четверг, 26 июня 2014 г.

Partizanlığın hind gözəli - “Quldurlar kraliçası”

“Mən doğulanda itdən də dəyərsiz biri idim, indi isə kraliçayam. Əslində çoxdan ölmüş olmalı idim, amma hələ canlıyam. Qoy şahidliyim, taleyimin təkrarlanmamağı üçün yer üzündəki bütün yoxsullara və əzilmiş qadınlara uzanan bir əl olsun...”.






Hindistanın “Robin qud”u, “Quldurlar kraliçası”, əfsanəvi partizan Pulan Devinin bu iki sətirlik sözləri həyatının ən ifadəli leytmotividir, bəlkə də. Devinin 14 yaşından dağlarda, əlində silahla keçən həyat hekayəsi başlanğıcından sonuna qədər faciələrlə zəngindir.
Həyatda zəngin yaşamaq yox, həyatını zəngin yaşamaq istəyən adamlar məhz tarixdə qala bilir. Müasir dövrün unudulmaz qəhrəmanı olan Pulan Devi də belələrindəndir.

***

Bu qadının partizanlıqdan millət vəkilliyinə qədər getdiyi yol haradasa Türkiyənin “Qızıldərə” faciəsində yeganə sağ qalan, Mahir Çayanın silahdaşı, bu gün isə millət vəkili olan Ərtuğrul Kürkçünü mənə xatırladır. Bu hind gözəlinin bioqrafiyası mənim üçün qəhrəmanlıq salnaməsidir. Ondandır ki, haqqında kitablar yazılıb, filmlər çəkilib.
O, 1963-cü ildə Hindistanın Jalaun bölgəsində ən aşağı kastaya mənsub bir kasıb ailədə dünyaya gözünü açır. Ailənin 4 uşağından biridir. Erkən vaxtda - 11 yaşında zorla ərə verilir. Özü də 30 yaş böyük adama.
Evdə yediyi yumruq - dayağa, işgəncələrə tab gətirməyib qaçmaq qərarı verir. Qaçarkən quldurlar tərəfindən yaxalanır, onlar tərəfindən dəfələrlə təcavüzə məruz qalır. Hamar bir tale yaşamayan Pulan quldurların əlindən qaçsa da, intiqam hissi ilə alışıb-yanırdı.
Odur ki, bu arzuyla quldurlara qoşulur. Dəstənin liderinə aşiq olur, onunla evlənir. Amma çox çəkmir ki, əri öldürülür, Devi dəstənin başına keçir, özünü “Quldurlar kraliçası” elan edir, varlılara, zadəganlara qarşı savaşır. Bu artıq o vaxtıydı ki, Devin yeniyetməydi.

***

Təşkilatın içində yerini möhkəmlədən cəsur qadın Behmai kəndində ona təcavüz etmiş bütün kişiləri sıraya düzərək öldürür. Devi qisasını alır. Onun əmri ilə 22 kişi qətlə yetirilir. Sonra ələ keçir və məhkəməyə çıxarılmadan barəsində 11 il həbs cəzası kəsilir.
Lakin namusunu təmizləmiş qadının mübarizəsi həbsxana hücrəsində başa çatmır. Onun aldığı mənəvi zərbə ömrünün axırına qədər qadınlara zorakılıq etmiş kişilərə və varlılara qarşı mübarizənin təməl prinsipinə çevrilir. Və bu gün də dünyada əzilən qadınların simvolu kimi qəbul olunmaqdadır.

***





Devinin həbsxana əzabları bitmək bilmirdi. Səhhətində isə ciddi problemlər var idi. Onu zindanda təşkilatının kişi üzvləri ilə birlikdə saxlayırdılar. Amma səhhətində yaranmış ağır əzablara görə həbsdən xəstəxanaya yerləşdirilir, burada isə haqqında əfv verilir. İndi irəlidə “Quldurlar kraliçası”nı daha əzmli, silahsız, toplumun, əzilən qadınların hüquqları uğrunda dinc mübarizə gözləyir.
Beləliklə, dağlardan enən, həbsxanadan çıxmış partizan hind gözəli xalqının hüquqlarını parlamentə müdafiə etməyə başlayır.
Eynilə Ə.Kürkçü kimi. Dəniz Gezmişləri xilas üçün ordu ilə toqquşmadan sağ çıxan 13 gəncdən biri olan Kürkçü uzun müddət həbsxanada işgəncələrə məruz qalır. Azadlığa çıxandan sonra parlament üzvü olur. Bu gün də Demokratik Xalq Partiyasının lideridir.
Devi isə yoxsul ailədən çıxmış təhsilsiz, oxumağı-yazmağa bilməyən bir qız idi. Ancaq təhsilsiz millət vəkili hind xalqının sevgisini qazanır, baş nazir olmağı hədəfləyir. Bu o zamandı ki, İngiltərə parlamenti onun Nobel mükafatına namizədliyini irəli sürmüşdü. Devini qabaqda Nobel və baş nazirlik gözləyirdi.
Amma xalqın rəğbətini qazanmış qadının baş nazirliyə gedən yolunu məhz partizanlıq dövründə yarımçıq qoyduğu bir bədbəxtlik kəsir.

***





Devi 2001-ci ildə öldürülür. Onu vaxtilə Behmaidə öldürdüyü kişilərin intiqamını almaq istəyən bir adam qətlə yetirir. Ölkə üçün şok terapiyasındadır. Bu hadisəyə görə Hindistanda etiraz aksiyaları baş qaldırır. Xalq hökuməti Devinin təhlükəsizliyini yaxşı təmin etməməkdə günahlandırır. Bəli, hökumət millət vəkilinin mühafizəsini təşkil etməliydi...
Ölümünə qədər 14 yaşından dağlarda döyüşən, ömrünün 11 ilini həbsdə keçirən Quldurlar kraliçası oxumağı və yazmağı bilmədiyi üçün bütün yaşadıqlarını iki yazıçıya danışır. Bu kitab iki yazıçının 8 ay ərzində Hindistana etdiyi 8 səfərdən sonra ərsəyə gəlir. Kitab “Quldurlar kraliçası” adlanır. Onun isə macərası sonun başlanğıcında - Behmai hadisəsinə görə bitir…















Комментариев нет:

Отправить комментарий