суббота, 20 июля 2013 г.

Kamila Fəvvarələrdə...

Tarixi fərdlər yaradır, xalqlar yox. Xalqlar da yetişdirdiyi şəxsiyyətlərlə tanınır. Məsələn, Hüqo yaxud Molyer olmasaydı fransız xalqı qıraq-bucaqda qalardı. Ya da Çexovsuz, Qoqolsuz rus xalqını təsəvvür etmək olmur.
Türkiyədə isə vətəndaş mövqeyi ilə sənəti çulğalaşdıran şəxsiyyət axtarsaq ağla ilk gələn Yılmaz Güneydir. Bu günlərdə gəncləri başına yığıb onlara öyüd-nəsihət verən bir video çıxışına baxdım. Mən Yılmaz şəxsiyyətinə pərəstişimi gizlətmirəm.




Devrimçi rejissor Azərbaycanda politik zümrənin ümidlə gözlədiyi həmkarı Rüstəm İbrahimbəyovdan fərqi olaraq gənclərə inqilabın tək yol olmasından danışır. Sitat: “Türkiyədə gənc insanlara yaxşı yaşamaq üçün zəmin yaradılmalıdır. Ancaq bu dinamizmlə siz gənclər babadayılıq, qoçuluq həvəsinə düşərsiniz. Biriniz barın qarşısında öldürülər, birinizi siqaret, narkotik qaçaqmalçılığında ittiham edib həbsə atarlar. Kiminiz həbsdə xəstələnib ölər, kiminiz işgəncələrə məruz qalarsınız. Yox! Olmaz. Bir tək qurtuluş var - devrim”.



Yəni, gənclik etirazdır. Gənc olmaq qadağalara qarşı çıxmaqdır. Azərbaycanda gənclərin fəallığı mövsümi ya da spesifik xarakter daşıyır. O həqiqətdir ki, despotik rejimlərdə ya davamlı müqavimət ya da total susqunluq olur. Bizdə hər ikisi qüvvədən düşüb. Əsgər qətllərinə etirazdan savayı yaddaqalan kütləvi nümayiş keçirilməyib.
Gözləyirik yenə əsgər qətlə yetirilsin, (hərçənd son aylar yenə əsgər ölümü olub, amma etiraz yoxdur) onun meyitinin ürəkparçalayan, faciəvi şəkilləri yayımlansın, cuşa gəlib küçələrə çıxaq. Bunu həmin ərəfələrdə yazmaq olmurdu, adamı satqın çıxarar, daş-qalaq edərdilər. Bir tərəfdən də diqqətdə Aqşin Yeniseyin sayıqlaması idi.
Dözdük, səbr etdik. Təmkinlə proseslərin hara kimi cərəyan edəcəyini izlədik. Təşkilatlanmanın və hərəkatın nəzəri - praktiki baqajı olmadığı üzə çıxdı. Kortəbii etirazlar elə başlandığı kimi kortəbii sona yetdi. Demə, gənclərin ordudan başqa yarası, dərdi yoxmuş.




“Şəhidlər ölməz, vətən bölünməz” şüarı da çox bayağı idi. Sadəcə, ordudakı ölümlərə qarşı etirazların yeganə üstünlüyü II Əliyevin həbsə düşməyi adiləşdirməyi oldu. Nə ki adiləşir, o kütləviləşir. 
İndi kral arxayındır “sabitlikdir”. XVI Lüdovik də qeyd dəftərində “sakitlikdir” yazanda Bastiliyanın süqutuna saatlar qalırdı. Gənclərin Fəvvarələr meydanından Bastiliyaya yürüşü başlayanda İlham Əliyevin gəncləri zindanlara doldurması, yüksək cərimələr indiki kimi müvəqqəti işə yaramayacaq. Onda kral üçün gec olacaq. Buna qədər inamsızlıq və gənc lider çatışmazlığı sindromuna son qoyulmalıdır. Pərviz Cəbrayılın 5-6 il əvvəl “SPİD. İnam Çatışmazlığı Sindromu” başlıqlı yazısı tezislərimizə uyğun gəlir.




Məqalənin proloqunda liliputla evlənən dünya gözəlinin rəfiqəsi ilə dialoqu təsvir edilir. Rəfiqəsi gözəlin bədənində, üz-gözündə, qollarında cırmaq izlərini görüb zarafatyana “deyəsən zifah gecəniz çox ehtiraslı, alovlu keçib” deyə sual edir. Gözəl isə “yox e, nə ehtiras, liliput bütün gecəni üstümdə atılıb-düşüb deyirdi ki, inana bilmirəm bütün bunlar mənimdir”.
Harda inam ölür, o yerdə mübarizə dəfn olunur. Gənclərin liderlik çatışmazlığı da köhnə siyasətçilərin ambisiyalarına oxşayır. 20 illik uğursuzluqlarını ört-basdır etmək üçün əlacsızlıqdan Yılmaz Güney olmaq istəyən İbrahimbəyovu lider seçməli oldular. Amma gənclərin köhnə siyasətçilərin yolunu getməmək dilemması var. 



Bunun üçün Çili gənclik hərəkatının lideri, kommunist qız Kamila Valexonun müsahibəsində liderlik, təşkilatlanma və sosial şəbəkələrin roluna dair fikirlərini oxumaq kifayətdir:
 “Mən hesab etmirəm ki, bizdən kimsə anadangəlmə liderdir. Sadə həyati şərait məni bu mövqeyə qoydu ki, burada başqa biri də ola bilərdi. Belə alındı ki, bu anda rəhbərlər biz olduq. Bu hərəkat - böyük kollektiv işin nəticəsidir. Və onu yalnız cəmiyyət üçün daha üzdə olan bizdən olanlar deyil, bu cəmiyyəti hər gün quranlar yerinə yetirirlər”.



Kamilanın fikrincə, ictimai mübarizə  - xətti proses deyil: “Təkcə təzyiq göstərmək olmaz - vaxtaşırı bu prosesin nəbzini yoxlamaq lazımdır ki, müəyyən anda geri çəkilmək, qüvvələri yenidən təşkilatlandırmaq və bundan sonra yeni hücumu keçmək olsun. Mən düşünürəm ki, bizdə bu çatışmır, biz hələ bunu öyrənməmişik. Bu hərəkat - mütəşəkkil və çox şəxsi işin nəticəsidir. O, sosial şəbəkələr sayəsində yaranmayıb. Onun quruluşu və inkişafı bir çox illər əvvəl başladı və bu günkü nəticə - müxtəlif siyasi qüvvələrin fəaliyyəti və yetişməsinin, onların aralarında qarşılıqlı təsir göstərmələrinin məhsuludur. Sosial şəbəkələrin rolu bu hərəkatın yaradılmasından deyil, onun sürətləndirilməsindən ibarətdir. Onun yaradılması isə - bizim yoldaşların uzunmüddətli şəxsi işinin nəticəsidir ki, bu da heç bir halda nə Feysbukda, nə İnternetdə, nə də Tvitterdə öz əksini tapmayıb”.



четверг, 27 июня 2013 г.

Sənətlə “artistlik” arasında...

“Bu kino çəkənlərin nazıynan çox oynayırsan haa, Kərbəlayi…” - mərhum Məlik Dadaşov sağ olsaydı “Qəmlo“nun dili ilə Azərbaycan kino sənətinə belə qiymət verərdi. Ya da son söz demək imkanı yaradılsaydı son nəfəsində Siyavuş Aslan “8 min pul alıblar məndən, oynamaqlarına bax“ deyib gileylənərdi.




Üçüncü misal da var: cəmi bir neçə ay əvvəl son mənzilə yola saldığımız Yaşar Nuri film sahəsindəki qeyri-peşəkarlıqları, duzsuz-istiotsuz, təlxək, mütrif, kəndirbaz, düşündürə, güldürə və ağlada bilməyən indiki aktyor-aktrisa heyətini görsə hirsindən “sənin əyri ayaqlarından “raqatka“ düzəltməsəm, atamın oğlu deyiləm“ deyibən şikayətlənərdi.
Səhnəmizin ilk və tək qaynanası Nəsibə xanım Zeynalova da çox güman ki, kinomuzu bu günə qoyanlara “əlün qurusun, əlüün“ deməkdən çəkinməzdi.
Daha kimləri sadalayaq? Həsən Turabov, Səməndər Rzayev, Mövsüm Sənani, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Qurbanov, Lütfəli Abdullayev...
Saymaqla bitib-tükənməyən, hər biri epoxaya çevrilən sənətkarların yerini “tutmaq“ istəyənləri görəndə “Sehrli Xalat“ filmindəki epizodu xatırlamamaq olmur: “Bu uşağın böyüyüb nə olacağını düşünəndə adamın tükləri biz-biz durur“.



Həmin filmdəki “xan“ın cavabı da yerinə düşür: “Yox-yox, o böyüməyəcək”. Bilmirəm, 10-20 il sonra Azərbaycan film sənəti hansı dövrünü yaşayacaq? Amma bu gün səhnəmizin sonuncu əfsanəsini və Siyavuşunu itirməklə film gələcəyimizə olan ümidlərimi dəfn etmiş oldum.
“Niyə böyüməyəcək və niyə böyüyə bilmirlər?” sualına mən cavab verməli deyiləm. Çünki Azərbaycanın son 20 illik kino sənətinə 5 ballıq şkala ilə qiymət versək, bu dəyər “2“yə layiqdir. Nə sovet məktəbinin yetişdirdiyi görkəmli aktyorlar, nə də ssenarist-rejissorlar müstəqillik illərində bir o qədər məhsuldar ola bildilər. Onların süjet xətti, ssenarisi, aktuallığı, psixoloji təsirlilik imkanları, yaradıcı heyəti sovet kino istehsalından qat-qat aşağı səviyyəli nəticə göstərdi.
“Kimdir günahkar ?” sualı ilə Cəfər Cabbarlının “Oqtay Eloğlu“ pyesindəki epiloqa müraciət etsək, tutarlı cavab alırıq: hamımız dəliyik. Rejissorlar, ssenaristlər, aktyorlar və tamaşaçılar. Birincilər aktyora sərbəstlik, improvizə imkanları vermir. İkincilərin ssenariləri bayağı, ucuz, şablon və əksər mənasız Türkiyə “dizilərinin“ ən bərbad təkrarıdır.





Onlar tamaşaçını düşündürə, inandıra bilmir. Film inandırmaq və yaşatmaqdır. Gündəlik həyatımızdakı acı reallıqları səmimi şəkildə ekrana daşıya bilməyən ssenaristlərin müraciət etdikləri mövzu yalnız varlıların şəxsi həyatını işıqlandırmaqdır. Sadə, aristokrat həyat tərzi sürməyən tamaşaçını isə milyonçuların acı taleyi qəti maraqlandırmır. Üstəlik, bu mövzu o qədər adiləşib ki, hətta “bişmiş toyuğun gülməyi gəlir. 
Aktyorlara gəlincə, onlar hətta hind və türk aktyorları qədər də səriştəli olmağı bacarmırlar. Sanki bu ölkədə “Yad gəlini“ oynayan Məleykə Əsədovalar, “Tomris“ yaradan Amaliya Pənahovalar, “Elçin müəllimi“ yaddaşlara həkk edən Yaşar Nurilər olmayıb. İndi bizə “Çocuqlar duyması“nı “Aramızda qalsın“ deyə soxuşdururlar.

Axı Azərbaycan tamaşaçısının intellektual səviyyəsini deqradasiyaya uğratmaq da, manqurtlaşdırmaq da, yüksəltmək də əlimizdədir. Bu xalq “İstintaq“ı, “Qanun naminə“ni, “Yeddi oğul istərəm“i, “Atları yehərləyin“i görüb, onlarla böyüyüb. Artıq “artistlik“ eləməyə ehtiyac yoxdur, sənət nümayiş etdirmək gərəkdir... 

воскресенье, 16 июня 2013 г.

“Qusma -2013” - replika

Metronun qapısını təpiklə açmağı ilə ətrafdakıların rəğbətini qazandığının sublimasiyasını yaşayan,  yoldan keçənin çiyninə vurmaqla “əzələ nümayiş” etdirən, amma işıq pulu yığandan, avtobus sürücüsündən qorxan gəncin yaşadığı ölkə Azərbaycan aldanır - Ürəkbulanma.



Ağzını ayırıb keçidlərdəki paltar mağazalara heyranlıqla baxan, Amerikada “bomj”ların getdiyi “Mcdonalsd”da oturmağı elitarlıq sayan, 5 kitab oxumayıb, 1 qəpik pul qazana bilməyib, di gəl cibindəki son model telefon gəzdirməsi ilə fəxr edən insanın xoşbəxt olduğu ölkə Azərbaycan adlanır - Başgicəllənmə.

Bloggeri dissident, siyasi fərarini yazıçı, Rafiq Tağının ölümündən sonra qorxub qaçan dovşanı filosof, Amerikanın bizi xilas edəcəyinə inanan yankisevəri alim, 7 sutka həbs yatanları Nelson Mandela, bir-birini 20 ildə 20 dəfə aldadıb satqınlıqda ittiham edənlərin bir yerə toplaşmasını birlik hesab edən, hakimiyyəti qoyub qaçan birinin yolunu müqəddəs adlandıran, seçki, rejim, vahid namizəd və s. bu kimi əttökən söhbətləri acı bağırsaq kimi uzadanların mövcud olduğu ölkəyə Azərbaycan deyilir  - Qusma.

“Qurtuluş günü”, “Gül bayramı”, Sumqayıtda Əliyevə tort bişirilən gün küçələrə axışıb ləçər kimi acgözlük edənlərin, “prezident cavandır işləyir, ətrafındakılar qoymur” kimi manqurt ideyaların hələ də var olduğu ölkə Azərbaycan adlandır - Gəyirmə.


P.S. Sartr sağ olsaydı “Ürəkbulanma”nı “Nəcis”lə əvəzləyərdi...

среда, 8 мая 2013 г.

Adam başına düşəndə


Küçə başında
Yol başında
Ölkə başında
hər tin başında
ya qaranlıq bir dalanda
xəncər soxacaqlar dalağımıza
Rafiq Tağı kimi...

Gedirəm
evə gedirəm -
sevgilimə
ya da anama...
arxamca qara “CİP” gəlir
başıma torba keçirəcəklər
bir azdan
İbrahim İbrahimli kimi...

Mən bir “Molotov kokteyliyəm”
Fəvvarələr bağında.
Nə sən bunun fərqindəsən,
nə də polis fərqində.
“Nəşələnib” çıxmışam
“daş atmağa” Şeytana.
Şeytan isə papış tikib
saldı məni zindana.
“iğtişaşçı” kimi...

Nəsimilər, nizamilər
qalileylər və
ziya(n)lılar ölkəsi.
Gəlin inkvizisiyanı bərpa edək!!!
Leninsayağı -
“oxumaq, oxumaq, yenə də oxumaq”
Sonra hər adam başına
bir Əkrəmin kitabını yandıraq!!!







воскресенье, 28 апреля 2013 г.

Mənzum pyes - “Gözəl”


Hadisələr XXI əsrin II-ci onilliyi Azərbaycanda vaqe olur:




Universitet auditoriyası

Müəllim - Uşaqlar bu dərsdə müzakirə var
Müzakirəyə gələcək Böyük Adamlar
Etməyin nə artıq, nə əskik bir söz
Böyükdür, nə desə dediyinə döz
Əli - Necə yəni? O yaltaq-yaltaq danışacaq
Qotur kimi qaşınacaq
Verməyiz öylə bir imkan
Müəllimə -Ay bala burası Azərbaycan!
Əli- Nə olmuş Azərbaycansa?
Lazım gəlsə cansa, qansa verəcəyik meydanlarda
Nə bir diplom, nə də başqa itki qorxusu var
Yalnız qələbə, inam və etibar
Müəllimə - Yaxşı dinlə tələbə. Məni təbdən çıxarma
tök ətəyindən daşı
istəməm kimsənin ağrısın başı
Əli - Fəqət sözümü deyəcəyəm
Mitinqlərdə şüarlar söyləyəcəyəm
Müəllim - O zaman səni məktəbdən qovacağıq
Qovacağıq ki, ağlın gəlsin başına
Nədir səni narazı salan?
Əli - Bu ölkədə hər şey yalan
hər şey viran, talan
Bizə qalan zülmət və səfalət
nə bir ədalət, nə bir ləyaqət
Bircə yalandır təmiz və şəffaf
Müəllimə -Yetər, hər yerdə inkişaf
Sənin gözlərin kor, qəlbin xaindir
Görmək istəmirsən, bu gözəlliyi
Əli- Əksinə, bu rəzilliyi
Görəndə xəcalət çəkmirsinizmi
Nə qədər davam edəcək
dəhşət, fəlakət?
İlahi, ətalət!
Bürüyübdür Azərbaycanı-
zəli ilanlar
qanımızı sorurlar
boğurlar
Deyirlər ya kar ol, ya lal
Lakin tək yol istiqlal!

Bu an rektor sinifə daxil olur

Rektor: “Eh, qoçaq, igid cavan oğlan
Dil-dil ötürsən yaman.
Görürəm, içində bir atəş yanır
Səni görən inqilabçı sanır
Ancaq bil ki, sən tələbəsən
Oxumalı, öyrənməlisən
Nəyə gərək bu uzun söhbətlər
Hər kəsdə bəllidir nə cür niyyətlər
Tövsiyəm uzaq ol-bu təhlükədən
Ya qal yaşa, ya da get bu ölkədən
Əli: “ Xəbərim var, bu gün yığıncaq olacaq
Hərsifətlər, hərsimalar iclasa dolacaq
Mən azadam və az adamam
Sözümü deyəcəyəm aləmə
Rektor: Kəkələmə
Səni ora buraxan kim
Sən kim, nazir kim
Cürət et görək, nə deyirsən
Əli: Deyəcəyimi bilirsən.
Sabah çıxacağıq meydanlara
Küçələrə, yollara
Əqli-düşüncəmizdə olanları səsləndirəcəyik
Azadlıq istəyəcəyik.
Rektor: Bu günkü iclasda nazir mitinqdən danışacaq
Müəllimə: Aləm qarışacaq?
Rektor: Əksinə, nazir çalışacaq
Ki, tələbələrə izah etsin
Müxalifət gəncləri yoldan çıxarır
Əli: Biz azmış gənclik deyilik
Haqq olanı deyirik
Rektor: Az sonra toplantı başlanır
Hamı zala yığışsın
Əlidən başqa
Əli: Biz sözümüzü qalstuk taxıb
yaltaq nəzərlərlə baxıb
iclaslarda demirik
Tribunamız meydanlar, mitinqlərdir

Əli təhsil aldığı universitetdə nazirlə tələbələrin görüşünə buraxılmır. Onu təcrid edirlər. Ancaq bu hələ yolun başlanğıcı idi. Gənc fəalı irəlidə ağrılı-acılı günlər gözləyir.


Günəşli bir səhər,
Dalğalanan Xəzər
Və küləkli Bakı...
Rüzgar Gözəlin saçlarını uçurur
Qıvrım saçları dalğalandıqca
Onu sanki harasa qaçırır
Bəlkə də xoşbəxt insanların yaşadığı yerə
Bəlkə də uçurumun astanasına...
Ya da atasına-anasına...
Gözəl gedir
Bilinməz bir məkana, bilinməz bir həyata
Orada onu gözləyən var
Yam-yaşıl ağaclar, durnalar, bir də sonbahar...
Hə, bir də sonbahar yaşayanlar
Gözəl dünyanın ən gözəl qızı idi
Elə ən gözəl ölüsü də olacaq
Ən gözəl ölüm də Gözələ nəsib olacaq.
Ölümsüz Gözəl və Gözəlsiz ölüm
Sanki ayrılmaz qüvvələr
Ayrılmaz güclər idilər
Ayrılmadılar, birləşdilər.
Əlisiz, əlsiz-ayaqsız ölüm!!!

*** 
Əli Gözəli sevəni 1 il idi
1 ilə də sevgi olmaz ki?!
1 ildə sevgi ölməz ki?!
Ancaq 1 illik sevgi öldü
Dəfninə yığışanlar
Xainlər, satqınlar, qatillər
Gözəli öldürənlər idi.
Gözəl ölən gün Əli də öldü
əl-ayağı sındı, qolları yanında düşdü.
Həmin o günəşli səhər
Dalğalanan Xəzər
günü Gözəl əbədi gözlərini yumdu.
O gündən Azərbaycanın başı üzərində nə günəş doğur
nə Xəzər dalğalanır
Od tutub yanır, ağlayır ölkə...
Əli və Gözəl eşqinə,
Əli və Gözəl dərdinə
Başına qara bağlamış Azərbaycan matəminə...

***

Gözəl o gün evdən çıxanda
Əli də evdən çıxmışdı
Gözəl baharın təravətini nəfəsinə çəkəndə
Əli də çəkmişdi
Gözəl imtahan verəndə
Əli də verəcəkdi
Gözəl gələcəyə parlaq baxanda
Əli də baxacaqdı
Gözəl imtahandan çıxıb
Əllərini biri-birinə sıxıb
Günəşli səmaya baxıb
Əlini düşünəcəkdi
Onu bir daha və bir daha sevəcəkdi
Onunla gəzəcəkdi
Səməd Vurğun bağında
İki vurğunlar, içindəki sevinci,
coşqunu bahar havasına qatacaqdılar
Əl-ələ qaçacaqdılar
Dənizkənarında
Gözəl evə dönəndə
Əli də dönəcəkdi
Gözəl o gün evə dönmədi
Əli döndü
Dönməyə qoymadılar, apardılar
Əlidən Gözəli, bu gözəlim məmləkətdən
Çox uzaqlara...
Kim bilir hara
nə sağollaşa bildilər,
nə halallaşa...

***
Afişalar, plakatlar...
Militanlar, hayqıranlar
Meydanlara səsləyirdi gəncliyi
Əli meydanda ölmək istəyirdi
Gözəl barikkadada
Nə Əli meydanda,
nə Gözəl barikkadada öldü

***

Rektor: Sus
Əli: Namus (sarkazmla)
Rektor: Sən çox qudurmusan
Özünü nə sanmısan?
Söylə görək, cavan oğlan
Əli: Sözüm qalmayıb
Sizdə isə nə şərəf,
nə də namus qalmayıb
Rektor: Həddini bil, tələbə
Əli: Qələbə, yalnız qələbə
Yolumuz budur (qışqıraraq)
Cənab, satqın!
Nazirdən məni uzaq tutdun
Ax qoca kaftar, demək qorxdun?!
Qorxudur, xəyanətdir sizin mayanız
Yoxmudur, əcəba azca həyanız?
Mən ayın 30-u mitinqə gedəcəyəm, biləsiniz
Gücümüzü görəsiniz
Nə susmaq, nə çəkilmək var geri
Yeri, haydı yeri qoca kaftar
Rektor: Məni təhqir edirsən
Fəqət, bilirsən
getsən qovulacaqsan
çöllərdə qalacaqsan
Əli: sabah çöldə günəş doğacaq!!!

Aprelin 30-da Bakıda tələbələrin mitinqi keçiriləcəkdi. Nazirin tələbələrlə görüşü də mitinq qabağı profilaktik “tədbir” xarakteri daşıyırdı. Nümayiş saat 3-ə təyin olunmuşdu. Amma aksiya keçiriləcək tarixi terror əvəzlədi.
ANS ÇM: “Dövlət Neft Akademiyasında baş verən qətliamda öldürülən tələbələrin kimliyinin dəqiqləşdirilməsi istiqamətində araşdırma davam edir. İndicə məlum olub ki, ölənlərdən biri Gözəl Əliyeva adlı tələbədir”.




Əli Gözəli gəlin görmədi
Qana boyanmış qıvrım saçlarını,
güllələnmiş kürəyini gördü...
Əli evə döndü
Əli boş, əli boş, qəlbi boş...
Günəşli bir səhər,
Dalğalanan Xəzər
Və küləkli Bakı...
rüzgar Gözəlin saçlarını uçurur
qıvrım saçları dalğalandıqca
Onu sanki harasa qaçırır
Bəlkə də xoşbəxt insanların yaşadığı yerə
Bəlkə də uçurumun astanasına...
Ya da atasına-anasına...
Gözəl gedir
Bilinməz bir məkana, bilinməz bir həyata...


вторник, 9 апреля 2013 г.

Evarist Qalua ömrü


Məni günahkar bilməyin ki, vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz işvəli bir qadının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm

Zəkası, sevgisi, vətəni uğrunda mübarizəsi və ölümü ilə ideallaşmış şəxsiyyət. Cəmi 20 il 6 ay yaşamaqla riyaziyyatçı Evarist Qalua gəncliyə dahilik nümunəsi qoydu. Riyaziyyatda nəzəriyyə kəşf etmək, vətəni üçün inqilabçılıq etmək və sevdiyi qıza görə dueldə ölmək hər kişinin işi deyil. Bu üç möcüzəni özündə birləşdirən Qalua insan təfəkkürünə qızıl hərflərlə yazılıb.



***
Öncə riyaziyyat sahəsindəki köhnə təsəvvürləri alt-üst etdi. 19 yaşında aksiomalarını irəli sürdü, teoremləri sübuta yetirdi. Kəşf etdiyi qanunlar hazırda müxtəlif rəqəmsal televiziya kanallarında rəqəm informasiyalarının rabitə kanalları vasitəsilə ötürülməsində istifadə olunur. Halbuki, Qalua televiziya əsrinin gələcəyini heç ağlına da gətirməzdi. Zaman öz ədalətli hökmünü verdi. Onun yaratdığı qruplar nəzəriyyəsi hazırda “Qalua sahəsi” adlanır.

***
1811-ci il oktyabrın 25-i. Paris yaxınlığındakı Burlya-Reyn kəndində doğulan Evarist dərslərini o qədər də yaxşı oxumurdu. 16 yaşı olanda riyaziyyat kursuna yazılmışdı. Bu yeniyetmədə yalnız riyaziyyata vurğunluq var idi. Sinif rəhbəri onun barəsində yazmışdı: “Evarist riyaziyyatın yalnız ALİ bölmələri ilə məşğuldur. Riyaziyyatı dəlicəsinə sevir. Müəllimlərinə gözlənilməz suallar verməklə onları çaşdırır”.
Təsəvvür edirsinizmi, 16 yaşlı şagird müəllimini aciz vəziyyətə salmağa bacarır. 17 yaşında isə ilk elmi əsərini çap etdirir. Bir çox hesablamaları beynində apardığından onları kağız üzərinə köçürməyi lazım bilmir. Amma Fransanın nüfuzlu Politexnik universitetinə onu qəbul etmək istəmirlər. Gənc dahi əlinə keçən əsgi-üsgünü müəllimin başına çırpıb imtahan otağından çıxır və bir daha Politexnik məktəbə ayaq basmır. Qalua bununla əlaqədar olaraq demişdi ki, ona verilən suallar uşaq sualları olduğu üçün onları cavablandırmağı özünə yaraşdırmayıb. 


***

Bir zaman olur onun həyatında - riyazi tədqiqatlarını kənara qoyub siyasətə qoşulur. Respublikaçıların tərəfinə keçir. Milli qvardiyanın artilleriyaçılarına qoşulur. Sonra kral Filipp öz təhlükəsizliyi naminə milli qvardiya artilleriyasını buraxır. Heç bir maddi dayağı və evi olmayan Qalua sərgərdan həyat sürür. Günün birində - hökumətə qarşı sui-qəsddə günahlandırılmış 19 respublikaçıya bəraət verilməsi münasibətilə keçirilən banketə dəvət almış yazıçı Aleksandr Düma Qaluanı bir əlində içi şərabla dolu qədəh, o biri əlində qınından çıxarılmış xəncər tutaraq ucadan qışqırıq qoparan halda görür. Ziyafətdə kralın ünvanına hədələr söylədiyinə görə gənc alim 1 aylıq həbsə atılır.

***

Banketdə iştirakçıları məhkəmədə Qaluanın kralın ünvanına hədələr söylədiyini eşitmədiklərini bildirməklə onu xilas edirlər və hakim onu əfv edir. Bir ay keçməmiş Qalua yenidən həbsə atılır. Bu dəfə həbsin səbəbi 14 iyul 1831-ci ildə, Bastiliya günü şəhərdə qadağan edilmiş Milli qvardiya artilleriyası formasında dolaşması olur. 6 aylıq həbs cəzasına məhkum edilir. Qalua həbsdən sonra Parisdə çox hörmətli bir həkimin Stefani adlı qızına aşiq olur. Və onunla sevişməyə başlayır. Həmin vaxt Stefani isə Peşo Derbenv adlı gəncə nişanlanmışdı. Derbenvil E.Qaluanı duelə çağırır. Qalua Derbenvilin mahir atıcı olduğunu yaxşı bilirdi. Amma dueldən çəkinmir.


***

Dostlarına məktubunda yazırdı: “Məni günahkar bilməyin vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz işvəli bir qadının böhtanının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm”.
1832-ci il mayın 31-də səhər çağı Qalua və Derbenvil duelə çıxırlar. Derbenvilin iki sekundantı vardı, Qalua isə tək idi. Qaluanın pistoletinə güllə qoyulmamışdı, rəqibinin pistoleti isə dolu idi. Rəqibin gülləsi Qaluanın qarın nahiyəsini dəlib keçir və onu ağır yaralı vəziyyətdə atıb gedirlər. Qardaşı Qaluanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmur. Bax belə. 20 il 6 ay yetdi ki, bəşəriyyət onu sevsin...