürbətdə İstanbul deyib ağladılar. Və nə də İosif Brodski Moskvanı, Leninqradı “özünü satan şəhər” adlandırdı. Sən xitabın ünvanını səhv salmısan...


Yazıçı Rüstəm isə düşünməsin ki, üzünə bağlanan şəhər darvazalarının qarşısında gül-çələnglə milyonlar onu gözləyir. Birincisi, toplum 20 ildir gözləyir - “Vahid”i, “Lazım”ı, Rəsulu və indi də yazıçının dönüşünü. İkincisi Rüstəm bəy çoxdan Yılmaz Güney olmaq şansını itirib. Bunun üçün bioqrafiyaların müqayisəsi yetərlidir. Qəhrəmanlıq anın dərkidir. An gəlir, heç olmasa sizi gözləməkdə olan sıravi fədakar müxalifətçilərin ürəyi ilə oynamayın Rüstəm bəy. Axı qəhrəmanlıq anın dərkidir?! Siz ki bunu bilirsiz, hörmətli ssenarist...



  







суббота, 20 июля 2013 г.

Kamila Fəvvarələrdə...

Tarixi fərdlər yaradır, xalqlar yox. Xalqlar da yetişdirdiyi şəxsiyyətlərlə tanınır. Məsələn, Hüqo yaxud Molyer olmasaydı fransız xalqı qıraq-bucaqda qalardı. Ya da Çexovsuz, Qoqolsuz rus xalqını təsəvvür etmək olmur.
Türkiyədə isə vətəndaş mövqeyi ilə sənəti çulğalaşdıran şəxsiyyət axtarsaq ağla ilk gələn Yılmaz Güneydir. Bu günlərdə gəncləri başına yığıb onlara öyüd-nəsihət verən bir video çıxışına baxdım. Mən Yılmaz şəxsiyyətinə pərəstişimi gizlətmirəm.




Devrimçi rejissor Azərbaycanda politik zümrənin ümidlə gözlədiyi həmkarı Rüstəm İbrahimbəyovdan fərqi olaraq gənclərə inqilabın tək yol olmasından danışır. Sitat: “Türkiyədə gənc insanlara yaxşı yaşamaq üçün zəmin yaradılmalıdır. Ancaq bu dinamizmlə siz gənclər babadayılıq, qoçuluq həvəsinə düşərsiniz. Biriniz barın qarşısında öldürülər, birinizi siqaret, narkotik qaçaqmalçılığında ittiham edib həbsə atarlar. Kiminiz həbsdə xəstələnib ölər, kiminiz işgəncələrə məruz qalarsınız. Yox! Olmaz. Bir tək qurtuluş var - devrim”.



Yəni, gənclik etirazdır. Gənc olmaq qadağalara qarşı çıxmaqdır. Azərbaycanda gənclərin fəallığı mövsümi ya da spesifik xarakter daşıyır. O həqiqətdir ki, despotik rejimlərdə ya davamlı müqavimət ya da total susqunluq olur. Bizdə hər ikisi qüvvədən düşüb. Əsgər qətllərinə etirazdan savayı yaddaqalan kütləvi nümayiş keçirilməyib.
Gözləyirik yenə əsgər qətlə yetirilsin, (hərçənd son aylar yenə əsgər ölümü olub, amma etiraz yoxdur) onun meyitinin ürəkparçalayan, faciəvi şəkilləri yayımlansın, cuşa gəlib küçələrə çıxaq. Bunu həmin ərəfələrdə yazmaq olmurdu, adamı satqın çıxarar, daş-qalaq edərdilər. Bir tərəfdən də diqqətdə Aqşin Yeniseyin sayıqlaması idi.
Dözdük, səbr etdik. Təmkinlə proseslərin hara kimi cərəyan edəcəyini izlədik. Təşkilatlanmanın və hərəkatın nəzəri - praktiki baqajı olmadığı üzə çıxdı. Kortəbii etirazlar elə başlandığı kimi kortəbii sona yetdi. Demə, gənclərin ordudan başqa yarası, dərdi yoxmuş.




“Şəhidlər ölməz, vətən bölünməz” şüarı da çox bayağı idi. Sadəcə, ordudakı ölümlərə qarşı etirazların yeganə üstünlüyü II Əliyevin həbsə düşməyi adiləşdirməyi oldu. Nə ki adiləşir, o kütləviləşir. 
İndi kral arxayındır “sabitlikdir”. XVI Lüdovik də qeyd dəftərində “sakitlikdir” yazanda Bastiliyanın süqutuna saatlar qalırdı. Gənclərin Fəvvarələr meydanından Bastiliyaya yürüşü başlayanda İlham Əliyevin gəncləri zindanlara doldurması, yüksək cərimələr indiki kimi müvəqqəti işə yaramayacaq. Onda kral üçün gec olacaq. Buna qədər inamsızlıq və gənc lider çatışmazlığı sindromuna son qoyulmalıdır. Pərviz Cəbrayılın 5-6 il əvvəl “SPİD. İnam Çatışmazlığı Sindromu” başlıqlı yazısı tezislərimizə uyğun gəlir.




Məqalənin proloqunda liliputla evlənən dünya gözəlinin rəfiqəsi ilə dialoqu təsvir edilir. Rəfiqəsi gözəlin bədənində, üz-gözündə, qollarında cırmaq izlərini görüb zarafatyana “deyəsən zifah gecəniz çox ehtiraslı, alovlu keçib” deyə sual edir. Gözəl isə “yox e, nə ehtiras, liliput bütün gecəni üstümdə atılıb-düşüb deyirdi ki, inana bilmirəm bütün bunlar mənimdir”.
Harda inam ölür, o yerdə mübarizə dəfn olunur. Gənclərin liderlik çatışmazlığı da köhnə siyasətçilərin ambisiyalarına oxşayır. 20 illik uğursuzluqlarını ört-basdır etmək üçün əlacsızlıqdan Yılmaz Güney olmaq istəyən İbrahimbəyovu lider seçməli oldular. Amma gənclərin köhnə siyasətçilərin yolunu getməmək dilemması var. 



Bunun üçün Çili gənclik hərəkatının lideri, kommunist qız Kamila Valexonun müsahibəsində liderlik, təşkilatlanma və sosial şəbəkələrin roluna dair fikirlərini oxumaq kifayətdir:
 “Mən hesab etmirəm ki, bizdən kimsə anadangəlmə liderdir. Sadə həyati şərait məni bu mövqeyə qoydu ki, burada başqa biri də ola bilərdi. Belə alındı ki, bu anda rəhbərlər biz olduq. Bu hərəkat - böyük kollektiv işin nəticəsidir. Və onu yalnız cəmiyyət üçün daha üzdə olan bizdən olanlar deyil, bu cəmiyyəti hər gün quranlar yerinə yetirirlər”.



Kamilanın fikrincə, ictimai mübarizə  - xətti proses deyil: “Təkcə təzyiq göstərmək olmaz - vaxtaşırı bu prosesin nəbzini yoxlamaq lazımdır ki, müəyyən anda geri çəkilmək, qüvvələri yenidən təşkilatlandırmaq və bundan sonra yeni hücumu keçmək olsun. Mən düşünürəm ki, bizdə bu çatışmır, biz hələ bunu öyrənməmişik. Bu hərəkat - mütəşəkkil və çox şəxsi işin nəticəsidir. O, sosial şəbəkələr sayəsində yaranmayıb. Onun quruluşu və inkişafı bir çox illər əvvəl başladı və bu günkü nəticə - müxtəlif siyasi qüvvələrin fəaliyyəti və yetişməsinin, onların aralarında qarşılıqlı təsir göstərmələrinin məhsuludur. Sosial şəbəkələrin rolu bu hərəkatın yaradılmasından deyil, onun sürətləndirilməsindən ibarətdir. Onun yaradılması isə - bizim yoldaşların uzunmüddətli şəxsi işinin nəticəsidir ki, bu da heç bir halda nə Feysbukda, nə İnternetdə, nə də Tvitterdə öz əksini tapmayıb”.



четверг, 27 июня 2013 г.

Sənətlə “artistlik” arasında...

“Bu kino çəkənlərin nazıynan çox oynayırsan haa, Kərbəlayi…” - mərhum Məlik Dadaşov sağ olsaydı “Qəmlo“nun dili ilə Azərbaycan kino sənətinə belə qiymət verərdi. Ya da son söz demək imkanı yaradılsaydı son nəfəsində Siyavuş Aslan “8 min pul alıblar məndən, oynamaqlarına bax“ deyib gileylənərdi.




Üçüncü misal da var: cəmi bir neçə ay əvvəl son mənzilə yola saldığımız Yaşar Nuri film sahəsindəki qeyri-peşəkarlıqları, duzsuz-istiotsuz, təlxək, mütrif, kəndirbaz, düşündürə, güldürə və ağlada bilməyən indiki aktyor-aktrisa heyətini görsə hirsindən “sənin əyri ayaqlarından “raqatka“ düzəltməsəm, atamın oğlu deyiləm“ deyibən şikayətlənərdi.
Səhnəmizin ilk və tək qaynanası Nəsibə xanım Zeynalova da çox güman ki, kinomuzu bu günə qoyanlara “əlün qurusun, əlüün“ deməkdən çəkinməzdi.
Daha kimləri sadalayaq? Həsən Turabov, Səməndər Rzayev, Mövsüm Sənani, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Qurbanov, Lütfəli Abdullayev...
Saymaqla bitib-tükənməyən, hər biri epoxaya çevrilən sənətkarların yerini “tutmaq“ istəyənləri görəndə “Sehrli Xalat“ filmindəki epizodu xatırlamamaq olmur: “Bu uşağın böyüyüb nə olacağını düşünəndə adamın tükləri biz-biz durur“.



Həmin filmdəki “xan“ın cavabı da yerinə düşür: “Yox-yox, o böyüməyəcək”. Bilmirəm, 10-20 il sonra Azərbaycan film sənəti hansı dövrünü yaşayacaq? Amma bu gün səhnəmizin sonuncu əfsanəsini və Siyavuşunu itirməklə film gələcəyimizə olan ümidlərimi dəfn etmiş oldum.
“Niyə böyüməyəcək və niyə böyüyə bilmirlər?” sualına mən cavab verməli deyiləm. Çünki Azərbaycanın son 20 illik kino sənətinə 5 ballıq şkala ilə qiymət versək, bu dəyər “2“yə layiqdir. Nə sovet məktəbinin yetişdirdiyi görkəmli aktyorlar, nə də ssenarist-rejissorlar müstəqillik illərində bir o qədər məhsuldar ola bildilər. Onların süjet xətti, ssenarisi, aktuallığı, psixoloji təsirlilik imkanları, yaradıcı heyəti sovet kino istehsalından qat-qat aşağı səviyyəli nəticə göstərdi.
“Kimdir günahkar ?” sualı ilə Cəfər Cabbarlının “Oqtay Eloğlu“ pyesindəki epiloqa müraciət etsək, tutarlı cavab alırıq: hamımız dəliyik. Rejissorlar, ssenaristlər, aktyorlar və tamaşaçılar. Birincilər aktyora sərbəstlik, improvizə imkanları vermir. İkincilərin ssenariləri bayağı, ucuz, şablon və əksər mənasız Türkiyə “dizilərinin“ ən bərbad təkrarıdır.





Onlar tamaşaçını düşündürə, inandıra bilmir. Film inandırmaq və yaşatmaqdır. Gündəlik həyatımızdakı acı reallıqları səmimi şəkildə ekrana daşıya bilməyən ssenaristlərin müraciət etdikləri mövzu yalnız varlıların şəxsi həyatını işıqlandırmaqdır. Sadə, aristokrat həyat tərzi sürməyən tamaşaçını isə milyonçuların acı taleyi qəti maraqlandırmır. Üstəlik, bu mövzu o qədər adiləşib ki, hətta “bişmiş toyuğun gülməyi gəlir. 
Aktyorlara gəlincə, onlar hətta hind və türk aktyorları qədər də səriştəli olmağı bacarmırlar. Sanki bu ölkədə “Yad gəlini“ oynayan Məleykə Əsədovalar, “Tomris“ yaradan Amaliya Pənahovalar, “Elçin müəllimi“ yaddaşlara həkk edən Yaşar Nurilər olmayıb. İndi bizə “Çocuqlar duyması“nı “Aramızda qalsın“ deyə soxuşdururlar.

Axı Azərbaycan tamaşaçısının intellektual səviyyəsini deqradasiyaya uğratmaq da, manqurtlaşdırmaq da, yüksəltmək də əlimizdədir. Bu xalq “İstintaq“ı, “Qanun naminə“ni, “Yeddi oğul istərəm“i, “Atları yehərləyin“i görüb, onlarla böyüyüb. Artıq “artistlik“ eləməyə ehtiyac yoxdur, sənət nümayiş etdirmək gərəkdir... 

воскресенье, 16 июня 2013 г.

“Qusma -2013” - replika

Metronun qapısını təpiklə açmağı ilə ətrafdakıların rəğbətini qazandığının sublimasiyasını yaşayan,  yoldan keçənin çiyninə vurmaqla “əzələ nümayiş” etdirən, amma işıq pulu yığandan, avtobus sürücüsündən qorxan gəncin yaşadığı ölkə Azərbaycan aldanır - Ürəkbulanma.



Ağzını ayırıb keçidlərdəki paltar mağazalara heyranlıqla baxan, Amerikada “bomj”ların getdiyi “Mcdonalsd”da oturmağı elitarlıq sayan, 5 kitab oxumayıb, 1 qəpik pul qazana bilməyib, di gəl cibindəki son model telefon gəzdirməsi ilə fəxr edən insanın xoşbəxt olduğu ölkə Azərbaycan adlanır - Başgicəllənmə.

Bloggeri dissident, siyasi fərarini yazıçı, Rafiq Tağının ölümündən sonra qorxub qaçan dovşanı filosof, Amerikanın bizi xilas edəcəyinə inanan yankisevəri alim, 7 sutka həbs yatanları Nelson Mandela, bir-birini 20 ildə 20 dəfə aldadıb satqınlıqda ittiham edənlərin bir yerə toplaşmasını birlik hesab edən, hakimiyyəti qoyub qaçan birinin yolunu müqəddəs adlandıran, seçki, rejim, vahid namizəd və s. bu kimi əttökən söhbətləri acı bağırsaq kimi uzadanların mövcud olduğu ölkəyə Azərbaycan deyilir  - Qusma.

“Qurtuluş günü”, “Gül bayramı”, Sumqayıtda Əliyevə tort bişirilən gün küçələrə axışıb ləçər kimi acgözlük edənlərin, “prezident cavandır işləyir, ətrafındakılar qoymur” kimi manqurt ideyaların hələ də var olduğu ölkə Azərbaycan adlandır - Gəyirmə.


P.S. Sartr sağ olsaydı “Ürəkbulanma”nı “Nəcis”lə əvəzləyərdi...