понедельник, 3 марта 2014 г.

BALAXANSKİ

Fransız yazıçısı Prosper Merime qədər məni novella janrında heyrətləndirən ikinci nasir olmayıb və onun “Mateo Falkone” novellası bir dostluq fəlsəfəsi kimi nəyə desən dəyər. Matteo xanımı Cüzeppa və yeganə oğlu Fortunato ilə kiçik bir kənddə sakit həyatı tərzi sürür.


Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun onların kəndində gizlənməsi bütün sakitliyi pozur və Matteonun ailəsində faciə üz verir.
Onun dostu olan qaçaq Cannettonin gizləndiyi yer oğlu Fortunato tərəfindən bir bahalı saat müqabilində düşmənə ələ verilir. Matteo xəyanəti bağışlamayaraq oğlunu güllələyir. Bu dostluğa sadiqlik, əqidənin dönməzliyidir.

Müqayisə qüsurlu olsa da, Elşən Balaxanskidə Matteo Falkone xarakterini müşahidə etmişəm. Hərçənd ki, belə bir hadisə üz verməyib. Ancaq dosta sadiqlikdən nümunə gətirməkdən söhbət gedirsə, başqa müqayisə tapmadım.

Fransız yazıçısı Prosper Merime qədər məni novella janrında heyrətləndirən ikinci nasir olmayıb və onun “Mateo Falkone” novellası bir dostluq fəlsəfəsi kimi nəyə desən dəyər. Matteo xanımı Cüzeppa və yeganə oğlu Fortunato ilə kiçik bir kənddə sakit həyatı tərzi sürür.

Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun onların kəndində gizlənməsi bütün sakitliyi pozur və Matteonun ailəsində faciə üz verir.
Onun dostu olan qaçaq Cannettonin gizləndiyi yer oğlu Fortunato tərəfindən bir bahalı saat müqabilində düşmənə ələ verilir. Matteo xəyanəti bağışlamayaraq oğlunu güllələyir. Bu dostluğa sadiqlik, əqidənin dönməzliyidir.
Müqayisə qüsurlu olsa da, Elşən Balaxanskidə Matteo Falkone xarakterini müşahidə etmişəm. Hərçənd ki, belə bir hadisə üz verməyib. Ancaq dosta sadiqlikdən nümunə gətirməkdən söhbət gedirsə, başqa müqayisə tapmadım.



Bu gün Balaxanskinin doğum günüdür və onun haqda yazmaya bilməzdim.
Balaxanski kimdir?
Sadə oxucu üçün sadəcə “Yeni Müsavat” qəzetinin kriminal jurnalisti, bəlkə də mətbuatın mütəşəkkil qələmlənmiş dəstəsinin başçısıdır.
Mənimçünsə, birinci, güvənilən İNSAN, ikinci, xoşbəxt ailə sahibi, üçüncü ölkəsini sevən vətəndaş, dördüncü, qələm partizanı, beşinci rəisimizdir.
Lazım gəlsə, altıncını da, deyə bilərəm, amma sirr qalsın. Balaxanskini tanıyanlar razılaşar ki, o qələm partizanıdır və yorulmadan döyüşür.
Bunun adı jurnalistikada bədəvi ərəblər kimi köçəri həyat tərzidir, oturacaq jurnalistikasından imtinadır və həm də daim əzilənlərin, istismar olunanların yanında olmaqdır, əlini silaha (qələmə) sarıb ölənəcən döyüşməkdir.
Balaxanski imzası mətbuatda brendə çevrilib və hətta, başqa imzayla yazanda hamı bilir ki, bu onun qələminin məhsuludur.
Mənimçün həyatda dost itirmək qədər ikinci böyük itki yoxdur və itirə-itirə özüm itirəm, yox oluram. Odur ki, sağlığında insanları qiymətləndirməyin tərəfdarıyam. Balaxanski haqda yazmaq qərarı da bundan irəli gəlir. Bir çox addımlarımda onun verdiyi tövsiyələrin faydalı olması isbat edib ki, bu insan təkrarsızdır.
Məncə, hamının sevimlisinə çevrilmək yaxşı perspektiv vəd etmir. Çünki sonda səni sevən hamını kədərləndirib gedirsən. Bunu yazıram sənin sağlığına, rəis!!!

четверг, 16 января 2014 г.

“Yarımçıqların ədəbiyyatı”



Ədəbiyyatda uğursuzluq siyasətdəkindən depressiv olur. Ümidsizlik, tənhalıq və xəstəlik düçar olur müəllifin canına. Aylarla evdən çıxmayıb, dörd divar arasında isterik vəziyyətdə çıxış yolları axtarır. Onun yazdıqlarını nüfuzlu və mütaliə zövqü fərqli olan adamlar oxumurlar. Çarə qalır yeniyetmələrin kumirinə çevrilməyə.
Onlar üçünsə fərqi olmayacaq müəllifin nə yazmağı, təki pornoqrafik cümlələr qarşısına çıxsın. Beləcə cavanlar böyüyür, dipdiri nəsil dəyişir, yeni gələn yeniyetmələr onu oxumağa başlayırlar. Hər yeni gələn nəsil tezliklə ondan amansızcasına imtina edir.
Belədə ədib olduğu yerində saymağa davam etməkdədir. Buna ədəbi dəryada balaca balıqların yırtıcılara yem olması da söylənir. Əkrəm Əylisli ilə görüşümüzdə demişdi ki, ədəbiyyatda avtoritetlik edə bilməyənləri tezliklə meydanda bir kənara qısacaqlar. Ona görə bu gününün yazanları təqsiri oxucuda (guya azərbaycanlılar kitab oxumur) görməkdənsə, güzgüyə arabir baxmaları vacibdir.
Tanıyıb-tanımadığım böyük oxucu ordusu gözümüzün qarşısında gəlib keçir; bir neçə xarici dil bilən, dünya ədəbiyyatını başqa dillərdə mənimsəyən, elmi-fəlsəfi polemikaya hazır insanlar var. Onları qazanmaq imkanı müəllifin üzərinə düşür. Bunun üçün Yılmaz Güneyin “qulağa sırğa” ediləcək sözü var “Mən yaxşı niyyətimlə yalnız bu gün itirirəm. Sən xaraktersizliyinlə bir ömür”.
Müəllifin ictimai çəkisi, sanballı çıxışı və cazibədar xarakteri bir-birini tamamlamayanda oxucu onunla tələm-tələsik üzülüşür, yazıçı ilə görüşmək ona maraqsızlaşır, səviyyəsinə uyğun əsərlərə bağlanır. “Bəyin oğurlanması” filmində kəndlinin təbirincə desək “siz də elə çəkin ki, inandırıcı olsun”. Yəni, şəxsiyyətlə yaradıcılıq çulğalaşmalıdır.

***

Turgenev yazırdı ki, “bir xarakterlə maraqlananda o ağlıma hakim kəsilir. Gecə-gündüz məni təqib edir və ondan üzülüşənə qədər rahatlıq vermir”. Hardasa o fikrimdə hələ də qalıram ki, XXI əsr ədəbiyyatda bütöv şəxsiyyət yetişdirə bilmir; yarımçıq ziyalılar, ədəbiyyatın sublimasiyasını həyata keçirən yazarlar əhatəsində çağdaş ədəbiyyatın yaranması nonsens görünür.
Amma bu, tək Azərbaycana şamil deyil. Dünyada ədəbiyyatın və incəsənətin böhranı yaşanır. Bizdə isə “yarımçıqların müdrikliyi” cəmiyyət üçün dərslik ola bilməz. Onlar özləri kimi yazdıqlarında da xarizmatik xarakterlər, nümunəvi personajlar, iradəli və oxucunun özünü axtaracağı obrazlar yarada bilmirlər.
Mənim üçün xarakter vacibdir. Tolstoyun “Hacı Murad”ı hər nə qədər əslində satqın olsa da, yazıçı xarakter yarada bilib. Yaxud Somerset Moemin “Striklənd”i ziddiyyətli, bəlkə də kiminsə nifrətini qazanan personaj olsa belə, ədib tipaj təsvir etməyi bacarıb.
Azərbaycanda azı 10 ildə yazılan kitablarda bir yadda qalan və dillərdə əzbər olan qəhrəman və ya düşmən obrazı xatırlamıram. Kəsəsi, tez-tez “yeni yazarlardan filankəsin kitabını oxumusanmı” sualına “YOX” deməklə kifayətlənirəm. Çünki onların özləri mənasız olduğu qədər yazdıqları da monoton və cansıxıcıdır.
Nəsrə iddialılardan vərəqlədiyim, girişdəki ilk cümlələrindən bezib qırağa tulladığım kitabları olub. Deməli, onları ədəbiyyata sırıyıblar, ya da özləri poliqonun boşluğundan istifadə edib soxulublar. Bir həqiqəti bilmərrə şəkildə inkar etmək olmaz ki, belələri gec-tez səhnədən çıx(arıl)ıb gedəcəklər. Necə ki, bu enişi, qürub dövrünü görməkdəyik.

*** 

“Məni əvvəllər olmayan bir şeyin yaradılması prosesi çox maraqlandırır. Heç nədən tarix yazıram. Və tarixi insanlara nəql eləməkdən zövq alıram”. Ədəbiyyat haqda ən mükəmməl tərifi bəlkə də bu fikirlərlə kommunist - yazıçı Doris Lessinq verib.
Lessinq inandırır ki, ədəbi proses heçlikdən yaranan hadisədir, burada cütləşməyə, mayalanmaya, istinada lüzum yoxdur. Bəs, bizimkilər nə edir? Adını po(x)stmodernizm qoymaqla, klassiklərin əsərlərindən oğurluq edirlər, bədii təsvirlərdə köçürməyə əl atırlar, hətta canlandırılan obrazları, xitabları belə plagiatdır; rabitəsiz abzaslar, məzmundan yerli-yersiz haşiyəyə çıxmalar, hər beş cümlədən ikisində təkrarlıq, çeynənmiş cümlələr, mətnin girişindən az sonra başlanğıcda nələr yazdığını unutduran yeni fazalar, emosiyasız, qırıq-qırıq cümlələrdən calaqlanmış, bəsit Azərbaycan dilində qələmə alınan söz yığıntısını roman kimi qələmə verirlər.
Və ən əsası personaj yoxdur, varsa da yadda qalmır. Siz yeni nəsr yazanların birinin kitabından məşhur obraz göstərin ki, oxucu onu adla tanısın, müqayisə və müzakirə etsin, örnək götürsün, misal üçün Knyaz Mışkin, Don Kixot, Qurbanəli bəy və də Doktor Dalbanezo kimi sadalansınlar.
Bəs, Kəbirlinskiyə nə deyirsiz? Qoca Anarı qoyun bir kənara, gəncliyinizdə siz Kəbirlinskinin qarşısına çıxarılacaq hansı obrazı yarada bildiniz? Özü də “gənc yazar” deyə illərdir qəzetlərdə təqdim olunan müəlliflərin azı 35 yaşı var, qalanları da gənc ikən yaşlanıblar. Odur ki, lakonik şəkildə arqumentləşdirə bildiyim komponentləri oxucu müəllifin yazdıqlarında görməyəndə onunla yollarını ayırır. Belə yerdə yazıçı üçün bundan böyük fəlakət, məşəqqət yoxdur.  

*** 

Kontur arqument kimi Nitsşenin sağlığında qədir-qiyməti olmadığını, yazdıqlarının ciddiyə alınmadığını, kitablarının vərəqlərini peraşki bükməyə istifadə olunduğu göstərmək olardı. Bir şərtlə, Nitşse hansı dövrdə yaşayıb, necə bir ağır xəstəlikdən əziyyət çəkib, haqqında olmazın şayiələr yayılıb, onu şəxsən tanıyanları düşüncələri cəzb edib, fəlsəfəsi Freydin psixoanaliz nəzəriyyəsinə qaynaq olub. Axı hamı Nitşse ola bilməz?!
Kim ixtiyar verir ki, belə primitiv “arqumentdən” istifadə edib, özünü düha sayasan, Nitşseylə ayaqlaşasan, üfunət iyi verən kitablarının oxunaqsızlığını insanların kitabdan uzaq düşməsinin boyuna biçəsən. Elə filosofun diliylə desək “Nəsən, o ol”. 
Ola bilməyəndə “sağlığında filan yazıçını da bizi kimi oxumurdular, gələcək nəsillər qiymətimizi verəcək” deyə təkəbbürlü, oxucuya idiot kimi baxmaq çıxışlarından uzaqlaşmaq lazımdır.
Çünki Nitsşe onu oxumayanlara savadsız deməyib, ya da bunu özünə dərd edib gələcək nəsillərin bəraətini gözləməyib. Sağ ikən ətrafındakı beyinlər filosofa impuls olub, zahidanə həyat isə onu stimullaşdırıb.
Bu günlərdə oxumağa davam etdiyim İrvin Yalomun “Nitsşe ağlayanda” əsərində də dahinin qeyd elədiyim ovqatı ibrətamizdir. Hər halda “yarımçıq ədəbiyyat” yiyələri “Nəsən, o ol” kəlməsi üzərində baş sındıra bilərlər...





пятница, 29 ноября 2013 г.

Doğmalaşmayan “Yad”

“İnsan madam ki, öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur” - yad və laqeyd adamın dilindən yalnız bu sözləri eşitmək mümkündür. O da mümkündür ki, biganə, soyuqqanlı adamların içində bir təlatüm, burulğan gizlənir.

                                   


Bu hiss gec-tez, ən ekstremal vəziyyətdə özünü büruzə verir. Kamyunun “Yad”ı da belə adamdır. Nə vaxt ki dünya-aləm və özü onun vecinə deyildi, onda Merso üçün heç bir təhlükə yoxuydu. Elə ki, qətl törətdiyinə görə barəsində edam hökmü çıxarılır, Yad öz taleyinə qarşı biganə qala bilmir. Ətrafdakıların lənətini qazanan, anasının ölümünə ögey yanaşan, görüşdüyü qadınla evlənib - evlənməməyin fərqinin olmadığını deyən Yad tezliklə qarşımızda özünə qarşı doğmalaşır.
Zira, insan öz meyitinə diri və açıq gözlə baxmağı bacarmır, can şirindir. Kamyu qəhrəmanını son sətrinə qədər barışmaz və məğrur göstərməyə çalışır. Ancaq bu axıra qədər alınmır; bir neçə il həbs cəzası alacağını güman edən Merso ölüm hökmündən diksinir.
Çətin ki, bu povesti az adam oxusun. Ona görə sözü acı bağırsaq kimi uzadıb, kitabın fəlsəfi mahiyyəti haqda dastan açmaq fikrindən uzağam. Mənim “Yad”ın tərcüməsi ilə bağlı narahatlığım var. Açığı, Əlisa Nicat kimi təcrübəli, ədəbiyyatı dərindən bilən müəllifin dilindən tələm-tələsik, başdansovdu, primitiv sözlərdən calaqlanmış cümlələri oxumaq məyusedicidir.




Heç gözləməzdim. Əlisa müəllimin bloqunu və ümumən yazdıqlarını izləyən biri kimi onun hansı baqaja malik olduğuna bələdəm. Amma “Yad”ı oxuyanda inanmaq olmur ki, bunu Kamyu yazıb, Əlisa müəllim də tərcümə edib.
Sanki naşı bir tərcüməçini əlindən çıxan məhsula oxşayır. Bu A.Kamyu və Ə.Nicat adına qəbahətdir. Buna ya uğursuz tandem, ya da “Yad”a yad münasibət deyilməlidir. Tərcüməyə gəlincə, əsər “dedim-dedi” dialoqundan ibarətdir, bir müxbirin hazırladığı reportaj üsuluna oxşayır, personajların dilindən hansı sözlərin deyildiyi tez-tez rabitədən çıxıb, setdən itir. Mənsubiyyət sözləri bir cümlədə bir neçə dəfə təkrarlanır.




Məsələn, “Mən ona dedim ki, mən sənin dostunam”. Bu cür cümlə quruluşundakı qüsurları tutmağı Əlisa müəllim hamıdan yaxşı bilir, işinin ustasıdır və ona dərs keçmək niyyətimiz də yoxdur. Sadəcə, “Yad” belə tərcümə olunmamalı idi.
Cümlələr bütün mətn boyunca qısa-qısa təqdim olunur, hadisələr çox intensivləşdirilir, tələskənlik hiss olunur, harasa qaça-qaça tərcümə edilib, oxucunu və nəşriyyatı yola verib. Redaktə işindən isə danışmağa dəyməz. Kim edibsə görünür qonorar xətrinə başından edib. Redaktəni bir sözlə ifadə etmək olar - Bərbad!!!

...Tərcüməçi işi ikinci müəllif vəzifəsidir. Oxucunu məhz yazıçının elə bu dildə yazdığına inandırmaqdır. “Yad”ı rusca oxuyan Kamyunun rusca yazdığını, türkcə mütaliə edən türkcə qələmə aldığını düşünməlidir. Oxucu onunla yazıçı arasında tərcüməçi olduğunu hiss etməməlidir. Belə olmayanda qarşımıza keyfiyyətsiz tərcümələr, ya da elə doğmalaşmayan “Yad” çıxır...  

понедельник, 11 ноября 2013 г.

Bayrağınla məsud yaşa?

Tolstoyun “Vətənpərvərlik əclafların son sığınacağıdır” bəşəriyyətə qışqıran bu şüarı 9 noyabr təqvimi üçün keçərlidir. Bayrağa bürünən iblislərin hər ilin bu günündə bizə uropatriotluq dərsi keçməsi qədər ikinci ikrah doğuran hiss yoxdur. Bizə bayraq dərsi keçməyin.



Mənim üçün bayrağa görə ev yıxan və vətəndaşını zorla küçəyə töküb, sürgün edən, evsiz-eşiksiz qoyan İlham Əliyevin 2009-cu ildə çıxardığı “Bayraq Günü” qeyri-legitimdir.  Vətəndaşına hörmət etməyən bir dövlət bayrağına sayqı duya bilməz. Sizə “Eurovision”da bayrağımıza münasibətdən, polisin mitinqdə bayrağı əski parçası kimi büzmələməsindən yazıb demaqogiya etməkdən uzağam.


Sadəcə həmkar - yoldaşım Natiq Güləhmədoğlu ilə canlı şahidi olduğumuz bir tükürpədici faciəni yada salmaq kifayətdir: Bayraq Meydanı tikintisinə görə Azərbaycan Silahlı Qüvvələrinə xidmət edən 30 hərbçi ailəni zorla küçəyə töküb, evlərini başlarına uçurdular.


Bu dəhşətli, qəzəb doğuran və qan donduran səhnənin Natiqlə göz yaşları içərisində lentə almışdıq. Körpələrin göz yaşına, qocaların ah-naləsinə baxmayıb evlərinin içində olduqları halda “lom”la mənzillərini dağıdıb, polis zorakılığı ilə hərbçiləri çölə atdılar.Vəssalam, əlavə şərhə ehtiyac görmürəm, gəlin həmin hadisələri əks etdirən fotolara nəzər yetirək:

Bayraq qəzan mübarək, Azərbaycan!!!


суббота, 17 августа 2013 г.

Azadlığa pərvanə kimi...

Bu günləri acgözlüklə oxuduğum Əlisa Nicat yaradıcılığına heyranlığımı gizlətmirəm. Dövrümüzdə düşündürə bilən, klounluqdan, şitlikdən, sözü saqqız kimi çeynəyib tullayanlardan uzaq olan müəllifləri “əldə çıraq” gəzirəm.
Fəlsəfənin fövqündə dayanan, sözün nicatı olan Əlisa Nicat pritçalarından birində incə bir mövzuya - pərvanələrin niyə özünü oda atıb yandırmasına toxunub. Pritça Kafka üslubunu xatırladır, sentimentaldır, təhtəlşüura təsir edir, ümidvericidir, hiss olunur ki, Əlisa müəllim bunu yaşayaraq qələm çalıb.  

****                                       
                                                         (ƏLİSA NİCAT)

                                                                                                        
Ziqmund Freyd yazır ki, canlılar, xüsusilə insanlar ölümə can atır. Onlar əvvəlki cansız dövrlərinə - dinclik vəziyyətlərinə qayıtmaq istəyirlər. Çünki canlı olmaq saysız əzab instinktləri ilə müşayiət olunur.
Əlisa müəllim Freydin bu nəzəriyyəsinə söykənərək pərvanələrin özlərini oda atıb yandırmasından söz açır. Pritçanı oxuyarkən bu yerdə od mənə Azadlıq, pərvanə isə fədailəri yada salır.
Sitat: Lampa hey yanar, pərvanələr də ardı-arası kəsilmədən bir-birlərini əvəz edib ölərdilər. Niyə? Nə üçün bu gözəl, zərif məxluqlar özlərini işığa, oda çırpıb məhv edirlər? Şərq şairləri bu hadisənin yalnız zahiri tərəfini qələmə alıb, bu balaca məxluqların şam işığına aşiq olduqlarını söyləyiblər. İşığa aşiq olan məxluqlar! ”.

****

Yazıçının qeydləri hardasa Kamyunun “Sizif”inə də bənzəyir: canlı ömürlük əzaba məhkum olunub. Ancaq mən özünü sevərək oda çırpıb məhv olan pərvanələrlə azadlıq uğrunda özünü tələf edən fədailəri bir tərəzidə görürəm. Onlar azadlığa qurban gedirlər, azadlıq isə demokratiyadan alidir.
Əlisa müəllim yazır: “Axı bu balaca, zərif və oda davamsız məxluqlar bu işığın təhlükəli olduğunu dönə-dönə hiss edirlər. Bəs niyə əl çəkmirlər? Əl çəkə bilmirlər. Bu instinkt, bu çağırış, bu hiss həyat eşqindən qat-qat güclüdür.
Yox, pərvanəni yandıran bu həqiqət eşqi deyil. Bəlkə, güclü, qüdrətli maraq instinktidir, bu parlayan şeyin nə olduğunu dərk etmək, bilmək ehtirasıdır. Bu, ola bilər. Çünki pərvanələr insanlardan çox-çox qədimdirlər və onlar gecə həyatı keçirib milyon illərlə işıq görməyiblər. Axı milyon illər şam işığı, lampa işığı olmayıb. İndi birdən-birə cəmi bir neçə min ildir ki, hardasa evlərdə, ya başqa yerdə nəsə yanıb parlayır və bunun nə olduğunu bilmək həvəsi pərvanələri bu cür hərəkət etməyə məcbur edir”.

****                                     


Dəhşətli metaforadır. Oxuduqca tüklərim tikan-tikan oldu. Yəni, fədailər də pərvanələr kimi odun,  azadlığın nə olduğunu bilmək ehtirası ilə meydanlara çıxır, həbsə atılır, döyülür, ailəsini zərbə altına qoyur, ac-susuz, diskomfort həyat tərzi seçirlər. Çünki pərvanələr kimi milyon illər azadlığın nə olduğunu bilməyiblər, buxovlanmış həyatlarını indi qurtuluş üçün şam işığına fəda edirlər.
Yazıçının söylədiyi kimi, indi qəflətən hardasa nəsə yanıb parıldayır, bunu bilmək marağı hakim kəsilir. Azərbaycan insanı hansısa yarımadada, yaxud uzaq məmləkətdə azadlıq uğrunda mücadilə görür, onun parıltısındakı cazibədarlıq həvəs, impuls yaradır. Beləcə ruhlanmış fədailər özünü odun-alovun içinə atırlar, sevdiklərindən...

****                     


Dünyada elə bir canlı yoxdur ki, ölümdən, təhlükədən qaçmasın, qorxmasın. Əli müəllim deyir ki, cəsur aslanlar, pələnglər belə, təhlükə görəndə aradan çıxırlar. Zərif, gözəl pərvanə isə qaçmır, qorxmur və qurban gedir. Hətta körpə əlini şam işığına uzadanda bir balaca yanan kimi ağlayır, təkrar əlini uzatmır. Pərvanə isə dönə-dönə yansa da, əl çəkmir, yanıb ölməyincə hey fırlanıb özünü oda vurur. Necə ki, Azərbaycan insanı azadlığa canını tapşırır. Məktəb vaxtı tarix müəllimimin tez-tez işlətdiyi, mənə şablon görünən bir fikri indi qulaqlarımda cingildəyir: həyatda heç nə mənasız deyil...





четверг, 15 августа 2013 г.

İki Rüstəmə bir məktub

...Azərbaycan iki Rüstəmin səfasını görməmiş cəfasını çəkir. Biri Bakını söyür, digəri Bakıya qayıda bilmir. Biri Bakını fahişəyə bənzədir, amma çıxıb getmir, o biri Bakıya qayıtmaq üçün pasport ala bilmir. Biri şairdir, digəri yazıçı.



“Əhməd haradadır” filmində Nərgiz xalanın sözü olmasın qalmışıq (Əhmədlərin) Rüstəmlərin əlində. İlin - günün bu vaxtı Rüstəm bəy Bakını fahişə, məkrli qadına oxşadıb, şəhərdə fahişəxanaları sayını artıranlara, villa ucaldanlara, tarixi binaları sökənlərə dil uzatmağa cəsarəti çatmayıb. Cansız varlığa hücum etmək, ona dişinin dibindən çıxanı demək metroda vaqonun qapısı gec açılanda təpiklə açmağa bənzəyir. Metrodakı o gənclə şair Rüstəm arasında fərq görmürəm.
Yazıçı Rüstəm isə Bakıda demoqrafik partlayışdan gileylənib şəhəri xilas etməyə tələsir. Amma Bakıya gedən yollar Tiflisdə ayrılır. Yazıçının gedə bilmədiyi şəhərdən gələn şair Badukübəni lənətləyir, söyüş yağdırır, fahişələr fahişəsi adlandırır. Bu şəhər indi iki Rüstəmə qəzəblidir. Birinin yolunu gözləyir, birinə “qucağımda ilan bəsləmişəm” deyibən düşünür. Birini çağırır, birini qovur Bakı...



Şəhərlər adamlar kimi xarakterlərinə, spesifik xüsusiyyətlərin bölünürlər. Kobudu, soyuqqanlısı, amansızı, rəhmsizi var, günəşlisi, qonaqpərvəri, ürəyiaçığı var. Bakı isə küləkli olanlardandır. Əsir, titrədir, üşüdür insanları, bəzən də öz qoynuna salıb isidir, qızdırır qəlbini adamların. Bakı cansız, ruhsuz deyil axı?! Tanrı boyda ürəyi bu şəhərin.
Qucaq açıb hamıya, yer verib hər kəsə öz yuvasında. Belə şəhəri fahişələr fahişəsi simvolunda görən şairin bəsirət gözləri bağlanıb, həqiqəti inkar edir. İnkarçılıq günahdır şair! Həqiqət göz deşdiyi halda onu danmaq nadanlıqdır. Sənə Qorxmaz Əlili kimi “məhlə uşağı” dərsi keçmək fikrindən uzağam. Amma 30 il sənə ürəyinin yağını yedirən Bakıya təpik atma, Rüstəm bəy!



Bakını sökən dostun Hacıbala Abutalıbova, ölkəni və Bakını tayfa-qəbilə təfəkkürü ilə idarə edən həmyerlilərinə, şəhərin neftini, dənizinin kürüsünü sümürüb satıb varlanan iqtidardakı qardaşlarına dillən şair. Biz görmüşük ki, şair etirazçı, inqilabı ruhda yazan olar. Nə Nazim Hikmət, nə Əhməd Qaya onu didərgin salan İstanbulu lənətlədi. Əksinə qürbətdə İstanbul deyib ağladılar. Və nə də İosif Brodski Moskvanı, Leninqradı “özünü satan şəhər” adlandırdı. Sən xitabın ünvanını səhv salmısan...


Yazıçı Rüstəm isə düşünməsin ki, üzünə bağlanan şəhər darvazalarının qarşısında gül-çələnglə milyonlar onu gözləyir. Birincisi, toplum 20 ildir gözləyir - “Vahid”i, “Lazım”ı, Rəsulu və indi də yazıçının dönüşünü. İkincisi Rüstəm bəy çoxdan Yılmaz Güney olmaq şansını itirib. Bunun üçün bioqrafiyaların müqayisəsi yetərlidir. Qəhrəmanlıq anın dərkidir. An gəlir, heç olmasa sizi gözləməkdə olan sıravi fədakar müxalifətçilərin ürəyi ilə oynamayın Rüstəm bəy. Axı qəhrəmanlıq anın dərkidir?! Siz ki bunu bilirsiz, hörmətli ssenarist...



  







суббота, 20 июля 2013 г.

Kamila Fəvvarələrdə...

Tarixi fərdlər yaradır, xalqlar yox. Xalqlar da yetişdirdiyi şəxsiyyətlərlə tanınır. Məsələn, Hüqo yaxud Molyer olmasaydı fransız xalqı qıraq-bucaqda qalardı. Ya da Çexovsuz, Qoqolsuz rus xalqını təsəvvür etmək olmur.
Türkiyədə isə vətəndaş mövqeyi ilə sənəti çulğalaşdıran şəxsiyyət axtarsaq ağla ilk gələn Yılmaz Güneydir. Bu günlərdə gəncləri başına yığıb onlara öyüd-nəsihət verən bir video çıxışına baxdım. Mən Yılmaz şəxsiyyətinə pərəstişimi gizlətmirəm.




Devrimçi rejissor Azərbaycanda politik zümrənin ümidlə gözlədiyi həmkarı Rüstəm İbrahimbəyovdan fərqi olaraq gənclərə inqilabın tək yol olmasından danışır. Sitat: “Türkiyədə gənc insanlara yaxşı yaşamaq üçün zəmin yaradılmalıdır. Ancaq bu dinamizmlə siz gənclər babadayılıq, qoçuluq həvəsinə düşərsiniz. Biriniz barın qarşısında öldürülər, birinizi siqaret, narkotik qaçaqmalçılığında ittiham edib həbsə atarlar. Kiminiz həbsdə xəstələnib ölər, kiminiz işgəncələrə məruz qalarsınız. Yox! Olmaz. Bir tək qurtuluş var - devrim”.



Yəni, gənclik etirazdır. Gənc olmaq qadağalara qarşı çıxmaqdır. Azərbaycanda gənclərin fəallığı mövsümi ya da spesifik xarakter daşıyır. O həqiqətdir ki, despotik rejimlərdə ya davamlı müqavimət ya da total susqunluq olur. Bizdə hər ikisi qüvvədən düşüb. Əsgər qətllərinə etirazdan savayı yaddaqalan kütləvi nümayiş keçirilməyib.
Gözləyirik yenə əsgər qətlə yetirilsin, (hərçənd son aylar yenə əsgər ölümü olub, amma etiraz yoxdur) onun meyitinin ürəkparçalayan, faciəvi şəkilləri yayımlansın, cuşa gəlib küçələrə çıxaq. Bunu həmin ərəfələrdə yazmaq olmurdu, adamı satqın çıxarar, daş-qalaq edərdilər. Bir tərəfdən də diqqətdə Aqşin Yeniseyin sayıqlaması idi.
Dözdük, səbr etdik. Təmkinlə proseslərin hara kimi cərəyan edəcəyini izlədik. Təşkilatlanmanın və hərəkatın nəzəri - praktiki baqajı olmadığı üzə çıxdı. Kortəbii etirazlar elə başlandığı kimi kortəbii sona yetdi. Demə, gənclərin ordudan başqa yarası, dərdi yoxmuş.




“Şəhidlər ölməz, vətən bölünməz” şüarı da çox bayağı idi. Sadəcə, ordudakı ölümlərə qarşı etirazların yeganə üstünlüyü II Əliyevin həbsə düşməyi adiləşdirməyi oldu. Nə ki adiləşir, o kütləviləşir. 
İndi kral arxayındır “sabitlikdir”. XVI Lüdovik də qeyd dəftərində “sakitlikdir” yazanda Bastiliyanın süqutuna saatlar qalırdı. Gənclərin Fəvvarələr meydanından Bastiliyaya yürüşü başlayanda İlham Əliyevin gəncləri zindanlara doldurması, yüksək cərimələr indiki kimi müvəqqəti işə yaramayacaq. Onda kral üçün gec olacaq. Buna qədər inamsızlıq və gənc lider çatışmazlığı sindromuna son qoyulmalıdır. Pərviz Cəbrayılın 5-6 il əvvəl “SPİD. İnam Çatışmazlığı Sindromu” başlıqlı yazısı tezislərimizə uyğun gəlir.




Məqalənin proloqunda liliputla evlənən dünya gözəlinin rəfiqəsi ilə dialoqu təsvir edilir. Rəfiqəsi gözəlin bədənində, üz-gözündə, qollarında cırmaq izlərini görüb zarafatyana “deyəsən zifah gecəniz çox ehtiraslı, alovlu keçib” deyə sual edir. Gözəl isə “yox e, nə ehtiras, liliput bütün gecəni üstümdə atılıb-düşüb deyirdi ki, inana bilmirəm bütün bunlar mənimdir”.
Harda inam ölür, o yerdə mübarizə dəfn olunur. Gənclərin liderlik çatışmazlığı da köhnə siyasətçilərin ambisiyalarına oxşayır. 20 illik uğursuzluqlarını ört-basdır etmək üçün əlacsızlıqdan Yılmaz Güney olmaq istəyən İbrahimbəyovu lider seçməli oldular. Amma gənclərin köhnə siyasətçilərin yolunu getməmək dilemması var. 



Bunun üçün Çili gənclik hərəkatının lideri, kommunist qız Kamila Valexonun müsahibəsində liderlik, təşkilatlanma və sosial şəbəkələrin roluna dair fikirlərini oxumaq kifayətdir:
 “Mən hesab etmirəm ki, bizdən kimsə anadangəlmə liderdir. Sadə həyati şərait məni bu mövqeyə qoydu ki, burada başqa biri də ola bilərdi. Belə alındı ki, bu anda rəhbərlər biz olduq. Bu hərəkat - böyük kollektiv işin nəticəsidir. Və onu yalnız cəmiyyət üçün daha üzdə olan bizdən olanlar deyil, bu cəmiyyəti hər gün quranlar yerinə yetirirlər”.



Kamilanın fikrincə, ictimai mübarizə  - xətti proses deyil: “Təkcə təzyiq göstərmək olmaz - vaxtaşırı bu prosesin nəbzini yoxlamaq lazımdır ki, müəyyən anda geri çəkilmək, qüvvələri yenidən təşkilatlandırmaq və bundan sonra yeni hücumu keçmək olsun. Mən düşünürəm ki, bizdə bu çatışmır, biz hələ bunu öyrənməmişik. Bu hərəkat - mütəşəkkil və çox şəxsi işin nəticəsidir. O, sosial şəbəkələr sayəsində yaranmayıb. Onun quruluşu və inkişafı bir çox illər əvvəl başladı və bu günkü nəticə - müxtəlif siyasi qüvvələrin fəaliyyəti və yetişməsinin, onların aralarında qarşılıqlı təsir göstərmələrinin məhsuludur. Sosial şəbəkələrin rolu bu hərəkatın yaradılmasından deyil, onun sürətləndirilməsindən ibarətdir. Onun yaradılması isə - bizim yoldaşların uzunmüddətli şəxsi işinin nəticəsidir ki, bu da heç bir halda nə Feysbukda, nə İnternetdə, nə də Tvitterdə öz əksini tapmayıb”.