пятница, 11 января 2013 г.

İşgəncələr statistikaya çevriləndə...

Yunan filosofu Antisfenin hikmətli kəlamı ilə razılaşmamaq olmur - yaramaza hakimiyyəti vermək, dəliyə qılınc verməkdən pisdir. Çünki bir yığın yaramaz, bir ovuc vecsiz və xalqdan olmayanların əlində qalmışıq. Hakimiyyətə mafiya, ölkəyə kriminal “zon” kimi baxanlar üçün dünən Turac Zeynalov, bu gün Ceyhun Qubadov, srağagün Pərviz İsgəndərli, ötən həftə Pərviz Mikayılov, bir başqa tarixdə isə Eldar Novruzovun tələf edilməsi quru statistika, sıravi ölüm, bədbəxt faciədən o yana keçmir.



Statistika isə kütləvilik, artım, tarix və norma deməkdir. İnsanların istintaq orqanlarında, polis idarələrində, güc strukturlarının zirzəmilərində, orduda işgəncə ilə qətlə yetirilməsi müharibə vaxtı səngərlərdə döyüşçülərin ölüm xəbəri kimi adiləşib.
Biz Eldar Novruzov çürüdülərək öldürüləndə səbr etdik, Daşkəsəndə 7 əsgər gülləboran olanda ümid etdik, Pərviz İsgəndərlinin daxili orqanları satışa çıxarılanda dözdük, Turac Zeynalov vəhşətini görəndə bu sondur düşündük, Pərviz Mikayılov asılanda isə daha yetər söylədik. Çox çəkmədi ki, üç ayın əsgəri Ceyhun Qubadovun meyitinin anasının üstünə “ürək çatışmazlığı” adı ilə göndərildiyini eşitdik.
Və bu son deyil - normadır. Cəzasızlıq mühitində bu hallar nə azalacaq, nə də son qoyulacaq. Bir həftə sonra həbsdə, orduda və ya güc qurumlarının “padval”ında məhv edilərək ailəsinə cəsədi verilən vətəndaşın xəbəri çıxsa daha təəccüblənməyin.



Çünki C.Qubadov da statistikaya çevrilən cinayətlərdən biri idi və növbə ilə hakimiyyət hər evə “qara kağız” göndərəcək. Çünki Azərbaycanda əsgəri söyürlər. Azərbaycanda əsgərə işgəncə verirlər. Azərbaycanda əsgərin ana-bacısını təhqir edirlər. Azərbaycanda əsgərin diş fırçasını, ayaqqabısını, mobil telefonundan konturunu, pulunu, mənəviyyatını, şəxsiyyətini əlindən alırlar. Azərbaycanda əsgəri öldürürlər.
Azərbaycan hərbçiləri əsgər öldürür - Azərbaycan əsgərini. Azərbaycan ordusunda əsgər kişilik, mərdlik, vətənpərvərlik, ailəni, torpağı, xalqı qorumaq məktəbi keçmir. Bunu birmənalı şəkildə qəbul edin, əzizlərim. Azərbaycan o ölkədir ki, əsgər komandirini, zabitini söyür - qəzəbindən, hiddətindən, ona verilən əzablardan, incidilməkdən. Komandirini sevən əsgər yoxdur, ola da bilməz. Ceyhun Qubadov da onlardan biri idi. Bezdiriblər, sıxışdırıblar, döyüblər, alçaldıblar, öz işlərini ona gördürməyə məcbur ediblər. Orduda xidmətə nifrət yaradıblar.


Qüruruna sığışdırmayıb, məğrur dayanıb, döyüblər, işgəncə veriblər, ürəkləri soyumayıb axırda öldürüblər. Kim nə necə istəyir elə qəbul etsin - amma hərbi xidmət başqasının corabını yumaq, ayaqqabısının bağını bağlamaq, komandirə su gətirmək, “molodoy-dembil” iyerarxiyası deyil. Nə vaxta qədər bu sərsəm, iyrənc ordu “sistemi” davam edəcək? Məqsədiniz nədir? Deyin bilək. İndi hansı valideyn oğlunu hərbiyə göndərəcək?
Sadəcə, Ceyhun Qubadovun ölümü müstəqil Azərbaycanın tarixindəki növbəti nakişilikdir. Qubadovun evində artıq başıpapaqlı qalmadı. Di, indi danışın da. Ramil Səfərovdan,  dolmanın bizim xörək olmasından, “Sarı gəlin”dən, İsa bulağından, “Eurovision”dan, erməni idmançıya olimpiyada qalib gəlməkdən. Heç utanırsınızmı? Vicdanınız sızıldayırmı? Bu ölkənin hər tərəfinə daş hasarlar çəkmisiniz, səkilərə mərmər daşlar hörmüsünüz. Amma orduya sağlam göndərilib, meyiti gətirilən əsgərlərin valideynləri onlara baş daşı qoymağa da pul tapmır. Ceyhun buna bariz nümunədir.

Yanvarın 10-da izlədiyim sujetdə hansısa xırdabuynuzlu məmur telefonda baş daşı üçün min dollar ailəsinə göndərəcəyindən ürəkdolusu danışırdı. Ailəsi isə pul yox, qatili tələb edirdi. Qatil tapılacaq, fərd olaraq kimsə formal olaraq cəzalandırılacaq. Bu heç nəyi dəyişməyəcək.


P.S. Mənsə bütün baş verənlərin günahını insanlığa düşmən kəsilən SSRİ-də görürəm. Stalinin vaxtında “soldat”ı döyürdülər, Xruşşovun dövründə əsgərin daxili orqanları xaricə satırdılar, Brejnev daha mənfur idi - orduda “dedovşina”ya göz yumurdu, əsgərlərin yeməyini, maaşını əlindən alırdı, hətta onun rəhbərliyində sifəti çürüdülən əsgərə sahib çıxmırdılar...  
P.S.S. Bu günlərdə “facebook”da qarşıma çıxan replika xarakterli şeir isə bu illərimizi təsvir edir:
Vətən məni yetişdirib bu orduya yolladı
Ordu məni tələf edib, ailəmə ismarladı...

 





суббота, 5 января 2013 г.

Diana və Faina


...Və beləcə gəlib çıxdıq Diana Melazzi haqda yazmağa. O Diana ki, 2009-cu il Roma həbsxanasında asılmış vəziyyətdə tapıldı. Bu italyan solçu qadın ilk növbədə faşizmin yarandığı ölkədə apardığı hünərli mübarizəsinə görə diqqətimi çəkmişdi. 


                                                                                                                                   (Diana)

Dianın üzv olduğu “Qırmızı briqada”nın əsası hələ 1970-ci ildə Alberto Françesko və Marqarita Kaqol tərəfindən qoyulmuşdu. Məqsədi silahlı müqavimət göstərməklə devrimçi bir dövlət qurmaq olan “Qırmızı briqada”çıların devizi “bir adamı vur, 100 adamı xilas et” idi. Militarian solçu qruplaşmasının üzvü olan Diana isə ömürlük azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmişdi. Çünki 2002-ci ilin martında İtaliya hökumətinin müşaviri Marko Biacini qətlə yetirmişdi. Biaci İtaliyanın Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı sənədinin hazırlanmasında məsul şəxs idi.





Amma Diananın müqavimət dövrünün sonu bir həbsə bənd imiş. Ömürlük həbs cəzası qərarından apelyasiya şikayəti versə də, məhkəmə hökmü qüvvədə saxlayır və o, çıxış yolunu intiharda görür. Bu da edam kürsüsündə üsyanın susqunluğu. Bu da qışqırtı içində döyüşən qiyamçının səssiz ölümü. Dar ağacına gedən yolda ədalətin bir gün mütləq günəş kimi bəşəriyyəti isidəcəyinə inanan solçunun çıxış yolunu intiharda tapması zəiflikdir məncə. Avropanı bir vaxtlar lərzəyə gətirən qadının intiharını sadəcə inamsızlıqla bağlayıram. Halbuki solçunun inamsızlığı nonsensdir. İnamsızdırsa solçu deyil. Diana isə intihara əl atmaqla sol cinahda duranları sanki inamsız olmağa çağırdı.





Həbsdən qaçış yollarını axtarmaq əvəzinə intihar etmək - qətldir. Qatil də sən, qurban da sən. O, silahdaşlarının köməyi ilə həbsdən qaça bilərdi. Doğrudur, bu çox çətin görünürdü. Çünki onu paytaxt Romadakı Rebibbia həbsxanasında təkadamlıq kamerada saxlayırdılar. Bununla belə, Diananın intihar etməməsi üçün ciddi nümunələr vardı.
Gəlin, baxaq- 2007-ci ildə Ştutqart məhkəməsi “Almaniyanın ən qorxulu qadını” inqilabçı Brigitte Monxauptu azadlığa buraxdı. Əfsanəvi “Alman Qırmızı Ordusu”nun (RAF) liderlərindən olan Monxaupt 1982-ci ildən həbsdə idi. Ümumilikdə 57 illik ömrünün 30 ilini məhbəsdə keçirib.



Elə həmin vaxt İspaniyada “Karmen” ləqəbi ilə tanınan başqa bir inqilabçı qadın – Belen Penyalvu 467 il həbs cəzasına məhkum olundu. Baskların ETA qruplaşmasının fəalı olan Karmen 1999-cu ildən həbsdədir. Onu 1985-ci ildə 1 nəfərin ölümü ilə nəticələnən Madrid teraktında suçlayıblar. Monxaupt ilə Karmen də Diana kimi inqilaba 70-ci illərdə gəliblər. Ancaq ümidsiz inqilabçı qadınlardan biri azadlıqda, digəri isə azadlığa çıxmaqda inamlıdır. Diana da yaşasaydı, mübarizəsi davam edəcəkdi. Görünür, immuntetində İNAM çatışmazlığı var idi.  İntihar isə onun savaşına son qoydu. Azərbaycanın payına bu silsilədən Faina Kunqurova düşür. ADP üzvü olmuş yəhudi əsilli qadın həbsdə ağır xəstəlik ömrünü yediyi vaxt-ölüm ayağında qürurla dayandı. Nə intihar etdi, nə əfv istədi...

среда, 26 декабря 2012 г.

Suriya. Əsəd sosialistdirmi?


“Qərb bizi xilas edəcək” - Ostap Bender sarkazmla yazmışdı. Yankisevər lümpen və obıvatellərimiz də ona inanmışdı. Ki, Benderin “xilaskarı” indi gələr, bu dəqiqə gələr. Ta 2011-ci ilin əvvəlindən yolunu gözləyirlər. Ərəb yarımadasına səadət gətirənlər o gözəlliyi bizə bəxş etməsələr də, 2 ildir xoş qədəmlərini qədim Suriya torpaqlarına basıblar. 





Bəşər Əsəd antibəşərdir, tirandır, zalım padşahdır və monarxdır. Ancaq onun sosialist olduğunu iddia edənlər yenə yanılır. Bəziləri özünə sosialist deyən hər debil hakimiyyəti gözümüzə soxmağa çalışır. Bil(məy)ərəkdən: baxın, sizin solçu liderlər anti-xalqdır.
İndi nə edək ki, Şimali Koreya çuxçesi bala Kim Çe, atasından hakimiyyəti vərəsə kimi alan II Əsəd özünə sosialist deyir? Ona qalsa YAP da nizamnaməsində özünü sol təmayüllü göstərib. Onları sol əqidənin ayağına yazası deyilik ki?! Suriyada baş verənlərə gəlincə, orada nə inqilab, nə gerilya var. Sadəcə müharibədir. Bu müharibədə Qərb də Əsəd qədər xalqı qırğına verməyə hazırdır. Belə olmasaydı baş verənləri sükutla qarşılayıb, quru bəyanatlarla yola verməzdi.
Dünya KİV-i yazır ki, Suriyada 100 mindən çox (!!!) adam öldürülüb. XXI əsrdə bu qədər adamın tələf edilməsi nə dərəcədə ağılabatandır? 100 min haaa. İnanmıram. Yox, əgər belədirsə, onda genosiddir. Bəs, sülhpərvər ABŞ bu qədər adamın ölümünə niyə göz yumur? Liviyaya tələsik NATO qoşunlarını soxanlar adekvat münasibəti niyə Suriyada nümayiş etdirmir?



Burdan iki nəticəyə gəlirik: ya Suriyada öldürülənlər haqda dünya KİV-nin yaydığı rəqəmlər şişirdilib, ya da Qərb hamının gözü önündə baş verən qətliamlara şou kimi baxır. Vaxtilə Çauşevksini də devirəndə Qərb telekanalları kütləvi qırğınları əks etdirən görüntülər tapa bilmədiklərinə görə, Rumıniyada morqlardan əcəli ilə ölən insan cəsədlərini çəkib yayımlayırdılar. Başqa nümunə - Liviyada Qəzzafi öldürülənə qədər Qərb KİV-i yazırdı ki, onun əsgərləri insanlara işgəncə verir, körpələr, qocalar qətlə yetirilir. Buyurun, Qəzzafinin qətlindən az sonra nüfuzlu, obyektiv olduğuna şübhə etmədiyiniz “Freedom House” təşkilatı hesabatla çıxış etdi və bəyanatında deyilirdi ki, Qəzzafi əsgərlərinin bir adama da işgəncə verdiyi qeydə alınmayıb.
Deyəcəksiniz ki, yəqin Qəzzafi o dünyadan səhradan çəkdirdiyi su kanalı vasitəsi ilə bu təşkilata rüşvət yollayıb. İndi də oxşar xəbərlər Suriya haqda yayılır. Gah Əsəd çörək növbəsinə duran uşaqları, cavanları kimyəvi silahla öldürür, gah bombalar yağdırır. Bəs kim öldürür, kimlər döyüşür sualına gəlincə, çox uzağa getməyin, əlinizin altında “youtube” var...
                                              

понедельник, 26 ноября 2012 г.

Kafkanın “dövləti”...

Elita və ya bir neçə mərtəbəli bürokratiya aparatı. Elita cərgəsinə yalnız kobud, rəhmsizlər bir sıçrayışla yol aça bilirlər. Kor iradələri hər şeyə qadir olan, qabağına çıxanın kim olursa-olsun səadətinə qəsd edənlər gec-tez insan talelərinin hakimi kəsilir. Mənafe birliyi onları instinktiv olaraq həmrəy edir.



Kütlə isə pərakəndə, birlikdən, sağlam düşüncədən uzaq hər hansı kobudluq qarşısında aciz, iradəsiz və durğundur. Kim ona hökm etməyə qadirsə, kütlə taleyini ona tapşırır, hətta onun əlində qara əməllər üçün vasitəyə belə çevrilir. Kafkanın “Sükançı” novellasında bu “ideya” lakonik şəkildə öz əksini tapıb. İllərlə gəminin sükanı arxasında duran sükançıya qəfildən kimsə hücum çəkir, onu itələyərək kapitanlığı ələ keçirir. Sükançı güclü adamdan gəmi heyətinə şikayət edir. Hamı bir-bir başını yırğalaya yırğalaya göyərtəyə qalxır və təzə sükançıya yaxınlaşır.



Onun sükan arxasında dönməz, əbədi, qətiyyətli duruşuna baxıb, susaraq yerlərinə - kayutaya qayıdırlar. Beləliklə, kütləyə onun üzərində kimin hökmranlıq etməsi fərq etmir. Cilov nə qədər sərt, möhkəm və zəhmli əldədirsə, toplum bir o dərəcədə arxayın, tez ram olandır. Kafka üçün bu məsələdə həyat 2 mərtəbəlidir:
Yuxarıda qasırğanın, tufanın təsir edə bilmədiyi ölməz Dövlət Aparatı, aşağıda isə hər addımı nəzarət və təzyiq altında olan əzilmiş kütlə. Dövlət qorxunc bir qüvvə şəklində günahsızları mühakimə edir, nə vaxtsa və hardasa məzlumu bir dalan dibində tutub köksünə xəncər sancır.
Oruellin “1984” romanı da dövlətin kütləni necə qorxaq, düşünmək azadlığından məhrum edən bir qara, əbədi aparat olduğunu göstərir. Oruell onu da yazır ki, kütləşən kütlələrə müqayisə imkanı verilməyənə qədər təzyiq altında yaşadıqlarını hiss etmirlər.



Xortdan dövlətin terrorundan qoruna bilməyənlər, yekunda yenə dövlətə sığınırlar. Məsələn, son illər Azərbaycanda yüzlərlə istehlakçı dövlət adamlarının himayəsində olan tikinti şirkətləri tərəfindən aldadılıb, amma yenə dövlətə üz tutublar. Minlərlə adamın evi Bakının Baş Planı adı ilə uçurulub, yenə vətəndaş dövlətdən mərhəmət umub. Nəqliyyatda, məişətdə, kommunal xərclərdə qiymətlər dövlət tərəfindən rəsmi şəkildə kəllə-çarxa qaldırılıb, toplum bu dəfə də dövlətə sığınıb. Dövlət Aparatı isə Kafkanın dəqiqliklə qorxunc qüvvə kimi təsvir etdiyi hərbə-zorba, qulyabani və işgəncə administrasiyasıdır. Qara magiyaya oxşayan Dövlət yuxarıda qeyd etdiyimiz elitanın arqumentidir - axı dövlət qərarıdır?! Yəni, dövlət qərar verirsə, şərh oluna bilməz. Çünki sökülən evlər də, qalxan qiymətlər də ayrı-ayrı monopolistlərin yox, dövlətin qərarıdır. 



Beləcə, mənafe birliyi Kafksayağı elitanı həmrəy edir - onlar dövlət planı adı ilə evləri sökür, bazarda qiymətlər bahalaşdırır, qanunları sərtləşdirir, büdcə pullarını yenə də dövlətin abadlıq siyasəti ilə küçələrə səpir, daş-divara hörür, havaya sovururlar. Əvəzində kütlələrə oxunan əbədi nəğmə - “dövlətlə dövlətçilik etmək olmaz” nəqarəti dillərdə əzbərə, şüurlarda “ailə tərbiyəsinə” çevrilir. Mürgülü ovqatda olan belə toplumları yuxudan oyatmağın yolu onları diksindirməkdən başlayır. Diksindirmək - heyrətləndirmək, şok effekti yaşatmaq, təbliğ və nəhayət təşkil etməkdir. Harada insan var, orada inqilablar labüddür...

***                                            
İnqilabın labüdlüyünü şərtləndirən ən mühüm amil xalq zülmünün ərşə dirənməsidir. “Şərə qalib gələn Xeyir, şərə rast gəlməyən Xeyirdən böyükdür” deyəndə əslində Berdyayev inqilabi şəraitin yetişməsi üçün xeyirin şərlə mütləq toqquşmalı olduğunu nəzərdə tuturdu. İrticanın onilliklərlə tapdağı altında köləyə çevrilən qullar günün birində özünəvurğun və arxayın axmaq despotlara qarşı üsyana qalxır. Dünənə kimi təbliğ olunan sabitlik, inkişaf və xalqın yeknəsəq lideri mifologiyası bir göz qırpımında dağılır. Xalqların əbədi, ümummilli və dahi öndərləri kütlələrin qisas ehtirasıyla aşıb-daşan etirazları ilə qarşılaşır.



Heykəllər uçurulur, dahi öndərin ətrafındakı halqa daralır, bu günə kimi ona qucaq açıb, əl uzadıb qardaş deyən Qərb isə üzünü çevirir. Başlanır diktatorların Qərbi satqın, işğalçı, imperialist elan etməsi. Bu gün bəşər Əsədin timsalında analoji mənzərənin şahididir. Vaxtilə Baptista, Stressner, Düvalye, Noryeqa da eyni məzmunlu çıxışlarla qurtuluş yolu axtarıblar. Bu gün Əliyevin son çıxışları, isterik addımları da Əsədin, Noryeqanın taleyini yaşayacağı ehtimallarını gücləndirir. Tiranlar oxşardır - ətlənir, piylənir, iylənir və sonda sallaqxanaya göndərilir...
  

суббота, 17 ноября 2012 г.

Gənc adamlar

“Bizim ölkəmizdə gənclik yoxdur, gənc adamlar var” - vaxtilə ispan filosofu Unamuno bu aforizmi yazanda təkcə öz ölkəsini və dövrünü nəzərdə tutmamışdı. Aforizmlərin aktuallığı ondadır ki, lokal, məhəlli miqyas daşımırlar. Onlar bəşəridir, nəsillərin mübahisə zəminidir, tədqiqat tələb edən mülahizələrdir.



Bu baxımdan Unamunonun fikri müasir Azərbaycan üçün yad sayılmaz. Bizdə gənclik qocalıq dövrünü yaşamağa başlayıb. Çoxları tələsik “müdriklik” mərhələsinə qədəm qoyublar. Kimisi “filosof”, kimisi “yorğun siyasətçi”, kimisi də 10 sutkalıq inzibati həbsdən sonra özünü Nelson Mandela hesab edir - təbii ki, öz aləmində. İnqilabın yarımçıq sublimasiyasını yaşayan “Çe-çilər”, şeirin bir hecasını yaza bilməyən “Pablo Nerudalar”, seks və bakirəlik problemindən yazmaqla (əgər bu problemdirsə) kitabcıqlarını ciddi ictimai yüklü roman sayanlar, siyasətdən gedib qayıdanlar, (əgər siyasətdəydilərsə) “Bandotdeli” tərifləyənlər, arxı keçməmiş hop deyib özünü “lider” hiss edənlər, iki adamın biri-birini şillələməsindən bezib ictimai sektordan istefa verənlər, (guya mübarizədən yorulublar) hətta “gənc ziyalı” adlandırılanlar və daha kimlər gənclik dövrünü artıq başa vurduqlarından bixəbərdirlər. Onlar gənc ola bilmədilər, tezliklə yaşlılığa can atdılar.
Kafka isə nəsillər arası mübarizəni əhəmiyyətsiz və saxta sayırdı. O yazırdı ki, qocalıq - gəncliyin əvvəl-axır çatacağı gələcəkdir. Nəyə lazımdır bu mübarizə? - daha sürətlə qocalmaq üçün. Oğulun ataya qiyamı isə ədəbi-siyasi mühitin köhnəlmiş problemidir. Bizim gənclər isə inqilabın təbii intibah dövrünü təkamüllə yetişdirmək əvəzinə, əks-inqilabçılıq ruhunu özlərinə və ətraf mühitə aşılamağa başladılar. Mübarizə başlamamış - mübarizə, döyüşə psixoloji, ideoloji hazırlıq getmədən, hələ təcrübə toplamayıb, bərkişməmiş meydana atılmaq fədakarlıq kimi qələmə verildi. Kədərli və təəssüfedici nəticə göz qabağındadır: uduzmuş siyasətçilərin yolunu gedənlər onların taleyini yaşadılar. 





Böyüklərinin çatdığı Kafkasayağı qocalığa tezliklə yetişdilər. Və özlərini yandırdılar. Halbuki, rəqibi öz meydanında məğlub etmək üçün yola çıxanların ilk taktiki hədəfi düşmənin ərazisini intellektual və ideoloji cəhətdən işğal etmək olmalı idi. Biz o zaman gənclik olacaqdıq, amma olmadıq. Sadəcə, gənc adamlara çevrildik. Nəticəsi də buyurun - sosial şəbəkələrdə mübarizənin imitasiyası ilə məşğuluq.

Kamyunun söylədiyi kəlamlardan birini xeyli vaxtdır qulağımda “sırğa” etmişəm: “Gəncliyimdə insanlardan onların verə biləcəklərindən daha artığını tələb edirdim - daimi dostluq və hisslərdə sədaqət. İndi isə onların verə biləcəyindən daha azını istəyirəm - mənimlə yanaşı olmaq və susmaq”.
Susmaq vaxtıdır cənablar, susmaq. Ağzımızı 7 metr yekəlikdə açıb hər gün mütilik edib “rejimi devirmək lazımdır” deməkdənsə, susmaq daha cazibədar görünür. O devrimin yollarını axtarmaq gərəkdir.    
                                                                                      


     


вторник, 9 октября 2012 г.

Çe və Siruz


“Mən Ernesto idim, sadəcə Ernesto. Siz də sadəcə bir şey olaraq mövcud olacaqsınız. Çe olmağı isə özüm istədim. Siz də inansanız olacaqsınız, əgər inansanız...”.


Argentinalı doktor Ernestonu Çe edən inam idi. İnam isə imandan daha güclüdür. İnamsız imanlı olmaqdansa, inamlı imansızlığı üstün tutardım. Bu gün isə əfsanəvi inqilabçının Boliviyada tələf edildiyi gündür. O cismən ələ keçirilmişdi, ideyaları isə Nəimi kimi artıq çoxdan beyinləri “korlamışdı”. Ona görə də tarix və gələcək nəsillər üçün Çenin 9 oktyabrda öldürülməsi elə bir əhəmiyyət kəsb etmir. O ki ideyalarda yaşayır?!

  

Mən ilk dəfədir Ernesto barədə yazıram və YAP-ın “Dədə Qorqud”u Siruz Təbrizlinin onun barədə söylədiyi fikirlər cəlbedicidir. Sitat: “Çe Gevaraya marağın artması elə-belə deyil. Mənim də cavanlıqda ideallarımdan biri Çe Gevara olub. Vaxtilə Azərbaycan televiziyasında 45 dəqiqə Çe haqqında veriliş aparmışam. Dünya insanlarını, xüsusilə gəncləri onun haqq-ədalət yolunda şəhid olması cəlb edir. Çe Gevaraya rəğbət varsa, bu çox tutarlı siqnaldır. Buna göz yummaq olmaz, reaksiya vermək lazımdır”.
S.Təbrizli vurğulayır: “Çe artist, müğənni, idmançı, ya da Ronaldo deyil ki, deyim futbol oynayır, qəşəng oğlandır deyə, şəklini gəzdirirlər. Bu adam siyasətçidir, haqq uğrunda şəhid olub. Qoy araşdırılsın ki, niyə bu cavanlar iki həftədə bir kitab yazan, böyük filosof, böyük akademik Ramiz Mehdiyevin şəklini köynəklərinin üstündə gəzdirmirlər, amma uzaq Argentinada anadan olub Kubada, vuruşan, Boliviyada şəhid olan Çe Gevaranın şəklini gəzdirirlər?”. 




Düşündürücü və geniş mülahizələrə yol açan ifadələrdir. Lakin Azərbaycanda Çenin gənclər arasında populyarlığı hələlik ekstensializmdən başqa heç nədir. Sadəcə, Çenin rəsmi olan köynəyi geyinib öz aləmində, xəyalında inqilabçı hissini keçirirsən. Bu isə müvəqqəti romantizmdir. 


Çenin atributlarından istifadə edənlər vaxtı gələndə ondan imtina edəcəklər. Çe olduğu yüksəklikdə qalacaq, onlar çıxıb gedəcəklər. Çünki onlar üçün fərq etmir - Çe Gevara, yoxsa Murat Çeçeli, yaxud da Çingiz Qənizadə (ÇQ). Əsas odur ki, dəbdə olanı yaşasınlar. Çe isə nə nağıllardakı romantik qəhrəmandır, nə də mifologiya. O tarixdir, tarixsə odur.


Çe isə tarixə, bəşəriyyətə, haqsızlığa qalib gəldiyini sözü ilə deyil, əməli ilə sübuta yetirmiş inqilabçıdır. O mübarizə aparıb, biz mübarizədən yazırıq. O inqilab edib, bizdə inqilabın imitasiyası ilə məşğuldurlar. Çeni tanımayanların bu gün onun rəsmi olan köynəkləri geyindiyini, sabah həmin lüpmen çoxluğun Ramiz Mehdiyevin şəkili olan papaq, köynək, burloklardan istifadə etdiyini görsəm qətiyyən təəccüblənmərəm...   



понедельник, 1 октября 2012 г.

“Şirin bülbül”


Sabit Rəhmanın “Şirini bülbül” adlı hekayəsi var. İroniya üslubunda yazılmış bu hekayə dövrümüz üçün aktuallığını itirməyib. Ümumiyyətlə, S.Rəhmanın hekayələrinə söz ola bilməz, oxumaq məsləhətdir. Bu hekayə isə məndə ürəkbulanma, qusma və başqa ifrazat hissləri oyadan hakimiyyətin seçki “texnologiyasını” yada saldı. Hekayə Müsavat hökumətinə ithaf olunsa da, qiymətli reallıqlar var. Bakıdan kəndə gələn hökumət nümayəndəsi Cəlil Naim əfəndi camaatı meydana toplayıb boçkanın üstündə çıxış etməyə başlayır.


Təxminən 3 saat irandan - turandan, itdən-qurddan danışan nümayəndə axırda görür hamı dağılışıb, bircə çoban qalıb. Nümayəndə özünü sındırmamaq üçün çobana tərif yağdırır, onu dinləməyənləri savadsız, müti adlandırır. Çoban da qayıdır ki, “hörmətli bəy, sizin dediklərinizdən bir şey anladımsa köpəyoğluyam. Prosta gözləyirəm nə vaxt o boçkanın üstündən düşəcəksən, boçka mənimdi aparım evimə”.
Azərbaycanın son 20 ilində iqtidar olmuş hökumətləri xalq dinləmədi. “Şirin bülbül” hekayəsində olduğu kimi. Nə Elçibəy, nə Mütəllibov, nə də Əliyevlər iqtidarına xalq qulaq asmadı, sözlərini bu qulağından verib, o birindən buraxdı. Beləcə, xalqın hökumətə inamı sarsıldı. Bu da özünü seçkilərdə xüsusi göstərdi. Xalq nə deputatlığa namizədə, nə də prezidentliyə namizədə qulaq vermədi, hamı bir ağızdan “vız gelir” dedi. Bu ölkədə heç kim səs verməyib, vermədi. Ya səsini satanlar var - ucuz qiymətə, ya da “onsuzda seçki heç nəyi dəyişməyəcək” devizini əldə bayraq tutanlar var. Nəticədə, “deputatiçka” Gülər Əhmədovanın “Bu ölkədə 1 seçici var” sözü rəsmən təsdiqini tapdı.
Gülər kimi mövcud iqtidara heç kim belə radikal müxalifətçilik etməmişdi, bu cür zərbə vurmamışdı. Gülərin ağzı ilə danışan və Elşad Abdullayevlə alver edən dəllaları - İlham Əliyevi, Ramiz Mehdiyevi, Ramil Usubovu, Kəmaləddin Heydərovu, Zakir Qaralovu və başqa maklerləri canlı gördük. İlk dəfə onlarla üz-üzə gəldik və xalq olaraq gözlərinin içinə baxdıq. Onlar isə başıaşağı, rəzil və urvatsız ovqatda idilər. Elşad Abdullayev isə Gülər Əhmədovanın deyil, sistemin və Əliyevin videosunu yaymış oldu. Biz Elşadla - İlhamın video-dialoquna baxırdıq. Bu ölkəni, onun seçkilərini, Milli Məclisini “Vosmoy” bazarına döndərib mandatı piştaxtada satanlara isə xalq 20 il öncə yox deyib, “Şirin bülbül”dəki kimi...
Şəhərə qayıdan Cəlil Naim əfəndi kəndlərdə firqənin hörmətli olduğundan, hər tərəfdə əmin-amanlıq hökm sürdüyündən, əhalinin onları necə nəzakətlə qarşıladıqlarından danışır...