вторник, 9 октября 2012 г.

Çe və Siruz


“Mən Ernesto idim, sadəcə Ernesto. Siz də sadəcə bir şey olaraq mövcud olacaqsınız. Çe olmağı isə özüm istədim. Siz də inansanız olacaqsınız, əgər inansanız...”.


Argentinalı doktor Ernestonu Çe edən inam idi. İnam isə imandan daha güclüdür. İnamsız imanlı olmaqdansa, inamlı imansızlığı üstün tutardım. Bu gün isə əfsanəvi inqilabçının Boliviyada tələf edildiyi gündür. O cismən ələ keçirilmişdi, ideyaları isə Nəimi kimi artıq çoxdan beyinləri “korlamışdı”. Ona görə də tarix və gələcək nəsillər üçün Çenin 9 oktyabrda öldürülməsi elə bir əhəmiyyət kəsb etmir. O ki ideyalarda yaşayır?!

  

Mən ilk dəfədir Ernesto barədə yazıram və YAP-ın “Dədə Qorqud”u Siruz Təbrizlinin onun barədə söylədiyi fikirlər cəlbedicidir. Sitat: “Çe Gevaraya marağın artması elə-belə deyil. Mənim də cavanlıqda ideallarımdan biri Çe Gevara olub. Vaxtilə Azərbaycan televiziyasında 45 dəqiqə Çe haqqında veriliş aparmışam. Dünya insanlarını, xüsusilə gəncləri onun haqq-ədalət yolunda şəhid olması cəlb edir. Çe Gevaraya rəğbət varsa, bu çox tutarlı siqnaldır. Buna göz yummaq olmaz, reaksiya vermək lazımdır”.
S.Təbrizli vurğulayır: “Çe artist, müğənni, idmançı, ya da Ronaldo deyil ki, deyim futbol oynayır, qəşəng oğlandır deyə, şəklini gəzdirirlər. Bu adam siyasətçidir, haqq uğrunda şəhid olub. Qoy araşdırılsın ki, niyə bu cavanlar iki həftədə bir kitab yazan, böyük filosof, böyük akademik Ramiz Mehdiyevin şəklini köynəklərinin üstündə gəzdirmirlər, amma uzaq Argentinada anadan olub Kubada, vuruşan, Boliviyada şəhid olan Çe Gevaranın şəklini gəzdirirlər?”. 




Düşündürücü və geniş mülahizələrə yol açan ifadələrdir. Lakin Azərbaycanda Çenin gənclər arasında populyarlığı hələlik ekstensializmdən başqa heç nədir. Sadəcə, Çenin rəsmi olan köynəyi geyinib öz aləmində, xəyalında inqilabçı hissini keçirirsən. Bu isə müvəqqəti romantizmdir. 


Çenin atributlarından istifadə edənlər vaxtı gələndə ondan imtina edəcəklər. Çe olduğu yüksəklikdə qalacaq, onlar çıxıb gedəcəklər. Çünki onlar üçün fərq etmir - Çe Gevara, yoxsa Murat Çeçeli, yaxud da Çingiz Qənizadə (ÇQ). Əsas odur ki, dəbdə olanı yaşasınlar. Çe isə nə nağıllardakı romantik qəhrəmandır, nə də mifologiya. O tarixdir, tarixsə odur.


Çe isə tarixə, bəşəriyyətə, haqsızlığa qalib gəldiyini sözü ilə deyil, əməli ilə sübuta yetirmiş inqilabçıdır. O mübarizə aparıb, biz mübarizədən yazırıq. O inqilab edib, bizdə inqilabın imitasiyası ilə məşğuldurlar. Çeni tanımayanların bu gün onun rəsmi olan köynəkləri geyindiyini, sabah həmin lüpmen çoxluğun Ramiz Mehdiyevin şəkili olan papaq, köynək, burloklardan istifadə etdiyini görsəm qətiyyən təəccüblənmərəm...   



понедельник, 1 октября 2012 г.

“Şirin bülbül”


Sabit Rəhmanın “Şirini bülbül” adlı hekayəsi var. İroniya üslubunda yazılmış bu hekayə dövrümüz üçün aktuallığını itirməyib. Ümumiyyətlə, S.Rəhmanın hekayələrinə söz ola bilməz, oxumaq məsləhətdir. Bu hekayə isə məndə ürəkbulanma, qusma və başqa ifrazat hissləri oyadan hakimiyyətin seçki “texnologiyasını” yada saldı. Hekayə Müsavat hökumətinə ithaf olunsa da, qiymətli reallıqlar var. Bakıdan kəndə gələn hökumət nümayəndəsi Cəlil Naim əfəndi camaatı meydana toplayıb boçkanın üstündə çıxış etməyə başlayır.


Təxminən 3 saat irandan - turandan, itdən-qurddan danışan nümayəndə axırda görür hamı dağılışıb, bircə çoban qalıb. Nümayəndə özünü sındırmamaq üçün çobana tərif yağdırır, onu dinləməyənləri savadsız, müti adlandırır. Çoban da qayıdır ki, “hörmətli bəy, sizin dediklərinizdən bir şey anladımsa köpəyoğluyam. Prosta gözləyirəm nə vaxt o boçkanın üstündən düşəcəksən, boçka mənimdi aparım evimə”.
Azərbaycanın son 20 ilində iqtidar olmuş hökumətləri xalq dinləmədi. “Şirin bülbül” hekayəsində olduğu kimi. Nə Elçibəy, nə Mütəllibov, nə də Əliyevlər iqtidarına xalq qulaq asmadı, sözlərini bu qulağından verib, o birindən buraxdı. Beləcə, xalqın hökumətə inamı sarsıldı. Bu da özünü seçkilərdə xüsusi göstərdi. Xalq nə deputatlığa namizədə, nə də prezidentliyə namizədə qulaq vermədi, hamı bir ağızdan “vız gelir” dedi. Bu ölkədə heç kim səs verməyib, vermədi. Ya səsini satanlar var - ucuz qiymətə, ya da “onsuzda seçki heç nəyi dəyişməyəcək” devizini əldə bayraq tutanlar var. Nəticədə, “deputatiçka” Gülər Əhmədovanın “Bu ölkədə 1 seçici var” sözü rəsmən təsdiqini tapdı.
Gülər kimi mövcud iqtidara heç kim belə radikal müxalifətçilik etməmişdi, bu cür zərbə vurmamışdı. Gülərin ağzı ilə danışan və Elşad Abdullayevlə alver edən dəllaları - İlham Əliyevi, Ramiz Mehdiyevi, Ramil Usubovu, Kəmaləddin Heydərovu, Zakir Qaralovu və başqa maklerləri canlı gördük. İlk dəfə onlarla üz-üzə gəldik və xalq olaraq gözlərinin içinə baxdıq. Onlar isə başıaşağı, rəzil və urvatsız ovqatda idilər. Elşad Abdullayev isə Gülər Əhmədovanın deyil, sistemin və Əliyevin videosunu yaymış oldu. Biz Elşadla - İlhamın video-dialoquna baxırdıq. Bu ölkəni, onun seçkilərini, Milli Məclisini “Vosmoy” bazarına döndərib mandatı piştaxtada satanlara isə xalq 20 il öncə yox deyib, “Şirin bülbül”dəki kimi...
Şəhərə qayıdan Cəlil Naim əfəndi kəndlərdə firqənin hörmətli olduğundan, hər tərəfdə əmin-amanlıq hökm sürdüyündən, əhalinin onları necə nəzakətlə qarşıladıqlarından danışır... 
  

                                          

суббота, 22 сентября 2012 г.

Yamacda dermokratiya çiçəyi





Bayıl yamacının ətəyində...

Sevgi sürüşmələri
Burjuy gülüşmələri
Sürü mələşmələri,
aralanır Yer bizdən
Qaçır de(r)mokratiyaya.
Təngnəfəs olanda
Nəfəs alır, nəfəs dərir
YAP-ın əkdiyi ağaclardan
Yenə töşüyür dermokratiya
Bayıl yamacının ətəyində.
Qurumuş YAP ağacları
Altında dar ağacları
Sürüşdü birdən-birə
Düşdü YAP üstə yerə
dermokratiya durub neylədi
Söyüd ağacına belə söylədi
Sən nə yamansan a YAP
Sürüşkəndir bünövrən
Yaz gələr artar qəmin
əriyib suya dönərsən,
sürüşüb çaya gedərsən.
Bayıl yamacında 
dermokratiya çiçəyi gözləyənlər
Çiçək bitmədi, qanqal çıxdı
nə bağ bildi, nə də YAPban
Belə keçdi gül bayramı
Bayıl yamacının ətəyində...
qurumuş YAP ağacları
qurban getdi sürüşməyə
kimsə bilmədi ki
doğradılar öndərin qollarını









воскресенье, 2 сентября 2012 г.

Eşşəyin eşşəkliyi (təmsil)

Meşənin Baş Eşşəyi (MABE) təcili Eşşəklər Kabinetində müşavirə keçirir. Baş Eşşək meşədəki ictimai-siyasi, mədəni-iqtisadi, fiziki-bioloji, antropoloji-uroloji, şeirdən - ədəbiyyatdan, Beyləqan vəziyyətdən söz açır. Meşənin yarım illik rübünə həsr olunmuş hesabatda analoqsuz eşşəkliklərdən, eşşəklərin sayının artmasından və eşşəksayağı inkişafdan bəhs olunub.

Dövlət Eşşək Televiziyasının (DETV) verdiyi məlumata görə, müşavirədə Baş Eşşək Meşədə qanunsuzluğun baş alıb getdiyini, qurdun quzu ilə yola getmədiyini, eşşəklərin eşşəkliyini dilə gətirib onlara şiddətlə töhmət verir. Baş Eşşək bəyan edib ki, meşənin eşşəkləri iki eşşəyin arpasını ayıra bilmir.
Ona görə də qarşıdan gələn bayramda arpanın qiymətini qaldıranlar barəsində cinayət işi açılacaq. 


Sonra Meşənin eşşək naziri çıxışında yarım ildə Ümumi Daxili Eşşəkliyin artdığını, tülkü, çaqqal, siçovul və qırxayaq həşəratların, eşşək gözlü manısların Yeni Eşşəklər Partiyasına (YEP) üzv olduğunu vurğulayıb.
Son söz Baş Eşşəyə verilib. O da eşşəkcəsinə bəyan edib ki, meşədə bütün eşşəklər üçün sabit şərait yaradılıb. Qarşıdakı hədəf və planlar barədə danışan Baş Eşşək ölkədə eşşəkliyin daha da artacağını qeyd edib. Müşavirənin sonunda eşşəklər Meşəyə xidmətə görə “Eşşək” ordeni ilə təltif edilib. 


пятница, 10 августа 2012 г.

İdeoloji işğal və biz

Həbs olunmuş inqilabçıya məhkəmədə hökm oxuyan hakim haradan biləydi ki, evində böyütdüyü 18 yaşlı oğlu da solçudur və dəftər - kitablarının arasında həmin məhbus devrimçinin şəkillərini saxlayır, ona pərəstiş edir.
Və yaxud başqa misal: Nəimini qurban verən İbrahim şah qəflət yuxusundan oyananda oğlunun hürufi olduğunu görür. Əmir Teymurun nəvələri, Şeyx Əzəmin qızı Şəms də hürufizmə meyl göstərirdi.

Hətta İsa Muğanna yazır ki, ömrünün sonlarında Teymurləng yanında iki hürufini məsləhət-məşvərətçi saxlayırdı. Bu isə o deməkdir ki, istənilən rəqibi məğlub etməyin ən başlıca yolu onun ideoloji ərazisini zəbt etməkdən ibarətdir. Bizdə isə hələlik bunu “facebook”da görmək olar. Əgər buna rəqibin ideoloji zonasını işğal etmək demək olarsa...
Hər halda sosial şəbəkələrə hakimiyyətin dəstəkçiləri girə bilmirlər. Ancaq virtual məkanda olanların (cəmiyyətin nisbətən və azsaylı intellektual hissəsi) yazdıqlarını özləri deyib, özləri eşidirlər. Virtualda deyilənlər isə tramplin, təkan rolu oynayıb real həyatda (küçələrə çıxmaq) əməli addımlara gətirib çıxarmalıdır.
Çox ümidlənmək gərək deyil. Bu sadəcə rəqibin narazılara verdiyi nəzarət və idarə olunan meydandır. Qışqır, qışqır, yorul və çıx get evə. Vəssalam...

четверг, 2 августа 2012 г.

İbrahimbəyov və Yılmaz Güney

“Bir zamanlar Yılmaz Güneyin filmlərindən bütün dünya danışırdı. Mənim tanıdığım amerikalı rejissorlar var, onlar Yılmaz Güneyin filmlərini həmişə misal göstərirlər. Məncə, bu böyük uğurdur”.



Rüstəm İbrahimbəyov bu sözləri müsahibələrinin birində deyib və türk rejissorlara Y.Güneydən ibrət götürməyi məsləhət görüb. Pah atonnan. Görəsən özü niyə dərs götürmür? İbrahimbəyov heç vaxt Y.Güney ola bilməyəcək. Necə ki, Elçibəy Alyende, yazıçılarımız Sartr, şairlərimiz Riqoperte ola bilmədi, eləcə də Rüstəm kişi Güneyin “çarıqlarını geyə bilər, onun kimi yeriyə bilməz”.


Çünki Yılmaz əsl xalq adamı idi. Onun həyat yolu və yaradıcılığı ilə tanış olanlar bilir. Bu haqda geniş yazmağa lüzum görmürəm. İbrahimbəyov isə heç vaxt xalqdan olmayıb. Davranışı, çıxışları, insanlara yanaşma tərzi, irtica ilə daima ünsiyyətdə olması, bütöv bir bioqrafiyasına kiçik bir ekskursiya yetərlidir ki, onu tanıyasan.
O tanınmış rejissor ola, keyfiyyətli filmlər təqdim edə bilər. Savadlı, dünya şöhrətli rejissordur. Lakin Yılmaz kimi xalq adamı deyil. Odur ki, İbrahimbəyovdan qəhrəman obrazı düzəltməyin. Ondan olsa-olsa öz həmkarı və dostu Kşiştof Zanussi alınacaq. Zanussi isə qədirbilməz və keçmişinə palçıq atan polyak rejissordur.




вторник, 10 июля 2012 г.

Brazilyanın Nəsimisi – Tiradentis

Onu Braziliya xalqının Nəsimisi adlandıra bilərik. Təkcə ona görə yox ki, görünüşləri və aqibətləri oxşardır. Həm də ona görə ki, mübarizə yolu və təklif etdikləri ideyalar eyni idi. Söhbət ölkəsinin Portuqaliya müstəmləkəsindən azad olması uğrunda döyüşən Joakin da Silva Xavierdən gedir.
Ona stomatoloq işlədiyi dövrdə “Tiradentis” ( diş həkimi ) adı verilir. Çox kasıb bir ailədə doğulan bu üsyankar stomatoloq çox çəkmir ki, “İnkonfidentlərin qiyamı”nın rəhbərlərindən birinə çevrilir. Məqsəd proqressiv düşüncəli intellektualları və zabitləri bu gizli təşkilata cəlb etmək idi.
*** 




  
Qiyamçıların istəyi Braziliyanı müstəqil ölkə elan etmək, siniflərin ləğvi və qanun qarşısında bütün vətəndaşların bərabərliyinə nail olmaq idi (hürufilər də). Beləliklə, gizli şəkildə təşkilatlanmış (hürufilər də məscidlərdə və başqa yerlərdə təbliğat aparırdı) “İnkonfendintlər qiyamı” antiportuqal üsyanını planlaşdırır. Buna qədər “Tiradentis” faydalı qazıntılar haqda biliklər əldə edir. İntellektual qiyamçı Villa Rica ilə Rio da Janeyro şəhərlərinin Portuqaliyaya qızıl ixrac üçün istifadə edilən “açıq vena” olduğunu tezliklə görür.
***                                                        
1788-ci ildə Tiradentis İngiltərədən qayıtmış Vila - Rica qubernatorunun oğlu Xose Alvareslə görüşür (təsadüfi deyil ki, Şirvanşah İbrahimin oğlu da hürufi çıxmışdı). Onlar Braziliya müstəmləkəçiliyi ilə Britaniya sənayesindəki irəliləyişləri müqayisə edir və birgə mübarizəyə qoşulurlar. Qiyamçıların təşkilatına həm də hökumətin vacib yazıçısı Klaudio Manuel da Kosta, biznesmen Alvarenga Peixoto kimi adamlar daxil idi. Bununla da, “İnkonfidentlər”in ideyaları ölkə boyunca yayılmağa başladı. Bu zaman Portuqaliya qızıla susayır. Ancaq Braziliya mədənlərdə istehsalatı azaldır, Portuqaliyadan təzyiqlər başlanır.
***



Qiyam yetişdiyi gün üsyançılar Vila Rica şəhərinin küçələrinə axışır. Ancaq Tiradentes və tərəfdarları satqınların xəyanəti ilə üzləşib həbs edildilər. Onlardan çoxu sürgünə, katorqo işlərinə məhkum edildi. “Tiradentes” Rioya qaçır və hərəkatı yenidən təşkil etməyə cəhd edir. Burada o Joaquim Silverio Dos Realını qarşılamaq üçün gedir. Hərəkatı pisləmiş qubernator Joaquim Silverio Dos Real isə silahdaşını satır. “Tiradentes” 1789-un 10 mayında həbs edilir. Məhkəmə üç il davam edir və “Tiradentes” bütün məsuliyyəti öz üzərinə götürür. 1792-ci ilin 21 aprelində “Tiradentis” edam olunur. Onun bədəninin hissələri tikə-tikə doğranıb yol boyu səpələnir, başı Villa Rica meydanına yığışmış kütlələri dəhşətə gətirmək üçün hamıya nümayiş etdirilir ( Nəsiminin də dərisi insanların gözü önündə soyulub).
100 il sonra - 1889-cu ildə Braziliya respublika elan edildi və “Tiradentis” 19-cu əsrin sonunda respublikaçılar tərəfindən milli qəhrəmanı elan edildi. Bu gün aprelin 21-i Brazilyada milli bayram kimi qeyd edilir. Hazırda Dominikan Respublikasında da onun adına küçələri var.